Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2019 08:03
Bakı. Elçin Mehdiyev – Trend:
Bu gündən Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsinə başlanılır.
Trend-in məlumatına görə, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, sənədlər səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış, yəni 2019-cu il noyabrın 3-dən noyabrın 22-i saat 18:00-dək təqdim edilməlidir.
Sənədlər namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilir.
Sənədlər qəbul edildikdən sonra 7 gün müddətində dairə seçki komissiyaları imza vərəqələri və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul edir.
Bundan əlavə, hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılması müddəti noyabrın 3-də sona çatır.
Qeyd edək ki, hazırda Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 10-a çatıb.
Bələdiyyə seçkilərində iştirak etmək üçün 8128 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Müraciət edən namizədlərdən 2896-ı təsdiq olunub, digər namizədlərin isə müraciətlərinə baxılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin