Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2019 21:28
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer liqasının 27-ci turunda "Səbail"ə 4-0 hesabı ilə qalib gələrək, ardıcıl 6-cı, ümumilikdə isə 7-ci çempionluğu rəsmiləşdirdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o əvvəlcə çempionluq haqda danışıb.
- Hamımız qələbə qazanaraq, çempion olmağa köklənmişdik. Ötən turdan sonra aramızda 5 xallıq fərq qalırdı. "Bu tur çempion olacağımızı gözləyirdim" desəm, yalan olar. Allaha çox şükür ki, bunu bacardıq. Çox xoş hisslərdir. Bütün "Qarabağ"sevərləri, azarkeşləri, futbol ictimaiyyətini təbrik edirəm. Komandalar arasında son turadək gərgin mübarizə, maraqlı yarış getdi. Hər iki komanda idman prinsiplərinə riayyət etdi. Aramızda centlemensayağı yarış oldu. Son turlarda daha çox uğur qazandıq və çempion olduq.
- Futbol ictimaiyyətinin istədiyi o idi ki, hər şey son turda həll olunsun. Yəqin ki, siz bunu istəmirdiniz...
- Biz bu haqda düşünmürdük. 7-8 tur bundan əvvəl 5 xal geridə idik. Şəxsi qarşılaşmalarda da vəziyyətimiz yaxşı deyildi. Son tura qalsaydı, mütləq 2 top fərqi ilə qələbə qazanmalı idik. Bunu nəzərə alsaq, son tura qədər 2 xal fərqimiz olacaqdı. Hər kəs istəyər ki, daha tez çempion olsun, qələbə qazansın. Amma bu barədə düşünmürdük. "Neftçi"nin son turdakı xal itkisi, "Sumqayıt"ın qələbəsi bizim üçün gözlənilməz oldu.
- "Qarabağ"ın 3 cəbhədə - Avroliqa, ölkə kuboku və çempionatda mübarizə aparması "Neftçi" üçün bir üstünlük idi. Fikrinizi sırf Premyer Liqaya yönəltdikdən sonra əvvəlcə liderliyi qaytardınız, bu gün isə çempion oldunuz. Belə çıxır ki, ölkədə "Qarabağ"a çata biləcək komanda yoxdur?
- Belə deməzdim. Bu il hər iki klub çempionluğa yaxın idi. "Neftçi" də yaxşı oyun nümayiş etdirdi. Çempion olsaydılar, biz onları təbrik edəcəkdik. Belə deyək, xırda səhvlər həlledici oldu. Biz sonda daha az səhv etdik deyə, çempion olduq.
- Bu mövsüm "Neftçi" ni məğlub edə bilməmisiniz. Çempionluğunuz növbəti turda qələbə qazanmağınza motivasiya verəcəkmi?
- Düzü, mənim üçün çempionat ərzində hansı komandaya qalib gəlməyimizin və ya uduzmağımızın heç bir əhəmiyyəti yoxdur. Əsas sonluqdur ki, çempion olaq. Heç vaxt hesablamıram ki, hansı komandanı neçə matçda udmuşuq. Bu çempionatdır, kubok oyunu deyil.
- Bu gün stadiona az azarkeş gəlmişdi. Sanki, "Qarabağ"ın çempionluğunu bayram edənlərin sayı az idi. Avrokubokda isə bundan çox fərqli olur...
- Gələnlər sağ olsunlar. Avrokubok oyunlarında azarkeşlərimiz lazım olan hər anda, ehtiyyacımız olduğu hər zaman yazınımzda olurlar, dəstək verirlər. Onları da təbrik edirəm, təşəkkürümü bildirirəm. Həqiqətən də gərgin mövsüm oldu.
- Növbəti mövsümdə sizi yenə də meydanda görə biləcəyik?
- Bütün fikrimi çempionata yönəltmişdim. Bu haqda qarşıdakı günlərdə fikirləşəcəyik. Neçə dəfə bu söhbətin üstü açılıb, mən bağlamışam ki, əsas fikrimizi çemiponata yönəldək. Hər şeyin öz vaxtı var