Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həyatı zülmlə keçən "Xan" - Onun da atasını ermənilər öldürmüşdü - FOTO

Həyatı zülmlə keçən

Tarix: 4 Noyabr 2023 06:45

"Ode...taksi, min, get... Get də..."

"Heç hənanın yeridi?"

"Bir dəli şeytan deyir, bunların ikisini də birdən al"

"İndi mən bu papağı necə qoyum ki, qızın məndən xoşu gəlsin"...

Dillər əzbəri olan, günümüzdə az qala hər gün xatırlayıb istifadə etdiyimiz bu cümlələr hamımıza yaxşı tanışıdır. Bu gün bu sözləri bizə sevdirən Azərbaycanın teatr və kino sənətinin əfsanələrindən biri - Əliağa Ağayevin vəfatından 40 il ötür.

Milli.Az publika.az-a istinadən bütün zamanların sevimli gülüş ustası, istedadlı aktyor, Xalq artisti Əliağa Ağayev haqqında maraqlı məqamları təqdim edir:

Əliağa Ağayev 1913-cü ildə Bakı şəhərində anadan olub. Çox erkən, 2 yaşında olarkən anasını itirən gələcəyin parlaq istedad sahibi 5 yaşında isə ermənilər tərəfidən öldürülən atası ilə əbədilik vidalaşır. Həyat heç də ədalətli davranmır kiçik Əliağa ilə... Ailədə üç qardaş olublar. Qardaşlarından biri, Mirzəağa 1937-də ildə repressiya qurbanı olub. Məktəb vaxtlarından, daha dəqiq desək 7-ci sinfi bitirər-bitirməz gəmi təmiri zavodunda çilingər kimi işə düzəlir, çünki ailənin yükü onun çiyinlərində idi. Eyni vaxtda zavodun dram dərnəyinə də yazılır. Fitri istedadı burda da özünü zamanında biruzə verir və dərnək rəhbərliyinin böyük rəğbətini qazanamağa başlayır məktəbli Əliağa. Beləcə kiçik dərnək sinif otağından böyük səhnələrə iri addımlarla irəliləyir və ilk dayanacağı Gənc Tamaşaçılar Teatrı olur.

Dövrünün məşhur incəsənət adamı Mirzəağa Əliyev kimi sənətkar Əliağa Ağayevi çox bəyənir və onun teatr truppasının heyətinə daxil edir. Və beləcə gənc aktyorun böük ulduzu parıldamağa başlayır. Gənc Tamaşaçılar Tetrının sütünlarından biri olur istedadlı aktyor.

Oynadığı "Hacı Qara" tamaşasına baxan Mircəfər Bağırov tamaşadan sonra aktyoru yanına çağırır və bu obrazına görə heyranlığını səmimi etiraf edir. Sənətkarın fəxri adının olub-olmamağı ilə maraqlanır. Bu söhbətdən sonra Əliağa Ağayevə "Əməkdar artist" fəxri adı verilib. Daha sonra isə "Xalq artisti" fəxri adı ilə təltif olunur. Gənc Tamaşaçılar Teatrında ilk və o vaxtlar yeganə xalq artisti də elə məhz Əliağa Ağayev olub.

Teatr ona yalnız sənət uğuru qismət etməyib, Əliağa Ağayev ailə səadətini də məhz bu teatr ocağında tapır. Səhnədə tərəf-müqabili olan gənc aktrisa Cəvahir İsgəndərova ilə həyat yollarını bağlayır. Bu izdivacdan iki oğlu, bir qızı olub. Övladlarından heç birinin onun yolunu davam etdirməsini istəməyib. Oğlu Vaqif ondan gizlin ovaxtkı İncəsənət İnstitutunun rejissorluq fakültəsinə qəbul olur. Hər il atasına "Politexnik"ə hazırlaşıram" deyə yalan danışan Vaqif Ağayev yalnız diplomunu alandan sonra onu atasına göstərib, əsl həqiqəti açıqlayır.

Əliağa Ağayevi bizə sevdirən, ən yadda qalan obrazı təbii ki, Məşədi İbad olub. Aktyorla birgə xeyli tamaşalar hazırlayan rejissor Ağakişi Kazımov xatirlərində yazıb ki, bir dəfə İraqda qastrol zamanı Əliağa bazarda itib: "Dedilər, bu, harada ola bilər? Hərləndim bazarı, gördüm, bir yerdən səsi gəlir. Baxdım ki, əfqanlar yığılıb onun başına, qabağında da bağlama var. Dedim, bu nədir gətirmisən? Dedi, tanıdılar ki, Məşədi İbadı oynayanam, mənə kürk verdilər".

Əliağa Ağayevin səhətti ilə bağlı heç bir problemi olmayıb. Həmişə deyib-gülən, yeyib-içən olub. Yetmiş yaşı ərəfəsində, yubileyqabağı dostlarıyla kafedə oturub deyib-gülürmüşlər. Əliağa Ağayev danışdığı lətifəyə ətrafdakılarla birlikdə özü də xeyli ürəkdən gülüb. Necə ürəkdən gülübsə ürək damarı içdən gülüşə tab gətirməyib, partlayıb.... Dostları əvvəlcə elə biliblər ki, bu Əliağa Ağayevin növbəti zarafatıdır. Amma həmişə hər kəsə gülüş bəxş edən aktyor bu dəfə hamını məyus etməyi bacarıb. Və Əliağa Ağayev 70 yaşın astanasında bu həyatla gülərək həmişəlik sağollaşıb...

Xatırladaq ki, mərhum sənətkar Əliağa Ağayev "Görüş" bədii filmində (1955) Şıxəli, "O olmasın, bu olsun" bədii filmində (1956) Məşədi İbad, "Koroğlu" bədii filmində (1960) dəmirçi, "Sehrli xalat" bədii filmində (1964) xan, "Qanun naminə" bədii filmində (1968) Məmmədxan, "Bizim Cəbiş müəllim" bədii filmində (1969) Əbülfəz, "Bizim küçənin oğlanları" bədii filmində (1973) Mehdi, "Evlənmək istəyirəm" bədii filmində (1983) isə Kərbəlayi Zal obrazlarını canlandırıb.

Milli.Az


Etiketlər:  Həyatı zülmlə keçən Xan Onun da atasını ermənilər öldürmüşdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ