Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2019 15:48
Bakı. Trend:
UNEC-in Ekonofizika Tədqiqat Mərkəzində “Enerji daşıyıcılarının qiymətinə ekonofizik baxış” mövzusunda tədbir keçirilib.
UNEC-in rektoru, professor Ədalət Muradov "Elm həftəsi" çərçivəsində keçirilən tədbirin yeni elm sahəsi olan ekonofizikaya həsr olunduğunu bildirib. UNEC-in dünya səviyyəli universitet olması üçün böyük elmi potensiala malik olduğunu deyən rektor, bu potensialdan istifadə edərək rəqəmsal iqtisadiyyat və ekonofizika kimi yeni elm sahələrində uğur əldə ediləcəyinə əminliyini vurğulayıb. Ekonofizikanın iki elmin kəsişməsindən yarandığını qeyd edən rektor, bugünkü tədbirdə enerji daşıyıcılarının qiymətinə ekonofizik baxışın ortaya qoyulacağını diqqətə çatdırıb.
UNEC-in Ekonofizika Tədqiqat Mərkəzinin rəhbəri, professor Şahlar Əsgərov mövzu ilə bağlı təqdimatla çıxış edib. Professor təqdimatında Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Enerji Agentliyinin hesabatlarından istifadə edərək, enerjinin iqtisadi tərəqqiyə təsirini açıqlayıb. Enerji resursları zəngin olan ölkələrdə əhalinin rifah halının daha yaxşı olduğunu deyən Ş.Əsgərov, bəzi dövlətlərin makroiqtisadi göstəricilərini və adambaşına düşən enerji asılılığını qrafik təsvirlərlə göstərib. Təqdimatın sonunda professor auditoriya qarşısında “Tərəqqi üçün hansı yolu seçək: enerjinin qiymətini qaldıraq yoxsa, endirək?” sualını qoyub.
Tədbirdə mövzu ilə bağlı suallar cavablandırıldıqdan sonra, müzakirələr aparılıb. Müzakirələrdə enerji daşıyıcılarının qiymətinə iqtisadi baxışın qoyulmasının əhəmiyyəti qeyd edilib. Enerji daşıyıcılarının qiymətinin aşağı olduğu ölkələrin xarici investorların diqqətini daha çox cəlb etdiyi vurğulanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin