Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2023 23:50
"Uşaqların tərbiyəsi zamanı görüləsi 90 faiz iş insanın özü ilə əlaqədardır. Yəni valideyn ilk özündən başlamalıdır. Bir çoxları valideyn olandan sonra kitab oxumağa başlayır. Tərbiyə zamanı 90 faiz işi özünü düzəltməkdir. Tərbiyədə şüur çox mühümdür. Biz daha çox əhliləşdiririk, tərbiyələndirmirik. Yalnız cəza varsa, tərbiyələndirmirik. Qadağa və yasaqların fəlsəfəsi izah olunmalıdır. Mükafat və cəza... Tərbiyə sırf bunun üzərindədirsə, əhlilləşdiririk. Belə olanda sonrakı dövrlərdə uşaq tədricən qəfəsdən çıxmış təəssüratı bağışlayır. Axı uşaqların şüuru sonradan formalaşır. Əmrin fəlsəfəsi izah olunmalıdır. Uşaqlarla mütləq söhbət etmək lazımdır".
Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, bu sözləri psixoloq, yazıçı İlqar Kamil şəhid və qazi ailələri üçün təşkil olunan seminarda deyib.
O, tərbiyə prosesinə nəinki uşağın 2-3 aylığında, hətta ana bətnində başlamağın zəruriliyini qeyd edib:
"Valideyn olmaq çox səbir tələb edir. Uşaqlar üçün radio effekti olmamalıyıq. Yəni valideynlərin nəsihətləri kənardan anlaşılmayan radio səsinə bənzəməməlidir. Radio effekti odur ki, fonda səs gəlir, amma nə danışdığının əhəmiyyəti yoxdur, sadəcə, səs gəlsin deyə, radionu qoşub dinləmiş oluruq. Nəsihət, tənqid çoxalanda uşağa belə radio effekti verir. Çünki o öz dünyasında olur. Valideyn sözləri fonda əhəmiyyətsiz səsə çevrilir".
Mütəxəssis həmçinin maraqlı - "Sənət sənət üçün olmalıdır" tövsiyəsi ilə çıxış edib:
"Hər kəs elə nəyisə öyrətmək istəyir. Bəşər bundan yorulub. Melodiya, zövq olmalıdır. Uşaqlar bununla avtomatik nəsə öyrənirlər. Hazırda filmlərdə daha çox istifadə olunan 25-ci kadrla mesajlar ötürülür. Tamaşaçı mesajı xəbərsiz almalıdır. Bircə mesaj üçün bir film, kitab ərsəyə gətirməli oluruq. İnsanlar məsləhəti sevmir".
İlqar Kamil qeyd edib ki, uşaqlar asana, tənbəlliyə qaçır: "Çox danışmağa ehtiyac yoxdur. Səbrinizi basıb bir dəfə deyin. Uşağı öyrətməklə, oxumaqla yox, örnək olmaqla onu tərbiyələndirmək mümkündür".
Valideynin üç uşağı olarsa, onlara eyni tərbiyə vermənin yanlış olduğunu bildirən psixoloq vurğulayıb ki, hər övlada özünəməxsus şəkildə yanaşılma zəruridir:
"Hər uşağa özünəməxsus şəkildə tərbiyə verilməlidir. Uşaqlarınızı tanıyın. Bilməliyik ki, cəza istəyir, yoxsa mükafat".
İ.Kamil "Diqqət evdə uşaq var. Fərqindəlik" düsturundan çıxış edərək söyləyib ki, uşaqlar oynayanda, dərs oxuyanda bizi dinləyir.
"Nağılla terapiya mümkündür. Bunun vasitəsilə uşağın hansısa qüsurunu göstərirsən. Adi bir nağılla yanlışını izah edirsən. Nağıl uydurmaq da mümkündür. Mesajlarınızı uşaqlarınıza səsli dualarınızla ötürün. Məsələn, görmək istədikləriniz cəhətlərlə bağlı dua: "insanlara faydalı olaq, ilahi" və s. deməklə. Bəsdirin artıq, nəsihət, tövsiyə...
Uşaqlar telefonla danışanda dediklərinizi eşidir. Təsəvvür edin, iki saat övladınıza dürüstlüklə bağlı tövsiyələr verirsiniz. Sonra zəng gəlir, sizi çağıran dostunuza yalandan "xəstəyəm" deyib bəhanə uyduraraq getmirsiniz. Fəlakətdir. Uşağın beyni pozulur. Bilmir hansı doğrudur", - psixoloq dedi.
Mütəxəssis söyləyib ki, bütün müvəffəq insanların əlində dəftər-qələm olduğunu müşahidə edib:
"Lövhə qarşısında müzakirə effektiv vasitədir. Uşaqlarla yazı üzərindən danışmaq daha təsirlidir".
Çıxışına davam edən İlqar Kamil vurğulayıb ki, çox böyük həqiqətləri lətifələrdə xərcləyirik. Nəsihətləri əhəmiyyətsiz etməməyi tövsiyə edən mütəxəssis qeyd edib ki, bununla sözlərə haqsızlıq olunur:
"Sözləri ayaqüstü israf etməyin, ekspozisiya metodunu seçin. Ən azında balıq tutmağa aparın, orada məsləhət edin. Sitiuasiya zamanı izah effektivdir - vəziyyət düşəndə və ya vəziyyəti yaradanda. Tərbiyə yaradıcılıqdır, lakin aktyorluq deyil".
Psixoloq bildirdir ki, ən vacib metodlardan biri "QU"dur, yəni valideynlər övladına "qonşunun uşağı" kimi davranması məqsədəuyğundur. Məsələn, böyüklər öz övladı evdə yaramazlıq edərkən ona dözümsüz yanaşırlar, amma "qonşunun uşağı" eyni hərkəti təkrarlayarkən maksimum səbir nümayiş etdirirlər.