Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neymarın sevgilisinin emosional ehtiyacı

Neymarın sevgilisinin emosional ehtiyacı

Tarix: 29 Oktyabr 2023 11:10

8-9 il öncəydi, türkiyəli futbolçu Arda Turan Sibel adlı aktrisa ilə ailəfason bir şey quranda ölkəsinin qəzetçilərindən biri bir az açıq həsədlə, bir az da gizli paxıllıqla götürüb yazmışdı ki, əcəba, bu futbolçular nədən hep modellərlə, ünlü və gözəl oyunçularla evlənirlər.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, sonra o, 5-6 örnək göstərmişdi. Məlum olurdu ki, gerçəkdən də Türkiyədə nə qədər məşhur futbolçu var, böyük əksəriyyəti gedib "sosyete" (kübar cəmiyyət) gözəli alıb, ya da almayıb, eləcə saxlayır (vətəndaş nikahıyla).

Bir başqası isə hətta 25 il öncələrə varıb futbolçu Tanju Çolakın bir zamanlar aktrisa Hülya Avşarla birlikdə yaşadığını qeyd etmişdi. Hülyanın da Hülya vaxtları idi, təkcə Türkiyədə əlini sallasa əlli min (hətta beş milyon) kişi karısını boşayıb onun yanına gələrdi. Adına mahnılar qoşulan, sırf onun üçün filmlər çəkilən bir vaxtda Hülya gedib Tanjuyla yaşayırdı.

İndinin özündə İspaniyada, Almaniyada, İtaliyada, İngiltərədə, demək olar ki, bütün ölkələrdə məşhur futbolçular mütləq ölkənin ən gözəl qızları ilə oturub-dururlar - Ronaldodan tutmuş ta Mbappeyə qədər. Bir dənə Messinin dili bu məsələdə gödəkdir, o, orta məktəbdə oxuyanda sevdiyi qızla ailə qurub.

Bunun nədən belə olduğunun sirri dərinlərdə deyil. Futbolçular gənc, sağlam və milyonçudurlar, modellər isə gözəldirlər və lüks həyat yaşamaq istəyirlər. Futbolçular onların həm emosional ehtiyaclarını, necə lazımdır, ödəyirlər, həm də məşhurdurlar, hamı onları tanıyır, sevir, hörmət edir.

Bax, budur, xəbər yayılıb ki, braziliyalı futbolçu Neymar sevgilisi Bruno Byankardiyə ad günü hədiyyəsi olaraq göydən 4,5 milyon avroya ulduz alıb. İndi Bruno onun burnuna çırtma vurub "oh, may qad" deməsinmi? Sevgilisinə ulduz alan oğlan yəqin ki, ona nəinki 3 minə, hətta 15 minə mobil telefon, 1 milyona avtomobil, 7 milyona villa və sair və ilaxır da alıb. (Göründüyü kimi, 50 minə alınan çantadan, 10 minlik tuflilərdən, 15 minlik əlbisələrdən söhbət getmədi - onlar xırda şeylərdir).

Deməli, Bruno Byankardinin hənin ulduza emosional ehtiyacı varmış. Bəlkə də Neymar həmin ulduzu almasa qız Neymardan boşanacaqmış, deyəcəkmiş, neynirəm səni, xəsis şeysən, neçə ildir birlikdəyik, Allahın bir ulduzunu mənə qıymırsan.

Bəs Bruno Byankardi o ulduzu nə edəcək? Buradan ora işıq sürəti ilə getsə 150 min ilə çatmaz. Əlbəttə, əsas məsələ ulduza çatmaq deyil, zatən "ulduz"un biri (Neymar) Brunonun başının altındadır. Əsas iş odur ki, xanım göydə ulduza sahib olduğunu bilir və rəfiqələrinə, tanış-bilişlərinə hava atacaq ki, onun göydə ulduzu var, onların isə yoxdur.

İndi bizim camaat bu xəbəri oxuyanda Neymarın da ağlına şübhə edəcək, ondan o hədiyyəni qəbul edən qadının da. Hamı deyəcək ki, bu səylikdir. Bu, kasıb adamlara elə görünür. Milyarder və multimilyonerlər başqa cür düşünür. Məsələn, 150 dollarlıq saatla 2 milyon avroluq saatın zaman göstərməsi eynidir. Dəqiqliyə qalsa, ucuz olan saat 100 ildə bir saniyə səhv edər, ya etməz. Amma varlı oğlanlar qollarına 2 milyonluq saat taxırlar. Niyə? Ona görə ki, o saatdan başqasında olmasın, bunlar da desinlər ki, bu saatdan cəmi 5 dənə buraxılıb - biri Bruney sultanının oğlundadır, birini İlon Mask taxır, biri Ronaldonun kolleksiyasındadır, amma taxmır, o birini hansısa milyarder alıb, adını açıqlamırlar, biri də məndədir.

Bəs bu "mən" kimdir? Heç kim. Azərbaycandakı hansısa dövlət şirkətində işləyən bir kişinin oğlu. Amma gör o, kimlərlə bir cərgədədir. Bax, əsas məsələ o cərgədə olmağın qürurunu yaşamaqdır. Adamın belə şeylərə emosional ehtiyacı var, nə etmək olar.

Bəs məşhur adamlar gedib gözəllik müsabiqələrinin qalibi olmayan, model və ya aktrisa işləməyən, yəni ünlü olmayan, sadə bir ailədən olan ünsüz, amma gözəl qız ala bilməzlərmi? Əlbəttə, ala bilərlər. Hətta ailə qurub yaşamaq üçün ikincilər daha münasibdir. Lakin varlı məşhurlara ünlü gözəllər lazımdır, qoy desinlər ki, filankəs də filan modellə sevgilidir. Hardan baxsan, bu da emosional ehtiyacdan doğur.

Bəzi psixoloqlar deyir ki, bu cür düşünmək və yaşamaq psixoloji sapıntı əlamətdir. Amma güman ki, bunu kasıb psixoloqlar deyir, ünlü psixoloqlar isə yəqin ki, ünlü qadınlarla ailə qurublar və onlara göydən ulduz dərməsələr də, ildə iki dəfə 5 ulduzlu otellərdə 1 aylıq tətil zövqü yaşadırlar.


Etiketlər:  Neymarın sevgilisinin emosional ehtiyacı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ