Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: Bunun utancverici yeni metodları bu gün də davam etməkdədir

İlham Əliyev: Bunun utancverici yeni metodları bu gün də davam etməkdədir

Tarix: 20 Oktyabr 2023 12:57

Fransa kolonializminin utancverici yeni metodları bu gün də davam etməkdədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.

Dövlət başçısı bildirib:

"Əsrlər keçsə də, təfəkkür dəyişmədiyi üçün Fransa kolonializminin utancverici yeni metodları bu gün də davam etməkdədir. Bu konfransa toplaşan dənizaşırı ərazilərin xalqları uzun illərdir müstəqillik uğrunda mübarizə aparırlar. Kolonializm tarixindən əl çəkə bilməyən Fransa Avropadan kənarda, Sakit və Atlantik okeanlarda dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, bu arzuların reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır.

Fransız Qvianasında sosial vəziyyət getdikcə pisləşir, əhalinin təxminən yarısı yoxsulluq astanasındadır, işsizlik səviyyəsi hər il artır. Burada təbii sərvətlər talan edilir və torpaqların 90%-i Fransa dövlətinin mülkiyyətindədir.

Martinika və Qvadelupa iki böyük fəlakətlə üz-üzədir. Yerli əhali gizli və qanunsuz məskunlaşma yolu ilə assimilyasiya edilir. Vaxtilə xlordekon pestisidinin istifadəsi təbii ekosistemləri və əhalini zəhərləyib, yerli sakinlər bu gün də onun onkoloji fəsadlarını yaşayırlar.

Fransa Qəmər Adaları İttifaqının Mayot adası üzərində suverenliyini tanımaqdan imtina edir. Qoşulmama Hərəkatı öz sənədlərində Qəmər Adaları İttifaqının Mayot adası üzərindəki danılmaz suverenliyini daima təsdiqləyir.

Yeni Kaledoniyada əhalinin yarısının iştirakı olmadan referendum keçirilir və bu minvalla Yeni Kaledoniya xalqının müstəqil olmaq hüququ əlindən alınır.

Etnik azlıqlar konsepsiyasını qəbul etməyən Fransa Korsika dilini qadağan edir. BMT bunu ayrı-seçkilik və beynəlxalq hüququn pozulması kimi qiymətləndirmişdir. Riyakar və ikili standartlı siyasət yürüdən Fransa eyni zamanda, regionumuzda milli azlıqların müdafiəçisi kimi özünü təqdim etməyə çalışır.

Biz Fransada neokolonializm meylləri ilə paralel olaraq irqçilik və islamofobiyanın da geniş vüsət aldığını müşahidə edirik. Bu gün burada təmsil olunan insanların bəziləri müxtəlif formada təzyiq və ayrı-seçkiliyə, irqçi hücumlara məruz qalır. Daxildə bu cür narahatedici və təhlükəli meylilərlə mübarizə aparmalı olan Fransa hakimiyyəti başqa dövlətlərə dərs keçməyə, digər ölkələrin daxili işlərinə qarışmağa cəhd edir. Fransa qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır. Bu ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur".

Milli.Az


Etiketlər:  İlham Əliyev Bunun utancverici yeni metodları bu gün davam etməkdədir


RƏYLƏR