Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2023 16:34
Avropa İttifaqı Azərbaycan əsilli rusiyalı biznesmen Fərhad Əhmədovu sanksiyalar siyahısından çıxarmağa hazırlaşır.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "OilPrice" nəşri Avropa İttifaqındakı mənbələrə istinadən yazıb.
Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsindən sonra Avropa İttifaqı bu ölkəyə qarşı bir neçə sanksiyalar paketi qəbul edib. O cümlədən 1800-dən çox fiziki və hüquqi şəxslərin aktivlərini dondurub. Bu siyahıda Putinə yaxın bir sıra iri oliqarxlar və məmurlar yer alır.
Avropa İttifaqı Fərhad Əhmədovla bağlı fikrini dəyişdi
Nəşr bildirir ki, Avropa İttifaqı sanksiyalar siyahısını sentyabr ayında yeniləməyə hazırlaşır. Avropa İttifaqının hüquq xidmətindəki mənbələr deyiblər ki, siyahı yenilənməzdən əvvəl üç rusiyalı biznesmenin-Aleksandr Şulqinin, Fərhad Əhmədovun və Qriqor Berezkinin üzərindən sanskiayaların götürülməsi gözlənilir.
Fərhad Əhmədov 2022-ci ilin aprelində bir sıra digər rusiyalı oliqarxlarla birlikdə Avropa İttifaqının sanksiya paketinə daxil edilib.
Sanksiyaların tətbiqindən sonra Azərbaycan əsilli biznesmenin "Luna" adlı yaxtası da Almaniyanın Hamburq limanında bloklanıb.
Nəşr bildirir ki, Fərhad Əhmədov hazırda Rusiya hakimiyyəti və prezident Putinlə əlaqələrinin olmadığını əsas gətirərək sanksiyaların götürülməsi üçün Avropa Məhkəməsinə müraciət edib.
Avropa İttifaqının hüquqşünasları bildiriblər ki, biznesmenin məhkəməni udmaq şansı böyükdür. Çünki onun sanksiyalar siyahısına daxil edilməsi barədə qərar köhnəlmiş informasiyalar əsasında verilib.
Belə ki, Avropa İttifaqının rəsmi jurnalında Əhmədov "Kremlə yaxın və iqtisadiyyatın müxtəlif sektorlarında işləyən, o cümlədən qaz hasilatı şirkətlərinin hesabına Rusiya Federasiyasının hökuməti üçün əhəmiyyətli gəlir mənbəyi təmin edən aparıcı biznesmen" kimi göstərilir.
Fərhad Əhmədov təslim olmur və döyüşü davam etdirir
Lakin Avropa İttifaqında F.Əhmədovun işi ilə tanış olan mənbələr deyiblər ki, o sanksiyalar siyahısından çıxarılmalıdır. Çünki onun adı sanksiyalar siyahısına köhnəlmiş informasiyalar əsasında daxil edilib və biznesmenin məhkəməni udmaq şansı böyükdür.
Haqqın.az Brüsseldəki mənbələrdən dəqiqləşdirib ki, Avropa İttifaqının hüquq xidmətində biznesmenin işi ilə bağlı iki dəfə dinləmə olub, bu dinləmələrdə ona qarşı sanksiyaların tətbiq edilməsi üçün əsaslar nəzərdən keçirilib. Hansı ki, belə arqumentlərdən biri kimi F.Əhmədovun 2015-ci ildə Rusiya ilə Türkiyə arasında yaranmış böhranın aradan qaldırılmasında vasitəçilik etməsi göstərilirdi. Avropa İttifaqı biznesmenin bu prosesdə müəyyən rolunun olmasını onun "Putinə yaxınlığının" sübutu kimi qiymətləndirib.
Fərhad Əhmədov Türkiyə ilə Rusiya arasında nizamlama prosesinə Türkiyənin ovaxtkı xarici işlər naziri Mövlud Çavuşoğlunun xahişi ilə qoşulmuşdu
Əslində isə mətbuatdan bəllidir ki, F.Əhmədov Türkiyənin o zamankı xarici işlər naziri və uzun illərdir şəxsi dostluq münasibətlərində olduğu Mövlud Çavuşoğlunun xahişi ilə prosesə qoşulub və Türkiyənin maraqları naminə öz nüfuzundan istifadə edərək Ankara ilə Moskva arasında münasibətlərin bərpasında müəyyən rol oynayıb. Bu barədə Mövlud Çavuşoğlu özü əvvəllər Türkiyə KİV-lərinə müsahibələrində danışıb, o cümlədən Rusiya və Türkiyə KİV-lərində bu haqda yazılıb.
Mənbələr onu da bildiriblər ki, F.Əhmədovun adı sanksiyalar siyahısına salındıqdan sonra Mövlud Çavuşoğlu özü də Türkiyənin xarici işlər naziri statusunda Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali komissarı Jozef Borrelə məktub göndərərək F.Əhmədovun onunla şəxsi dostluq əlaqələrinə görə Ankara ilə Moskva arasında vasitəçilik etdiyini, biznesmenin Putinin və ya Rusiya rəhbərliyindəki digər şəxslərin tapşırığı ilə bu prosesdə rol almadığını rəsmən təsdiq edib.
Əhmədovun işi üzrə növbəti dinləmələrin sentyabrın ortalarında keçirilməsi nəzərdə tutulurdu. Lakin Avropa İttifaqının hüquq xidmətinin hazırladığı rəydə göstərilib ki, F.Əhmədovun Kremlə və ya Putinə bağlılığı təsdiq olunmur, o sərvətini özü qazanıb və sanksiyaların ləğvi üçün qaldırdığı iddianı məhkəmədə udmaq ehtimalı böyükdür. Ona görə də Avropa İttifaqı sentyabrın ortalarında biznesmenə qarşı sanksiyaları götürməyə hazırlaşır.
F.Əhmədov "Qazprom" la 12 illik qarşıdurmadan sonra sahibi olduğu "Nordqaz" şirkətindəki səhmlərini hələ 2012-ci ildə "Novatek" şirkətinə sataraq Rusiyanı tərk edib.