Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xroniki yorğunluq sindromunun əsas əlamətləri və səbəbləri açıqlanıb

Xroniki yorğunluq sindromunun əsas əlamətləri və səbəbləri açıqlanıb

Tarix: 5 Dekabr 2023 00:45

"Gündəlik həyatda insanın özünü taqətsiz, halsız, yuxulu hiss etməsinə, hər hansı bir işi görmək üçün enerjinin olmamasına yorğunluq kimi baxılır".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov deyib.

Onun sözlərinə görə, əgər bir insan fiziki iş gördükdən sonra, yorulursa və istirahət zamanı sərf etdiyi enerjisi bərpa olunursa, bu normal hal hesab edilir.

"Müayinə zamanı heç bir xəstəlik müşahidə olunmursa, istirahət etməsinə baxmayaraq, insan özünü halsız hiss edirsə və 6 ay ərzində halsızlıq getdikcə daha da artırsa, bu vəziyyət xroniki yorğunluq sindromu adlanır. Xroniki yorğunluq sindromunda yorğunluq, halsızlıq, yuxululuq və ya yuxusuzluq halı müşahidə edilir", - N.Məhərrəmov vurğulayıb.

Ekspert bildirib ki, xəstəlikdən dolayı yaranan yorğunluq, xəstəlik müalicə olunduqdan sonra aradan qalxır.

Həkimin sözlərinə görə, qanazlığı olan insanlarda əsasən yorğunluq, halsızlıq, gücsüzlük, nəfəs darlığı, baş gicəllənməsi, ürəyin tez-tez döyünməsi və s. əlamətlər hiss olunur: "Anemiyada olan yorğunluq orqanların toxumalarında yetərli miqdarda oksigen çatışmazlığı nəticəsində əmələ gəlir. Eyni zamanda, qalxanabənzər vəz xəstəliklərində, əsasən də orqanın həddindən artıq böyüməsi, davamlı yorğunluğa səbəb ola bilər. Orqanizm, infeksiyalara qarşı daimi mübarizə aparmasına görə, zəif immun sistemi də xroniki yorğunluq yarada bilər. Şəkər xəstəliyi və insulin müqaviməti zamanı da yorğunluq müşahidə olunur. Belə ki, yemək zamanı qanda şəkərin dərəcəsində düşmə yaranarsa və şirin yemək istəyi, halsızlıq, ürək döyüntülərinin artması müşahidə olunarsa, buna reaktiv şəkər düşməsi deyilir. Belə insanlar tez çəki alır və özünü tükənmiş hiss edirlər".

O qeyd edib ki, həmçinin, ağciyər və qaraciyər xəstəliklərinin çoxunda yorğunluq görünür: "Sadaladıqlarımızdan başqa hərəkətsizlik, həddindən artıq fiziki əməklə məşğul olmaq, xroniki stres və depressiya, arıqlamaq üçün pəhrizlər, antidepressant qəbulu, siqaret çəkmək və spirtli içki qəbulu, xolestrol düşürücü dərmanların istifadəsi, normal qidalanmama, vitamin və mineral çatışmazlığı, burun tənəffüsü problemləri də yorğunluğa səbəb olur".

Ekspert xəstəliyin müalicəsi barədə də danışıb: " Müalicənin əsası simptomları yaxşılaşdırmaqdır. Hər bir xəstəyə özəl müalicə yanaşması seçilməlidir. İlk növbədə psixoloji dəstək verilməlidir, çox düşünməkdən, keçmişdə etmədiklərindən, gələcəyi həddindən artıq planlamaqdan çəkinmək lazımdır. Gün ərzində yarım saat sürətli yerimək və 1.5-2 litrə qədər su içmək önəmlidir. İş mühiti və istirahəti düzgün qurulmalıdır".

N.Məhərrəmov söyləyib ki, qısa müddətli və tez-tez dincəlmə mühiti yaradılmalıdır: "Bundan əlavə, pasient düzgün qidalanmanın əsas prinsiplərinə əməl etməlidir. Şirin və yağlı qidalardan mümkün qədər az istifadə olunmalıdır. Axşam yeməklərində daha çox tərəvəz və meyvə istifadəsi məqsədəuyğundur. Müalicə boyunca xəstə hər addımda yaxşılaşacağı ilə motivasiya edilməlidir".

Milli.Az


Etiketlər:  Xroniki yorğunluq sindromunun əsas əlamətləri səbəbləri açıqlanıb


RƏYLƏR