Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2023 20:36
Ermənistan KTMT-dən çıxmaq niyyətində deyil. Amma bir məsələ var ki, Ermənistanın bu ölkələr qarşısında öhdəlikləri olduğu kimi, KTMT ölkələrinin də onun qarşısında öhdəlikləri var.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ermənistan parlamentinin hakim "Mülki müqavilə" fraksiyasının üzvü Gevorq Papoyan deyib.
Onun sözlərinə görə, İrəvan KTMT-nin Ermənistana missiya göndərmək təklifini heç vaxt rədd etməyib, lakin hakimiyyət orqanları bu kontingentin harada yerləşdiriləcəyi ilə bağlı çox konkret sual veriblər və verirlər:
"Məsələn, AB-nin monitorinq missiyası deyir ki, bu təpə Ermənistan ərazisidir, o tayda isə Azərbaycandır. Yəni insanlar ölkələrin sərhədlərini aydın şəkildə müəyyənləşdirirlər. Amma biz KTMT-dən olan həmkarlarımızdan harada yerləşəcəklərini soruşduqda onlar bizə Ermənistan və Azərbaycan ərazisinin hara olduğunu demirlər. Amma onlar Ermənistanın haradan, Azərbaycanın isə haradan başladığını qeyd etməlidirlər. Əgər KTMT bu anı qeydə almazsa, o zaman atəşin haradan və kim tərəfindən açıldığını necə müəyyənləşdirəcəyi anlaşılmazdır. Yaxud Azərbaycan Silahlı Qüvvələri, obrazlı desək, 10 addım irəliləyirsə, o zaman kim biləcək ki, bunu öz ərazisində edib, yoxsa Ermənistan ərazisində. Ona görə də başlanğıc nöqtələri müəyyən etmək vacibdir və İrəvan öz tərəfdaşlarından Ermənistanın ərazi bütövlüyü ilə bağlı dəqiq mövqe tələb edir".