Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2023 11:14
Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunu qaçırmağa cəhd edən "Oğulların çağırışı" qeyri-hökumət təşkilatının (QHT) üzvləri arasında parçalanma yaranıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə QHT-dən məlumat verilib.
Qeyd edilir ki, QHT idarə heyətinin genişləndirilmiş iclasında təşkilatın fəalı, ikinci Qarabağ müharibəsində məhv edilmiş erməni əsgərin anası Aquard Martirosyanın (Qayane Akopyan) qurumun sıralarından xaric edilməsi barədə qərar qəbul edilib.
"Buna səbəb onunla ifadə olunan ideoloji fikir ayrılıqlarıdır. Onu da nəzərinizə çatdırırıq ki, "Oğulların çağırışı" ictimai təşkilatı bundan əvvəl elan etdiyi yolda mübarizəsini davam etdirir", - təşkilatdan bildirilib.
Xatırladaq ki, mayın 17-də "Oğulların çağırışı" ictimai təşkilatının üzvlərinin baş nazirin oğlunu qaçırmağa cəhd etməsi barədə məlumat yayılıb. Sonuncu polisə şikayət edib, bundan sonra Ermənistan İstintaq Komitəsi adam oğurluğu maddəsi ilə cinayət işi açıb. Cinayət işi çərçivəsində bir nəfər - Qayane Martirosyan həbs edilib.
Sonradan onun barəsində həbs-qətimkan tədbiri dəyişdirilib, ev dustaqlığı seçilib. Lakin həmin gün İrəvanın Baş Yurisdiksiya Cinayət Məhkəməsinin hakimi Manvel Şahverdyan ev dustaqlığının 1 ay 15 sutka həbslə əvəz edilməsi barədə qərar çıxarıb.
O, sonra vəkillərindən əl çəkib və özünü təqsirli bilib. Məhkəmənin qərarı ilə qadına 4 il həbs cəzası verilib.