Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''dan nə gözləyək?

''Qarabağ''dan nə gözləyək?

Tarix: 24 Oktyabr 2019 12:04

Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turunda "Qarabağ" evdə APOEL-i qəbul edəcək. Üç turdan sonra 3 xalla ikinci pillədə qərarlaşan Ağdam klubu tarixində ilk dəfə qrupdan çıxmaq üçün ən real şanslardan birini qazanıb.

Bu mövsüm Çempionlar Liqasının 3-cü turunda "Qarabağ" məhz APOEL səddinə ilişərək, mübarizəni dayandırmışdı. Yenidən üz-üzə gələcək olan bu iki komandanın oyununa böyük maraq var. Dünənki statiskaya görə, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirləcək oyuna 25 mindən çox bilet satılıb. Bəs bu vacib oyunla bağlı mütəxəsislər nə düşünür?

AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Qol.az saytına açıqlamasında bu oyunun APOEL-in sonuncu şansı olacağını deyib:

"Çox vacib bir oyundur. Qrupdan çıxmaq üçün 6 xala bərabər bir oyundur. Hər iki komanda da bu oyunun məsuliyyətini dərk edir və çox ciddi yanaşır. APOEL-in evdə "Qarabağ"a məğlub olması artıq qrupdan çıxmaq şansını heçə endirir. Kimsə deyir ki, qarşıda hələ qrup oyunları var, amma mən düşünürəm ki, bu tur APOEL-in sonuncu şansıdır. "Qarabağ" da dərk edir ki, bu oyunda məğlub olmamalıdır. Qələbə qazanarsa, bu, artıq qrupdan çıxmaq deməkdir"

Onun fikrincə, bu axşamkı oyunun 3 yox, 6 xal dəyərindədir: "Düzdür, tələsmək lazım deyil. Ancaq bu oyun böyük ölçüdə qrupda 2-ci yeri müəyyən edəcək. "Düdelanj"ın APOEL-i məğlub etməsindən sonra qrupdan çıxmaq bir qədər də real göründü. Ancaq bu, futboldur, hər şey ola bilər. Yadınızdadırsa, "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində səfərdə APOEL-ə qalib gəlmişdi. Ancaq təəssüf ki, evdə məğlub oldu. Tək bir oyuna köklənmək və motivasiya olmaq çox asandır. Ona görə də düşünürəm ki, asan matç olmayacaq. Axşamkı oyun 3 yox, 6 xallıq oyun olacaq. Futbolda ən sevmədiyim şey proqnozdur. Ən yaxşı mütəxəsis belə dəqiq bir proqnoz deyə bilmir. İndi dəbdədir ki, ilandan, tısbağadan, fildən proqnoz alırlar. Bunlar hamısı boş şeydir. APOEL "Qarabağ"ın dişinə görə bir rəqibdir və nəticəni axşam görəcəyik".

“Qəbələ”nin sabiq meneceri Səbuhi Səfiyarlı APOEL-lə oyunun "Qarabağ" tarixinin ən vacib oyunu olduğunu düşünür:

"Qarabağ" özü də başa düşür ki, bu oyun onlar üçün çox tarixi şansdır. Bir oyundan çox şey asılıdır. Bəlkə də, axşamkı oyun "Qarabağ"ın tarixində, məşqçilərinin, futbolçularının karyeralarındakı ən vacib oyun, ən lazımlı qələbədir. Çünki bu matçda qalib gəlsə, səfərdəki oyunda məğlub olsa belə, şansları qalacaq. Bildiyimiz kimi, azarkeşlərin də oyuna çox böyük marağı var. Demək olar ki, biletlərin böyük hissəsi satılıb. Hamı - mütəxəsislər, azarkeşlər belə başa düşür ki, "Qarabağ"a qələbə lazımdır. Bunun özü artıq ən böyük motivasiyadır. Belə oyunlarda motivasiya çox önəmlidir. Məncə, bu, "Qarabağ"ın qələbə qazanmağına çox kömək olacaq"

Səbuhi Səfiyarlıya görə, Ağdam klubunun qrupdan çıxmağı 70-80 faiz bügünkü oyundan asılıdır:

 "Qarabağ" bunu bacarmalıdır. Adi riyazı hesablama aparanda görünür ki, bu oyun növbəti mərhələ üçün çox vacibdir. Bu qələbə "Qarabağ"ın işinin böyük hissəsini görmüş olacaq. Ustalıq səviyyəsinə görə, APOEL "Qarabağ"dan elə də üstün deyil. "Qarabağ"ın bu matçda səhv etmək ixtiyarı demək olar ki, yoxdur".

Millimizin sabiq üzvü Bəxtiyar Musayev "APOEL"in "Qarabağ"la matça son oyun kimi baxdığını bildirib:

"Bu oyun "Qarabağ" üçün ən vacib tarixi görüşlərdən biridir. Evdəki oyun "Qarabağ"ın qrupdan çıxmaq şanslarını bəlli edəcək. Həddindən artıq çətin matç olacağını düşünürəm. Komandalar bir-birilərinə layiqli rəqibdirlər. APOEL də "Qarabağ" üçün asan rəqib deyil. Düşünürəm ki, qrupda ikincilik uğrunda mübarizə son tura qədər davam edə bilər. Könül istərdi ki, APOEL-lə 2 oyundan sonra da böyük üstünlük əldə edək. Amma məncə, qrupun son oyununa qədər 2-ci məlum olmayacaq. "Qarabağ"ı qarşıda çox çətin oyunlar gözləyir. APOEL rəsmiləri, həm də azarkeşləri bu oyuna son oyun kimi baxırlar. Görünür, onlarda motivasiya da çox yüksəkdir. Ümid edirəm ki, sonda gülən tərəf "Qarabağ" olar və oyunu qələbə ilə başa vurar".

Məftun RƏSULZADƏ

 


Etiketlər:  Qarabağdan gözləyək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR