Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sevgi şərbəti" operasının tamaşası nümayiş olundu - FOTO

Tarix: 21 Noyabr 2023 15:30

Bakı Musiqi Akademiyasının nəzdində Opera Studiyasında ukraynalı opera rejissoru Nikola Tretyakın quruluşunda səhnəyə qoyulan "Sevgi şərbəti" operasının tamaşası nümayiş olundu. 70-ə yaxın operanın müəllifi olan görkəmli italyan bəstəkarı Qaetano Donisettinin (1797-1848) yaradıcılığında "Sevgi şərbəti", "Lüçiya Di Lammermur", "Don Paskuale", "Favoritka" kimi operalar xüsusi yer tutaraq ona dünya şöhrəti gətirmişdir.

"Sevgi şərbəti" operasını Q.Donisetti çox qısa bir müddətdə - iki həftə ərzində yazıb tamamlamışdır. Tamaşa ilk dəfə 1832-ci ildə Milan Teatrında səhnəyə qoyulmuş, bundan sonra dünyanın bir çox teatrlarının repertuarına daxil edilmişdir. 

Tamaşada ilk dəfə çıxış edən, Nemorino rolunu canlandıran Əməkdar artist, tanınmış vokal ifaçısı Ramil Qasımovun ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Əməkdar artistin ifasında ikinci pərdədə "Una furtiva lagrima" ariyası tamaşanın ən yaddaqalan anlarından biri oldu.

Eyni zamanda ilk dəfə tamaşada çıxış edən Mahir Tağızadə Belkore obrazını özünəməxsus ifa etdi.

Operanın baş rol ifaçısı Əməkdar artist İnarə Babayeva (Adina) və Xalq artisti Əkrəm Poladov (Dulkamara) öz partiyalarını yüksək peşəkarlıqla ifa etdilər.

Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi altında xor kollektivinin professional ifaları da özünəməxsuslğu ilə seçildi.

Qeyd edək ki, tamaşa ilk dəfə Xalq artisti Fəxrəddin Kərimovun idarəsi altında təqdim olunub.

Milli.Az


Etiketlər:  Sevgi şərbəti operasının tamaşası nümayiş olundu FOTO


RƏYLƏR