Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qənirə Paşayevanın "Addım-addım Türkiyə" filminin təqdimatı oldu

Qənirə Paşayevanın

Tarix: 3 Noyabr 2023 23:15

Nizami Kino Mərkəzində mərhum millət vəkili Qənirə Paşayevanın Türkiyə Cümhuriyyətinin yüz illiyinə həsr etdiyi "Addım-addım Türkiyə" çoxseriyalı sənədli filminin təqdimat mərasimi baş tutub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, tədbirdə çıxış edən millət vəkili Nizami Cəfərov mərhum millət vəkilinin fəaliyyətindən danışıb: "Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilən və Azərbaycan Dövlət Televiziyasının layihəsi olan "Addım-addım Türkiyə" filmini təqdim edəcəyik. Bu filmi dəyərli jurnalistimiz, yaxın günlərdə itirdiyimiz, doğma insanımız Qənirə Paşayeva çəkib. Millət vəkili olandan sonra Türkiyədə deyirdi ki, mən siyasətə jurnalistika sahəsindəm gəlmişəm. Jurnalistika Qənirə xanımın sadəcə peşəsi deyil, onun missiyası idi. Bu gün təqdim olunacaq son nəhəng işi, məhz jurnalistika və televiziya ilə bağlıdır. Mənə elə gəlir ki, gözlərinin dərinliyində bir kədər var di. Bu kədər nə ilə bağlı idi. Düşünürdü ki, görəsən işlərinin hamısını çatdıra biləcəkmi? O heç vaxt kədərini biruzə verməzdi. Ancaq üzündə təbəssüm var idi. Qürurla türk tarixini danışır, türk tarixini göstərir və bununla qürur duyur. O gözəl siyasətçi, ictimai xadim və hər kəsin sevdiyi siyasi şəxsiyyət olub".

Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı mərhum millət vəkili Qənirə Paşayeva bu missiyasını yüksək dəyərləndirib: "Qənirə Paşayeva Türk dünyasını çox sevirdi. Onun Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr etdiyi "Addım-addım Türkiyə" sənədli filmi Türkiyənin tanıdılmasına bir töhfədir.
Qənirə Paşayevanın Türkiyənin tarixini, mədəniyyətini, xalqını, təbiətini öz dili ilə anlatmasını böyük dəyər verir və qiymətləndiririk. Qənirə Paşayeva türk dünyasının cəsur qadını idi. O, 48 yaş yaşasa da üç insan ömrünə bərabər işlər görərək özündən sonra iz qoyub".

Mərhum millət vəkili Qənirə Paşayevanın əmisi, professor Qəzənfər Paşayev isə qardaşı qızı ilə fəxr etdiyini açıqlayıb: "Bu gün həm kədər, həm də sevinc içərisindəyik.Qardaş Türkiyənin yüz illiyidir. Qənirə Paşayevanın dünyasını dəyişməsindən 36 gün keçib. Ona olan ümumxalq məhəbbətini müşahidə etmişik və şahidi
olmuşuq. Qənirə xanım həyatını xalqın səyadətinə və bütün ömrünü bu müqəddəs işə sərf etdi. Ağıllı və fitri istedadlı insan idi. Onda tükənməz enerji var idi.
Ən böyük arzusu Xocalı və Xankəndinin azad olunması idi. Uzun deyil, amma mənalı ömür yaşadı. Biz onunla fəxr etmişik və edəcəyik".

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov layihənin ərsəyə gəlməsindən danışıb: "Bu görüş təxminən dörd ay əvvəl planlaşmışdı. "Addım-addım Türkiyə" çoxseriyalı sənədli filmini təqdim etməyi qərara aldıq. Hər şey qaydasındadır, yalnız o, əziz bacım, dəyərli dostumuz təəssüf ki, aramızda yoxdur. Nə qədər şərəfli yol keçsə də, müxtəlif istiqamətlərdə uğurlar əldə etsə də təpədən-dırnağa jurnalist idi. O, milli insan, milli təfəkkürlü şəxsiyyət idi. O, yalnız Azərbaycanın deyil, Türk dünyasının jurnalisti, təbliğatçısı idi. Peşəkar fəaliyyətinə jurnalist kimi başladı və peşəkar həyatına jurnalist kimi son qoydu.

Filmin rejissoru Elnurə Kazımova isə bu sözləri deyib:
"Layihə Türkiyə Cümhuriyyətinin 100-cü illiyinə həsr olunub. Film Qənirə Paşayevanın son və yeni layihəsidir. Biz addım-addım Türkiyəni gəzərək həm kitab yazmaq, həm də film çəkmək üçün səfərə çıxmışdıq. Türkiyənin 81 vilayətindən, 57 vilayətində film çəkdik. Azərbaycan Dövlət Televiziyasının layihəsi olaraq 57 bölümü Azərbaycan tamaşaçısına təqdim edəcəyik".

Mərhum millət vəkilinin qardaşı Hüseyn Paşayev isə tədbirə gələn qonaqlara təşəkkür edib: "Bu gün ailəmiz adından təşəkkür edirik. Film Türkiyə Cümhuriyyətinin 100-cü illiyinə həsr edilib və çalışırdı ki, "Addım-addım Türkiyə"ni tarixi günə çatdıra bilsin. Həmişə deyirdi ki, biz bir-birimiz yaxşı tanımalıyıq və ona görə bu qədər çalışıram. Ona olan xalq sevgisini, dövlətimizin münasibətini, Türk dünyasının sevgisini gördük. Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu çətin günlərdə bizə dəstək olduqları üçün təşəkkür edirik".

Qeyd edək ki, tədbirdə Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Azərbaycandakı Təmsilçiliyinin rəhbəri Ufuk Arca Turganer, millət vəkilləri Arzu Nağıyev, Jalə Əliyeva və bir çox siyasi şəxslər iştirak ediblər.

Milli.Az


Etiketlər:  Qənirə Paşayevanın Addım addım Türkiyə filminin təqdimatı oldu


RƏYLƏR