Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2019 21:40
Bakı. Elçin Mehdiyev – Trend:
Bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə tədbir keçirilib.
Trend-in məlumatına görə, YAP Gənclər Birliyinin fəallarının iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə bir gün ərzində 650 min ağacın əkilməsi ilə bağlı hazırlıq işləri müzakirə olunub.
Çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsünün xalqımız tərəfindən yüksək dəyərləndirildiyini bildirib. S.Novruzov qeyd edib ki, YAP Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə fəaliyyət proqramı əsasında müxtəlif layihələr həyata keçirir. Böyük mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə keçiriləcək ağacəkmə kampaniyasında da hər iki təşkilat əməkdaşlıq edəcək.
Yeni Azərbaycan Partiyasının hər il Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə ağacəkmə aksiyası keçirdiyini deyən S.Novruzov partiyanın mütəmadi olaraq müxtəlif sosial, iqtisadi və humanitar xarakterli layihələr reallaşdırdığını söyləyib. O, həmçinin Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə keçirilən "700 min ağac əkək!" kampaniyasının da bütün respublika ərazisində uğurla baş tutduğunu xatırladıb.
S.Novruzov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir gün ərzində 650 min ağacın əkilməsi aksiyasında da partiya üzvlərinin fəal iştirak edəcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, həmin ağacların əkilməsindən sonra onlara qulluğun göstərilməsi partiyanın diqqətində olacaq. Və bütün bu işlərdə YAP-ın gənc fəalları yaxından iştirak edəcək.
Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev bildirib ki, artıq bir gündə 650 min ağacın əkilməsi üçün ərazilər müəyyənləşib. Bu prosesə rəmzi olaraq Şamaxı rayonundan başlanacaq.
F.Əliyev Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın daim xoşməramlı, xeyirxah təşəbbüslərlə çıxış etdiyini deyib və bu təşəbbüslərin cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılandığını söyləyib. Nazir müavini həmçinin, Yeni Azərbaycan Partiyasının da hər zaman ekologiya və ətraf mühitin qorunmasına töhfələr verdiyini diqqətə çatdırıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin