Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kiyev məğlub olmaq təhlükəsi ilə üz-üzə

Kiyev məğlub olmaq təhlükəsi ilə üz-üzə

Tarix: 7 Dekabr 2023 09:40

Elxan Şahinoğlu: "ABŞ-da da Ukrayna müharibəsindən yorğunluq əmələ gəlib, yardımı dayandırsalar..."

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Ukraynaya dəstək mövzusunda jurnalistlərə açıqlama verib. Metyu Miller ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımı göstərmək qabiliyyətinin azaldığını bildirib. "Ukraynaya yardım baxımından "çəlləyin dibindəyik", - deyə Metyu Miller fikrini ifadə edib. 

O, Ukraynanın çox çətin qışla qarşı-qarşıya qalacağını da bildirib, həmçinin konqresmenlərin Ukraynaya yardımı davam etdirmək üçün Ağ Evi dəstəkləyəcəyinə ümid etdiyini bildirib.     

Bəs ABŞ-ın Ukraynaya yardımının azalması, yaxud dayanması Ukrayna üçün nə hansı nəticələr doğurar? Ukraynanın Rusiya qarşısında tamamilə çökməsinə və məğlubiyyətinə gətirib çıxara bilərmi?

Politoloq Elxan Şahinoğlu "Yeni Müsavat"a bildirdi ki, bu ilin yay aylarında Ukrayna döyüş bölgəsində öz xeyrinə dəyişiklik yarada, ərazilərini geri qaytara bilmədi: "Bunun da obyektiv və subyektiv səbəbləri var idi. Çünki ərazilər Rusiya ordusu tərəfindən minalanıb, Rusiya üçqat istehkam sistemləri qurub. Üstəlik də Qərb Ukraynaya kifayət qədər hərbi texnika vermədi. İndiyə qədər də "F-16" təyyarələri müxtəlif bəhanələrlə Ukraynaya verilmir. Bu vəziyyət isə əlbəttə ki, Ukraynanın əks həmlələrini zəiflədir və bu vəziyyətdən istifadə edən Rusiya müqavimətini gücləndirir. Bir qədər də Avropa ölkələrində, Qərbdə bu müharibədən yorğunluq əlamətləri özünü göstərir. Bir sıra dövlətlər artıq Ukraynaya kifayət qədər yardım edə bilməyəcəklərini açıqlayırlar. Bu sırada Almaniyanın, Macarıstanın, Çexiyanın adını çəkmək olar. Ukraynanın əsas dəstəkçisi ABŞ-da da Ukrayna müharibəsindən yorğunluq əmələ gəlib. Amerika Konqresi Ukraynaya maliyyə yardımı ayırmaqdan imtina edib. Ukrayna isə hər ay maliyyə yardımı almasa, həm ölkənin iqtisadiyyatını idarə etmək, həm də müharibəni davam etdirmək çox çətin olacaq. Çünki Ukraynanı xeyli dərəcədə ayaq üstdə saxlayan ABŞ-ın maliyyə və digər yardımlarıdır. Lakin belə görünür ki, ABŞ artıq bu yardımları azaltmağa çalışır. Gələn il Amerikada prezident seçkisi keçiriləcək. Əgər seçkilərdə hazırkı prezident Co Bayden məğlub olarsa, sabiq prezident Donald Tramp və ya Respublikaçı namizəd qələbə çalarsa, Ukraynaya ABŞ-ın dəstəyi bir qədər də azalacaq. Çünki Respublikaçılar ümumiyyətlə, Ukraynaya yardımın dayandırılmasının tərəfdarıdır. Elə bu səbəbdən Ukraynanın özündə artıq fikir ixtilafı yaranıb ki, müharibə davam etsin, yoxsa indiki şərtlər altında müharibəni davam etdirmək çətin olacaq? Prezident Zelenski, baş qərargahın rəisi Zalujnı,  Kiyevin meri Kliçko müxtəlif fikirlər bildirirlər. Prezident Zelenski özü də yardım olmayacağı halda müharibəni davam etdirməyin çətin olacağı barədə mesajlar verir".

Politoloq qeyd etdi ki, əgər müharibə dayansa və Ukrayna masada oturmağa məcbur qalsa, bu, Ukrayna dövlətinin məğlubiyyətinə yol aça bilər. Rusiya da bundan öz məqsədləri üçün istifadə edib işğalı rəsmiləşdirməyə çalışacaq: "Düzdür, bu o demək deyil ki, Ukrayna bununla işğalla barışmış olacaq. Amma müharibə dayansa, artıq Ukraynanın gələcəkdə Krım və Donbasın böyük hissəsini geri qaytarması xeyli dərəcədə çətinləşəcək".


Etiketlər:  Kiyev məğlub olmaq təhlükəsi ilə üzə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ