Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurban Qurbanov: "Bizi ciddi, çox istəkli rəqibə qarşı oyun gözləyir"

Qurban Qurbanov:

Tarix: 25 Iyul 2023 22:30

"Bizi ciddi, çox istəkli rəqibə qarşı oyun gözləyir".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Polşada "Rakuv"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, bu komanda oyun nizam-intizamı baxımından digərlərindən çox fərqlənir: "Bu rəqiblə Türkiyədəki toplanışda üz-üzə gəlmişik. Amma komandada xeyli dəyişiklik var. İndi daha intizamlı və keyfiyyətli kollektiv olublar. Rəqibi yaxından tanımaq üçün sabah meydanda vaxtımız olacaq. Biz də bu matça ciddi hazırlaşmışıq. Yaxşı mübarizə aparmağa çalışacağıq. İnanıram ki, azarkeşlərimizi sevindirə biləcəyik".

Əvvəlki duellərdə Polşa təmsilçilərinə qalib gəlmələri ilə bağlı məsələyə toxunan çalışdırıcı bu cür statistikalar haqqında düşünmədiyini söyləyib: "Bu rəqibə də ciddi yanaşırıq. Qarşımızdakı komandanın kimliyindən asılı olmayaraq, hər bir oyuna hazırlıqlı olmağa çalışırıq. Əvvəlki matçları düşünsək, bizə mane ola bilər. Azarkeşlərimizə demək istərdim ki, narahatlıq yoxdur. Onların bizdən uğurlu nəticə gözləmələri məni sevindirir. Digər tərəfdən, yəqin, rəqibin ciddi olması onları narahat edir. Sabahkı oyunda son dəqiqələrədək diqqətli olmalıyıq".

Qurbanov Türkiyə "Rizespor"unun transfer siyahısında olan Kevin Medinanın məsələsinə də aydınlıq gətirib: "Bu gün bizim heyətimizdədir, sabahkı oyuna hazırlaşır. Komanda ilə bütün məşqlərdə iştirak edib. Hələ ki bizim oyunçudur".

Təcrübəli mütəxəssisin sözlərinə görə, "Rakuv"un Polşa çempionatında "Korona"ya qarşı matçının təxirə salınması rəqibin "Qarabağ"la oyuna ciddi yanaşdığını göstərir: "Əvvəlki matçları nəzərə alsaq, komanda 3-4 gündən bir oyun keçirib. Növbəti çempionat görüşlərinin təxirə salınması rəqibin məsuliyyətindən, bizə ciddi yanaşmasından irəli gəlir. Federasiya da cavab qarşılaşmasının Bakıda olmasını nəzərə alaraq, "Rakuv"un müraciətinə müsbət cavab verib".

Baş məşqçi yeni transfer Juninyonun "Rakuv"la ilk matçda meydana çıxma ehtimalının az olduğunu vurğulayıb: "Komanda ilə yüngül məşqlərə başlasa da, tam hazır deyil. Bu cür görüşlərdə oynaması riskli ola bilər. Amma yenə də həkimlərlə məsləhətləşəcəyik".

Qurbanov yoxlama oyunları ilə Çempionlar Liqasındakı matçların fərqli olduğunu diqqətə çatdırıb: "Hazırlıq qarşılaşmasında hər iki komanda eyni formada ola bilməz. Sadəcə, həmin qarşılaşmada "Rakuv"un gücünü, aqressiyasını və nizam-intizamını gördük. Bu gün meydanda daha güclü kollektiv var. Bacardığımız qədər məlumat topladıq. Bu rəqiblə Çempionlar Liqasında oynamaq bizim üçün də maraqlı olacaq. "Rakuv" bizə hər hansı sürpriz hazırlaya bilər. Buna hazır olmalıyıq".

Qeyd edək ki, iyulun 26-da keçiriləcək "Rakuv" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Milli.Az


Etiketlər:  Qurban Qurbanov Bizi ciddi çox istəkli rəqibə qarşı oyun gözləyir


RƏYLƏR