Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rubl “çökməkdə” davam edir: Azərbaycana nə kimi təsirləri olacaq?

Rubl “çökməkdə” davam edir: Azərbaycana nə kimi təsirləri olacaq?

Tarix: 14 Avqust 2023 12:18

Rubl "çökməkdə" davam edir. Bu gün Rusiya rublunun dollara nisbətən məzənnəsi psixoloji həddən aşağı düşüb. Artıq 1 dollar almaq üçün 100 rubldan çox vəsait ödəmək lazımdır. Son 2 ayda 22 faiz dəyər itirən rubl 2023-cü ildə 35 faizə yaxın ucuzlaşıb. Bu o deməkdir ki, bu il rubl ilə yığım edənlərin pulu real ifadədə dəyərinin 1/3-dən çoxunu itirib.

Milli.Az xəbər verir ki, bu sözləri iqtisadçı-alim,deputat Vüqar Bayramov qeyd edib.

O bildirib ki, Rusiyanın enerji gəlirlərində də kəskin azalmalar qeydə alınmaqdadır:

"Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, bu ilin birinci yarısında Rusiyanın neft ixracatı 120.4 milyard dollardan 77.4 milyard dollaradək azalıb. Bu o deməkdir ki, Rusiyanın neft gəlirlərində 65.0 faiz azalma var. Ümumi ixracatdakı azalmalar rubla təzyiqi daha da artırıb.

Rublun kəskin ucuzlaşmasının Azərbaycana təsirlərinə gəldikdə isə bu ilin ilk yarısında ölkəmizin 14 milyard 755 milyon dollarlıq ixracatının cəmi 3.5 faizi Rusiyanın payına düşüb. Deməli, ixrac yolu ilə ölkəyə daxil olan valyutanın strukturunda Rusiyanın payı olduqca azdır. Azərbaycanın 22 milyard 953 milyon dollarlıq ticarət dövriyyəsinin isə cəmi 8.3 faizini Rusiya formalaşdırıb.

Bu baxımdan, rublun ucuzlaşmasının Azərbaycana daxil olan valyutanın həcmi xüsusi təsirləri olmasa da belə Rusiyadan ölkəmizə göndərilən remitensinin (bir ölkədən digərinə göndərilən vəsait) həcminə təsirsiz ötüşməyəcək. Rusiyada iqtisadi çətinliklər Azərbaycana göndərilən remitensilərin həcminin azalda bilər. Digər tərəfdən, rublun ucuzlaşmasının valyuta bazarımıza psixoloji təsirlərini də diqqətdən qaçırmaq olmaz. Bununla belə, rubl daxil olmaqla bir sıra tərəfdaş ölkə valyutalarının zəifləməsi manatın nominal effektiv məzənnəsini daha da möhkəmləndirir. Bu da qeyri-neft ixracatımıza təsirsiz ötüşməyə bilər. Rusiyada fəaliyyətini davam etdirən Azərbaycanlı iş adamlarının da həm yığımlarını, həm də sərmayə qoyluşlarını şaxələndirmələri çox vacibdir. Rusiya iqtisadiyyatı artıq yeni mərhələyə qədəm qoyub. Bu onun bütün qonşularından daha yaxşı hazırlıqlar tələb edir".

Milli.Az


Etiketlər:  Rubl çökməkdə davam edir Azərbaycana kimi təsirləri olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ