Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xalq artisti Yasin Qarayevə həsr olunan kitabın təqdimatı keçirildi - FOTO

Xalq artisti Yasin Qarayevə həsr olunan kitabın təqdimatı keçirildi - FOTO

Tarix: 13 Oktyabr 2023 17:03

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında teatrın aktyoru, Xalq artisti Yasin Qarayevin 75 illiyinə həsr olunan "Alın yazısına inam" adlı kitabın təqdimat mərasimi keçirilib.

Tədbiri teatrın aktyoru, Əməkdar artist Elnur Bəhramxan açaraq  95 illik teatr ocağına yığışan tamaşaçıları salamlayıb, kitabın yazılma tarixi və mahiyyəti haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Daha sonra danışmaq üçün söz teatrın direktoru Naidə İsmayılzadəyə verilib. 

Direktor Yasin Qarayevi yeni kitab münasibəti ilə təbrik edərək, ürək sözlərini qonaqlarla bölüşüb:

"Mənim uşaqlığım bu teatrda keçib, ilk gördüyüm aktyorlar elə Firəngiz Şərifova, Tariyel Qasımov, Yasin Qarayev olub. Bilirsiniz, bu insanlar teatrın tarixini yaradan insanlardan olublar. Onları yada salmaq, tamaşalar, rollar haqqında yazılar, kitablar yazmaq gözəl haldı. Sənətkarları da yaşadan elə budur. Buna görə də mən İlham müəllimə təşəkkürümü bildirirəm. Çox sağ olsun ki, o, Yasin müəllimin 75 illiyinə bu kitabı hədiyyə edib. Yasin müəllim, sizi təbrik edirəm. Həmişə belə sağlam və gümrah qalın, səhnədə olun. Sizi yaşadan belə kitablardı, tamaşalardı, ifa etdiyiniz rollardı. Hər kəsə təşəkkür edirəm".

Daha sonra kitabın müəllifi professor, teatrşünas İlham Rəhimli danışıb. O, Gənc Tamaşaçılar Teatrının tarixindən, teatrda vaxtilə çalışan sənətkarlardan bəhs edib. Kitabın yazılma səbəbindən danışaraq Yasin Qarayevin sənətini hər zaman yüksək qiymətləndiridiyini bildirib:

"Bu teatr mənim üçün çox doğmadır. Burada Yusif Vəliyev, Osman Hacıbəyov, Süsən Məcidova kimi böyük sənətkarları olub. Çox təəssüflənirəm ki, adlarını çəkdiyim bu qüdrətli sənətkarlar haqqında kitab yazılmadı. Yasin Qarayevi mən 1975-ci ildən üzübəri yaxından tanıyıram. Kitabı onun 75 illik yubikeyinə hədiyyə etmək məqsədi ilə qələmə aldım. Şadam ki, bu gün "Alın yazısına inam" adlı kitabın təqdimatına yığışmısınız. Bu təqdimatın keçirilməsinə görə teatrın rəhbəri Naidə xanıma və bura yığışan hər kəsə öz təşəkkürümü bildirirəm".

Təqdimat boyu Yasin Qarayevlə uzun illər eyni teatrda çalışan, onunla müxtəlif tamaşalarda tərəf müqabili olan Xalq artisti Tariyel Qasımov, Teatr Xadimlər İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov çıxış edərək sənətkara ürək sözlərini, xoş arzularını bildiriblər.

Sonda təqdimatın səbəbkarı Yasin Qarayev çıxış edərək qonaqlara gəldikləri üçün minnətdarlığını bildirib, xoş arzularını çatdırıb, onlara imzalı kitabını hədiyyə edərək, yadigar şəkil çəkdirib.

Milli.Az


Etiketlər:  Xalq artisti Yasin Qarayevə həsr olunan kitabın təqdimatı keçirildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ