Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İranda repressiyalar güclənib, yeni etirazlar başlayır" - ABŞ institutu

Tarix: 7 Sentyabr 2023 10:20

İranda bəzi təşkilatlar hakimiyyətin tətbiq etdiyi hicab qaydalarını pozduğuna görə həbs olunan və işgəncə nəticəsində öldürülən gənc qadın Məhsa Əmininin qətlə yetirməsinin ildönümü ilə əlaqədar etiraz aksiyası keçirməyi planlaşdırırlar.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, sentyabrın 16-da İranın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilə bilər: "Təşkilatçılar artıq etirazlarla bağlı təbliğat kampaniyalarına başlayıblar. Onlar aksiyalarla bağlı elanları kağız valyutalara yazır və paylayırlar".

İnstitutun məlumatına görə, İrandakı mövcud rejim etirazların qarşısını almaq üçün addımlar atır: "Hakimiyyət baş verən nümayişləri dağıtmağa çalışacaq. Rejim etirazçıların ailə üzvlərinin həbsini davam etdirir. Bundan başqa, universitetlərdə respressiyalar gücləndirilib. Təkcə avqustun 29-da ən azı 10 professor işdən çıxarılıb. Rejim universitetləri hədəfə alır, çünki keçən ilki Mahsa Əmini hərəkatına ali məktəb tələbələri başçılıq edirdi. Rejim həmçinin Kürdüstan vilayətinin müxtəlif şəhərlərinin girişlərində nəzarət-buraxılış məntəqələri qurub, Kürdüstan və Qərbi Azərbaycan vilayətlərinə təhlükəsizlik qüvvələri və helikopterlər yerləşdirib. Çünki 2022-ci il sentyabrın 16-dan dekabrın 22-dək rejim əleyhinə etirazların təxminən 21 faizi Kürdüstan və Qərbi Azərbaycan əyalətlərində baş verib".

Xatırladaq ki, 2022-ci il sentyabrın 16-da 22 yaşlı M.Əmini İran rejiminin tətbiq etdiyi hicab qaydalarını pozduğuna görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Dindirildikdən sonra o, xəstəxanaya aparılıb və orada komaya düşüb. Sentyabrın 16-da Əmini 22 yaşında vəfat edib. Rəsmilər qızın ölüm səbəbinin infarkt olduğunu bildirib. Lakin onun yaxınları dindirmə zamanı onun vəhşicəsinə döyüldüyünü deyirlər.

Hadisədən sonra İranı genişmiqyaslı etirazlar bürüyüb. İğtişaşlar zamanı yüzlərlə adam öldürülüb.

Qeyd edək ki, 1979-cu il İslam İnqilabı dini qanunların sərt təfsirini tətbiq edəndən bəri qadınlar qanunla saçlarını hicab ilə örtməlidirlər. Qanunu pozan qadınları cərimə və ya həbs gözləyir.

Milli.Az


Etiketlər:  İranda repressiyalar güclənib yeni etirazlar başlayır ABŞ institutu


RƏYLƏR