Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Balonlarla qızılları kimə qaldı, zəhərləndiyi sübuta yetirildimi? - İlhamənin MÜƏMMASI

Balonlarla qızılları kimə qaldı, zəhərləndiyi sübuta  yetirildimi?  - İlhamənin MÜƏMMASI

Tarix: 17 Avqust 2023 21:00

Bu gün Azərbaycan incəsənətində özünə xas yeri olan Xalq artisti İlhamə Quliyevanın doğum günüdür. O yəqin ki, ən təzadlı xarakteri olan sənət adamlarındandır. Haqqında səslənən fikirlər birmənalı deyil. Hətta ölümündən sonra belə, İlhamə qalmaqallara səbəb ola, maraq oyandıra bilir.

Sonxeber.net lent.az-a istinadən Azərbaycan incəsənətində özü qarışıq demək olar ki, hamıya ad vermiş İlhamə barədə danışır.

Özünə Primadonna təxəllüsünü seçmişdi. Mənası birinci xanım demək idi. Sənətkarlığına güvənərək Dədə Qorqudun missiyasına sahiblənmiş, sənətini sevdiyi müğənnilərə də müxtəlif təxəllüslər bağışlamışdı. Ümumiyyətlə, 2000-ci illərin əvvəli Azərbaycan estradasında bir ad almaq, özünə təxəllüs seçmək bumu yaşanırdı, hamısı da qəribə səslənirdi.

Kimsə Qızıl Şlyager olurdu, kimsə Nömrə bir, kimsə Qızılsəs, kimsə MM, Kimsə F.A, kimsə Toylar kralı, kimsə Əjdaha, kimsə Barbi, kimsə Şahzadə, kimsə Faytonçu. Saymaqla bitməz. İlhamə bu dəstənin önündə liderlik etmək üçün Primadonna oldu.

Onun yaradıcılığını iki səhifəyə bölmək olar. Doxsanıncı illərə qədər və sonra. 90-cı illərə qədər tanıdığımız İlhamə daha çox gözəlliyi, ana-atasının şöhrəti sayəsində ortada olsa da, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Rəşid Behbudov başqa böyük ( baxmayaraq ki fərqli janrlarda idilər və müqayisə edilməzdir) sənətkarların kölgəsində qalmışdı. Dövr dəyişincə çox daşlar yerindən oynadı. Həmin İllərdə İlhamə Quliyeva "Neylərsən?" mahnısı ilə populyarlıq qazanıb zirvəyə qalxdı və bir daha o zirvədən enmədi. Endirmək üçün çalışanlarla savaş açdı, qalmaqallar yaşadı.

İlhamə Quliyeva 1943-cü il avqustun 17-də Lənkəranda prokuror Məzahir Quliyev, xanəndə Tükəzban İsmayılovanın ailəsində dünyaya gəlib. Atasının işi ilə əlaqədar olaraq 5 yaşına qədər Şəkidə yaşayıblar. 6 yaşı olanda valideynləri ayrılıb. Tükəzban İsmayılova tarzən Həbib Bayramov ilə ailə həyatı qurur. İlhamə Quliyeva Həbib Bayramovu öz doğma atası kimi təqdim edirdi. Söz düşəndə "Quliyeva İlhamə Məzahir qızıyam. Şöhrət ordenini mənə yazanda, vəsiqəmdə atamın adı Həbib yazılıb. Məzahir Quliyev məni yaradıb, Həbib Bayramov tərbiyə verib" deyirdi. Hər iki atadan ona var-dövlət miras qalmışdı. Gəncliyindən bu sayədə hamıdan fərqlənir, liderlik etməyi sevirdi.

O çox şey bilirdi. Bildiyi çox məlumatlardan da gah qarşı tərəfi şantaj edib susudurmaq, gah özünə boyun əyrdirmək üçün istifadə edirdi. Bu mənada çoxları onu sevirmiş kimi görünür, üzünə gülür, dostları sırasında olmağa çalışır, ya da sadəcə yaltaqlanırdılar. İlhamənin nüfuz dairəsi böyük idi, istədiyi adamı özü demiş qaldırıb-endirə bilirdi.

Çoxları üçün qəddar, eqoist görünən bu qadının bir də hamıdan gizli, tamamilə fərqli bir üzü var idi. İçi özünü yandırırdı, çölü özgələrini.

Çox gözəl qadın idi. Amma qadın kimi səadəti yox idi. Nə ömürlük yoldaşı var idi, nə doğma övladı. Ömür boyu düşmən olduğu Xalq artisti Flora Kərimova ilə də problemlərinin kökündə ortaq sevgi, ortaq kişi dayanmışdı. Deyilənə görə, gözəl qadınları möhkəm qısqanırmış, bu xasiyyətindən özünün də zəhləsi gedirmiş. Xalq artisti Nazpəri Dostəliyeva ilə də bu səbəblə yola gedə bilmirdi. Nazpəri xanıma da "Nazlı Pəri" təxəllüsünü taxsa da, o qəbul etməmiş, hətta efirdə, canlı yayımda aralarında çox sərt mübahisə olmuşdu. İlhamə xanım, "Mən söz yemirəm, yedizdiririəm" deməklə özünə qarşı çox sərt reaksiyalar toplamışdı. İş o həddə çatmışdı ki, ölkənin qaziləri yığışıb ona qarşı bəyanat vermişdilər.

"Qarabağ Qaziləri" İctimai Birliyi Mədəniyyət və Turizm Nazirliyinə, Milli Teleradio Şurasına, telekanalların rəhbərlərinə, KİV-lərə və rəsmi dövlət qurumlarına İlhamə Quliyeva haqqında şikayət vermişdilər.

Haqqında çox şaiyələr gəzirdi. Buna çox zaman özü səbəb olur, amma keçib gedərkən arxasında yaratdığı fırtınalara, toz buluduna yuxarıdan aşağı bir baxış atıb acı-acı gülümsəyirdi.

Gənclikdən onunla dostluq etmiş müğənni Firuzə İbadovanın dediyinə görə, İlhamə göründüyü qədər sərt deyilmiş, qalxanını əlinə yalnız özünü müdafiə etmək lazım olanda götürürmüş. Ömrünün son 30 ilində İlhamənin qalxanı əlindən heç düşmədi.

İlhamə vətəndaş nikahında yaşadığı, adı hamıya naməlum olan bir kişidən hamilə qalsa da, övladını dünyaya gətirmədən itirir. Əslində sonralar bir şaiəyə də çıxdı ortaya, Flora adlı bir xanım İlhamənin doğma qızı olduğunu desə də, məlumat təsdiq olunmadı. İlhamə rəfiqəsi Firuzə İbadovanın ailə problemləri üzündən uşağını abort etdirmək istədiyini biləndə xəstəxanaya gəlib, onu bu işdən yayındırıb. Doğulandan sonra uzun müddət Firuzə xanımın qızı Hülyanın yeməyini o alıb verib. Üzdə deməyi sevməsə də, uşaq evlərinə, qocalar evlərinə ərzaq alıb göndərir, qazan-qazan isti yeməklər aparırmış. Münsif kimi qatıldığı musiqi müsabiqəsində cavanlara pul verirmiş ki, efirə abırlı geyimdə çıxsınlar.

Bir oğulluğu var. Orxan adında. Ölümündən sonra mirasını ona bağışlamadı. Onunla da problem yaşayırdı. Uzun illər köməkçisi işləmiş prodüserinin onu zəhərləyərək asta-asta öldürdüyünü də deyirdi. Sağlığında balonlar dolusu qızıllarım, brilliantlarım var deyib öyünürdü. Ölümündən öncə dostlarına deyirmiş mən öləndə bacımın uşaqlarını içəriyə buraxmayın. Ölümündən sonra üzə çıxan qohum-əqrəbalar bu miras üzündən qalmaqal yaratdılar. Hərçənd kim nə pay qopardı hələ də bəlli deyil.

Ona sağlığında "musiqi mafiyasının babası" da deyirdilər. Ölümündən sonra çoxları onun yerinə göz diksə də, heç kim İlhamə ola bilmədi. Sağlığında İlhamənin onları əzməsindən gileylənənlər ölümündən sonra azad olduqları zəncirlər üçün darıxdılar, İlhamənin yeri görünür dedilər. Sultan Süleymana qalmayan dünya birinci xanım İlhaməyə də qalmadı. Ondan qalan yalnız dillər əzbəri olan deyimləri, söhbətləri və bir də qalmaqallarının, çətin xarakterinin belə kölgə sala bilmədiyi mahnıları oldu.


Etiketlər:  Balonlarla qızılları kimə qaldı zəhərləndiyi sübuta yetirildimi İlhamənin MÜƏMMASI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ