Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qızıl Palma” mükafatçısı Bakıya gəlir

“Qızıl Palma” mükafatçısı Bakıya gəlir

Tarix: 5 Noyabr 2019 10:15

Bakı. Trend:

Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının təntənəli açılış mərasimi keçiriləcək.

Trend-in məlumatına görə, "Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə baş tutur.

Festivala həmçinin Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi də dəstək göstərir.

10-cu açılışını edən kinoforuma bu il 79 ölkədən (Fransa, İtaliya, Almaniya, Belçika, Türkiyə, İran, Rusiya, Gürcüstan, Özbəkistan, Polşa, Misir, Əfqanıstan, Ruminiya, Suriya, İspaniya, Portuqaliya, Avstraliya, Kanada, Bolqarıstan, Hindistan, Çexiya, ABŞ, İngiltərə, İsveçrə, İsveç və digələri) 3484 qısametrajlı film təqdim edilib. “Cinemobil” də daxil olmaqla festivalın Yerli proqramına 84 ekran işi göndərilib. İlk dəfədir ki, bu qədər qısametrajlı filmi özündə cəlb edən festivalda seçim prosesi xüsusi diqqətdə saxlanılıb, komissiyanın üzvlərinin sayı artırılıb.

8 nəfərdən ibarət Seçim Komissiyasının qərarına əsasən bu il festivalın əsas müsabiqə bölmələrində 21 ölkədən 48 film yarışacaq. Beynəlxalq müsabiqədə 29, Yerli müsabiqədə 19 film “Qızıl nar” uğrunda mübarizə aparacaq.

Beynəlxalq müsabiqənin qaliblərini bir çox kino mükafatlarına layiq görülən kino və teatr rejissoru, ssenarist İlqar Safat (Azərbaycan), 65-ci Kann kinofestivalının “Qızıl palma” mükafatçısı kinorejissor Rezan Yaşılbaş (Türkiyə), 60-dan xarici festivallarda mükafatlara layiq görülən Kərim Əzimi (İran), CineDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının direktoru Artçil Xetaquri (Gürcüstan) və əməkdar incəsənət xadimi Bəhram Bağırzadədən (Azərbaycan) ibarət Beynəlxalq münsiflər heyəti seçəcək. Qaliblər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı bədii film rejissoru, “Ən yaxşı sənədli film rejissoru”, “Ən yaxşı animasiya film rejissoru” nominasiyaları üzrə mükafatlandırılacaqlar.

Yerli müsabiqədə "Qızıl nar" mükafatı uğrunda mübarizə aparacaq filmləri yerli mütəxəssislərdən ibarət münsiflər heyəti – xalq artisti Vidadi Həsənov, əməkdar artist Gülzar Qurbanova, DokuBaku Film Festivalının direktoru, rejissor İmam Həsənov müəyyənləşdirəcək. Qaliblər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari” nominasiyaları üzrə seçiləcək.

Kinoforum çərçivəsində CineDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının təqdimatında sənədli filmlər nümayiş olunacaq, ustad dərsləri, müzakirələr keçiriləcək.

Həmçinin qeyd edək ki, Festival bundan əvvəlki illərdə "Start" Beynəlxalq Qısa Filmlər Festivalı adı altında baş tutub. Beynəlxalq status daşıyan Festival 35 yaşına kimi olan rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərinin müsabiqəsini və nümayişini təşkil edir. Bu illər ərzində miqyasını xeyli genişləndirməyi bacaran kinoforum yerli müəllifləri stimullaşdırmaqla yanaşı, onları dünya praktikası, yeni tendensiyalarla tanış edir, yaradıcılıq müzakirələri üçün peşəkar ortam yaradır.

Filmlər 6,7,8,9 noyabr tarixlərində saat 11:00-dan 16:00-dək Nizami Kino Mərkəzində nümayiş olunacaq. Filmlərə giriş sərbəstdir.

Festivalın açılış mərasimi 6 noyabr saat 18:30-da, bağlanış- mükafatlandırma mərasimi isə 9 noyabr saat 17:30-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az


Etiketlər:  Qızıl Palma mükafatçısı Bakıya gəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ