Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramov nikaraqualı həmkarı ilə görüşüb

Ceyhun Bayramov nikaraqualı həmkarı ilə görüşüb

Tarix: 6 Iyul 2023 21:09

İyulun 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Nikaraquanın xarici işlər naziri Denis Ronaldo Monkada Colindres ilə görüşüb.

Sonxeber.net xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı tərəflər beynəlxalq çoxtərəfli platformalarda, xüsusilə də Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətlər və gələcək planlar barədə ətraflı müzakirə aparıblar.

Nazir Ceyhun Bayramov Qoşulmama Hərəkatı çərçivəsində sədrliyimiz dövründə ölkəmizin təşəbbüslərinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Nazirlər ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, xarici işlər nazirlikləri arasında mütəmadi əsasda məsləhətləşmələrin keçirilməsinə dair razılıq ifadə ediblər.

Nikaraquanın xarici işlər naziri Denis Ronaldo Monkada ölkəsinin Azərbaycanın QH-yə uğurlu sədrliyini və Azərbaycan Prezidentinin QH sədri qismində COVID-19-a qarşı mübarizə ilə bağlı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri təqdir etdiyini bildirib.

Tərəflər beynəlxalq gündəlikdəki cari məsələlər, o cümlədən regional vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində "Kolonializmin tamamilə aradan qaldırılmasına doğru" mövzusuna həsr olunmuş tədbir keçirilib.

Bakıda keçirilən görüşdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir.

"Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik.

Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir".


Etiketlər:  Ceyhun Bayramov nikaraqualı həmkarı ilə görüşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ