Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2023 20:48
Xorvatiya millisinin keçmiş hücumçusu Boşko Balaban övladına aliment ödəmədiyi üçün Zaqreb məhkəməsi tərəfindən bir il müddətinə azadlıqdan məhrum edilib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, 2017-ci ildə Balaban iki qız və bir oğul böyütdükləri 1995-ci ildə Xorvatiya gözəli seçilən İva Radiçdən boşanıb. Boşandıqdan sonra keçmiş futbolçu aliment ödəməkdə problem yaşayıb, buna görə də 2021-ci ildə məhkəmə Balabanı 80 min avro məbləğində aliment ödəməyə məcbur edərək, dörd il sınaq müddəti ilə bir il şərti həbs cəzasına məhkum edib. Müəyyən edilmiş iki illik müddət ərzində Balaban heç vaxt keçmiş həyat yoldaşına aliment borcunun tam məbləğini ödəməyib.
Qeyd olunur ki, məhkəmə prosesi başlayandan sonra 45 yaşlı Balaban aktivlərini Bosniya və Herseqovinaya keçirib. Zaqreb məhkəməsi keçmiş futbolçunun borcunu ödədiyi halda belə həbs edilməsinə qərar verib.
Boşko Balaban Zaqrebin "Dinamo", "Aston Villa" və "Brugge" klublarındakı çıxışları ilə tanınır. Xorvatiya millisində 35 oyun keçirib və 10 qol vurub. Milli komandanın tərkibində hücumçu iki dünya çempionatında - 2002 və 2006-cı illərdə çıxış edib.
Balaban futbolçu karyerasını 2015-ci ildə Malayziyanın "Selanqor" klubunda başa vurub, bundan sonra futbol agenti olub. Xüsusilə, o, 2015-ci ildə 10 milyon avroya "Riyeka"dan "Lester"ə keçəndə Xorvatiya millisinin hücumçusu Andrey Kramariçin maraqlarını təmsil edib.