Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2023 22:06
Azərbaycan Respublikasının öz sərhədlərinə nəzarət və Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə təsis etdiyi Laçın sərhəd buraxılış məntəqəsinin mövcudluğunu həzm edə bilməyən Ermənistan tərəfinin ölkəmiz ilə razılaşdırmadan Azərbaycanın suveren ərazilərinə "humanitar yük" adı altında avtomobil konvoylarını göndərməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsddir, Laçın sərhəd keçid məntəqəsinə qarşı növbəti təxribatdır.
XİN-dən Sonxeber.net-a bildirilib ki, Ermənistan tərəfinin Moskvada, o cümlədən, hazırkı vəziyyətlə bağlı ətraflı müzakirələrin aparıldığı danışıqlardan dərhal sonra belə bir addım atması bu ölkənin prosesdə səmimi olmadığını, vəziyyəti gərginləşdirməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyətində olduğunu göstərir.
15 iyun tarixində Laçında sərhədçilərimizin atəşə tutulması, qaçaqmalçılıq hallarına cəhd edilməsi daxil olmaqla, Ermənistan tərəfinin sözügedən təxribatı, bu ölkənin məkrli təcavüzkar siyasətdən əl çəkmədiyinin bariz nümunəsidir.
Bu təxribat bir daha göstərir ki, Ermənistanın "bölgədə gərgin humanitar vəziyyət" iddiaları bu ölkənin manipulyasiyası və qeyri-qanuni fəaliyyətləri davam etdirmək niyyətindən başqa bir şey deyil.
Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün "Ağdam-Xankəndi" yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürməsinə və bu təkliflərin Avropa İttifaqı, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bütün təkliflərə, eləcə də Azərbaycanın qeyd etdiyi yollar vasitəsilə BQXK tərəfindən yüklərin daşınmasına qarşı çıxması, müvafiq humanitar fəaliyyətə maneçilik törədilməsi, alternativ yollara beton maneələr düzməklə əraziyə girişin bloklaması onların humanitar vəziyyət barədə iddialarının siyasi şantaj olduğunu göstərir. Bu addımlar, humanitar fəaliyyəti siyasiləşdirməklə yanaşı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmasına dair bəyanatlarla ziddiyyət təşkil edir.
Qeyd edilən təxribatda Avropa İttifaqının Ermənistandakı Missiyasının və diplomatik korpusun da alət edilməsi, bunun əvvəlcədən planlaşdırılmış addım olduğunu nümayiş etdirib.
Bu kimi təxribatlardan əl çəkməyi Ermənistan tərəfindən bir daha tələb edirik.