Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2023 19:54
"Vəziyyəti düzgün başa düşmək üçün konkret şəxslərdən uzaqlaşmaq və böyük mənzərəyə baxmaq lazımdır. Həm Samantha Pauer, həm də USAİD təşkilatı ABŞ siyasi sisteminin funksionerləridir, bu ölkənin xarici maraqlarına xidmət edir və Cənubi Qafqazda ABŞ-ın marağı Ermənistan-Azərbaycan münaqişəsinin saxlanmasındadır".
Sonxeber.net xəbər verir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında sülh təşəbbüsləri ilə tanınan erməni fəal, bloger İşxan Verdyan deyib.
ABŞ-ın və ona bağlı olan beynəlxalq təşkilatların Azərbaycan və Ermənistan arasındakı gərginliyi hələ 30 il əvvəl çözə biləcəyinə diqqət çəkən Verdyan, Vaşinqtonun sülhdə maraqlı olmadığı üçün heç bir addım atmadığını dilə gətirib.
"Bu gün ABŞ-ın dünyanın ən qüdrətli ölkəsi olduğunu inkar etmək çətindir, onun üçün Qarabağ münaqişəsini on dəqiqəyə həll etmək o qədər də çətin deyildi. Bu arada, münaqişənin lap əvvəlindən ABŞ onun ehtimal olunan həlli prosesində ATƏT-in Minsk qrupunun həmsədri kimi iştirak edib, lakin həyatın göstərdiyi kimi, Minsk qrupu münaqişənin həlli istiqamətində işləməyib. Sadəcə prosesi mümkün qədər dondurmağa çalışıb. Minsk qrupunun digər həmsədrləri - Rusiya və Fransa problemin həlli prosesini mümkün qədər ləngitmək niyyətlərini artıq açıq şəkildə bəyan ediblər. Beləliklə, Rusiya qərarı gələcək nəsillərin öhdəsinə buraxmağı təklif etdi və Fransanın təxribatçı siyasəti, məncə, hamıya aydındır", - deyə İ.Verdyan bildirib.
44 günlük müharibədən sonra da sülh carçısı kimi çıxış edən ABŞ, sülhə yaxınlaşdıqca bitərəf mövqeye keçməyə başladı. İşxan Verdyan ABŞ-ın hazırda İrəvanın yanında yer almasını da, sülhün bərqərar olmasında Vaşinqtonun maraqlı olmaması ilə əlaqələndirir.
"Əvvəlcə, hələ sülh tapmaq mümkün olmayanda, ABŞ maraqlı sülhməramlı rolunu oynadı, müxtəlif səviyyələrdə müxtəlif görüşlərə və bir həftə davam edən danışıqlar marafonlarına ev sahibliyi etdi. Amma real sülhün mümkünlüyü üfüqdə görünən kimi ABŞ erməni tərəfini qətiyyətlə dəstəkləyərək Azərbaycan tərəfini tamamilə görməzdən gələrək əsl niyyətini ortaya qoydu.
Beləliklə, bu "şər üçbucağının" sonuncu oyunçusu ATƏT-in Minsk Qrupu oyuna girdi və tərəfləri münaqişəni davam etdirmək üçün açıq şəkildə təhrik etməyə başladı. Qafqazda sülh ABŞ-a sərfəli deyil, çünki bu, Türkiyə üçün yaxşı inkişaf perspektivləri açacaq və onun təsirinin şərqə, türk ölkələrinə yayılmasına şərait yaradacaq.
Qarabağ münaqişəsi hadisələrin bu cür inkişafına təbii əngəl rolunu oynadı və indi, o, yox olanda, yeni bir şey ortaya qoymaq lazımdır. Yeni həll yolu kimi Azərbaycanı mütləq şər, Ermənistanı isə nurun döyüşçüsü kimi təqdim etməyə və bütün bunlara erməniləri inandırmağa çalışırlar. Samanta Pauerin və ABŞ-ın xarici təsirinin digər elementlərinin birtərəfli davranışı buradan qaynaqlanır".
Erməni fəal əlavə edib ki, ABŞ-ın Azərbaycana qarşı haqsızlığı yeni reallıq deyil. Hələ birinci Qarabağ müharibəsi zamanı dağıdılan Azərbaycan şəhərləri və qaçqın düşən azərbaycanlıların taleyi ilə bağlı Vaşinqtonun heç bir addım atmaması, onların Cənubi Qafqazdakı maraqlarının türklərsiz reallaşdırmaq istəyindən xəbər verir.
"Yeri gəlmişkən, ABŞ ədalətsizliyə indi göz yummağa başlamayıb. Ermənilər tərəfindən dağıdılan Azərbaycan şəhərlərinin heç yerdə xatırlanmaması heç kimə təəccüblü görünmürmü?
Baxmayaraq ki, Azərbaycan Ermənistan ərazisində ən azı bir kəndi dağıtsaydı, dünyada elə bir soyqırım hay-küyü baş qaldıracaqdı ki, Azərbaycan buna qarşı çıxa bilməzdi. Qeyd etmək yerinə düşərdi ki, ABŞ və Rusiya eyni komandada necə oynamaq lazım olduğunu bildiyi üçün Samanta Pauerin Ruben Vardanyanla əlaqələri artıq öz-özünə aydın görünür.
Fövqəlgüclərin maraqları milli mənsubiyyətə görə ayrı-seçkilik etmir və bir sual açıq qalır - "biz hardan bilək ki, bütün fövqəlgüclərin maraqları ümumi deyil?" Əgər Qarabağ məsələsində adi haldırsa, bəs dünyanın başqa yerlərində niyə fərqli olmalıdır? Bir məsələdə razılığa gələn fövqəldövlətlərin digər məsələlərdə razılığa gəlməsinə nə mane olur? Digər super güclər? Amma başqaları yoxdur", - deyə İ.Verdyan əlavə edib.