Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2023 23:44
Rusiya hakimiyyəti "Vaqner" özəl hərbi birləşməsinin xarici ölkələrdəki özəklərinə qarşı hücuma başlayıb.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, artıq birləşmənin Suriyadakı hissələrinin 4 əsas komandiri Rusiya hərbi polisi tərəfindən həbs edilib.
Səudiyyə Ərəbistanının "Əl-Hadas" telekanalının yaydığı məlumata görə, Suriyanın cənubunda "Vaqner"in Əs-Süveytdəki rəhbəri, Hmeym aviabazasında isə digər 3 komandir saxlanıb. Telekanalın mənbələri bildiriblər ki, Rusiya hərbi polisi şirkətin Deyr-əz-Zor, Hame və Dəməşqdəki ofislərində də olublar.
Qeyd edək ki, bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Vladimir Putinə xarici həmkarlarından Yevgeni Priqojinin özəl şirkətinin ətrafında yaranan vəziyyətlə bağlı həmrəylik müraciətlərinin daxil olduğunu bildirib. Lavrov özü də bir neçə xarici həmkarı ilə bu istiqamətdə müzakirə apardığını qeyd edib.
2022-ci ilin dekabrında Priqojin "Vaqner"in Mərkəzi Afrika Respublikasında dövlət çevrilişinin qarşısını aldığını, Suriyada, Donbasda Rusiyanın dövlət maraqlarını qoruduğunu, öz media imperiyasının köməyi ilə ABŞ-ın Rusiyadakı seçkilərə müdaxiləsinin qarşısını aldığını bildirmişdi. İyunun 23-də isə o, hətta ABŞ-da bir sıra əməliyyat həyata keçirdiklərini bəyan edib.
Bu gün həmçinin Vladimir Putin "Vaqner" qrupuna daxil olan "Konkord" şirkətinin maliyyə fəaliyyətinin yoxlanmasını tapşırıb. Onun dediyinə görə, şirkət bir ildə Müdafiə Nazirliyinin sifarişlərindən 80 milyard rubl gəlir əldə edib.