Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT Baş katibi: buzlaqların əriməsi fəlakətlər yaradır

BMT Baş katibi: buzlaqların əriməsi fəlakətlər yaradır

Tarix: 31 Oktyabr 2023 22:36

Nepal otuz ildən bir qədər çox müddət ərzində buzlaqlarının təxminən üçdə birini itirib. Antarktida və Qrenlandiya hər il milyardlarla ton buz kütləsindən məhrum olur.

BMT-nin Baş katibi Antonio Quttereş Nepalda çıxış edərək, "dünyanın damının yoxa çıxması" təhlükəsi ilə bağlı xəbərdarlıq edib. O bildirib ki, rekord dərəcəli temperatur buzlaqların sürətlə əriməsinə gətirib çıxarır, dünyanın bütün sahilyanı bölgələri təhlükə altındadır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, buzlaqların əriməsi su ilə dolmuş göllərin və çayların daşması, bütün yaşayış məntəqələrini daşqın suları altında qoyması deməkdir. Onun sözlərinə görə, dəniz səviyyəsinin rekord sürətlə yüksəlməsi bütün dünyada sahilyanı bölgələrin sakinləri üçün təhlükə mənbəyidir.

"Böhran getdikcə artır, Nepalın buzlaqları son on il ərzində əvvəlki onilliyə nisbətən 65 faiz daha sürətlə əriməyə başlayıb. Bu, o deməkdir ki, fəlakətin ikinci mərhələsi getdikcə yaxınlaşır, bu isə buzlaqların tamamilə yox olması deməkdir", - deyə o həyəcan təbili çalıb.

Buzlaqlar su mənbələridir, Himalay dağı silsiləsindəki buzlaqlar bir milyarddan çox insanı şirin su ilə təmin edir. Buzlaqların həcmi azalanda çaylarda suyun səviyyəsi də aşağı düşür. Gələcəkdə Himalay bölgəsinin Hind, Qanq və Brahmaputra kimi böyük çayları əhəmiyyətli dərəcədə dayazlaşa bilər. BMT-nin Baş katibi Nepaldakı Himalay dağlarının fonunda çıxış edərək, duzlu suyun daxil olmasının bu çayların deltalarını məhv edəcəyini bəyan edib.

"Bu, fəlakətin baş verməsinə gətirib çıxaracaq: ovalıqlarda yerləşən ölkələr və icmalar əbədi olaraq yer üzündən silinəcək. Su və torpaq uğrunda şiddətli rəqabət şəraitində milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalacaq. Dünyada daşqınlar, quraqlıqlar və torpaq sürüşmələri getdikcə çoxalacaq".

"Bu gün mən "dünyanın damından" bu fəlakətlə bağlı xəbərdarlıq etmək istəyirəm: bu ağılsızlığı dayandırın", - deyə, BMT Baş katibi bəşəriyyətə müraciət edib. Buzlaqlar əriyib gedir, bizim isə getməyə yerimiz yoxdur. Yerin təkindən çıxarılan yanacaq sənayesi dövrü ilə vidalaşmalıyıq. Hazırda bu fəlakətlə birbaşa üz-üzə dayanmış və faciənin son həddinə yaxınlaşmış insanları xilas etməliyik".

O, Paris İqlim Sazişində qeyd olunan son həddi xatırladıb: qlobal temperatur 1,5 dərəcə ətrafında saxlanılmalıdır.

"Bu həddən sonra bəşəriyyəti "iqlim xaosu" gözləyir", - deyə BMT rəhbəri xəbərdarlıq edib.


Etiketlər:  Baş katibi buzlaqların əriməsi fəlakətlər yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ