Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bəhruz Quliyev: “Növbədənkənar prezident seçkiləri yeni bir mərhələnin başlanğıcı olacaq”

Bəhruz Quliyev: “Növbədənkənar prezident seçkiləri yeni bir mərhələnin başlanğıcı olacaq”

Tarix: 15 Dekabr 2023 16:56

"Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalqı ona görə cənab Prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi Ulu öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və son 20 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalqı ona görə prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir". Bu fikirləri KİV-ə açıqlamasında SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib.

Media Qrupunun rəhbəri bildirib ki, Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı İlham Əliyevin hələ 2003-cü ildə ölkə başçısı kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi varisliyin layiqli davamının siqnalı idi: "Onun Ümummilli Lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm hadisə olaraq dəyərləndirilir. Və əbəs deyil ki, Prezident İlham Əliyev Azərbaycanda alternativsiz lider, Cənubi Qafqaz regionunda isə böyük siyasi və dövlət xadimi olaraq tanınmaqdadır. Bu mənada, Ulu Öndər Heydər Əliyevin 2003-ci ildəki prezident seçkiləri ərəfəsində irəli sürdüyü daha bir fikrini diqqətə çatdırmaq yerinə düşərdi. O, cənab İlham Əliyevi şəxsiyyət və dövlət xadimi kimi xarakterizə edərkən deyirdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir".

Bəhruz Quliyev 44 günlük Zəfər tarixinə də diqqət çəkərək bildirib ki, 44 günlük zəfər yürüşündə döyüşlərin aparılması, taktikaların və strategiyaların müəyyən edilməsi, ordu birləşmələrinin hərəkət trayektoriyaları, əməliyyatların hazırlanması və s. tərtibli planlar birbaşa Ali Baş Komandan cənab İlham Əliyevin nəzarəti ilə işlənilir və həyata keçirilirdi: "O, Ordunun başında dayanan Sərkərdə olaraq düşmənə vurulan ağır, sarsıdıcı zərbələrin hər birində mühüm missiyasını həyata keçirməklə yanaşı, həm də diplomatik fəaliyyətini davam etdirdi, o cümlədən dünyanın aparıcı nüfuzlu media qurumlarına Azərbaycanın apardığı haqq-ədalət işini çatdırdı. Bütün bu kimi ağır, məsuliyyətli işlərin, siyasətin öhdəsindən isə yalnız qətiyyətli, dəmiriradəli Lider, böyük strateq gələ bilərdi. Prezident İlham Əliyev xalqımızın ən böyük arzularını gerçəkləşdirən Şəxsiyyət, eyni zamanda, Müzəffər Lider kimi adını da əbədi olaraq tarixə yazdı. O, son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Müzəffər Liderliyin ali təcəssümü: Ata vəsiyyətini yerinə yetirən qürurlu Övlad!.

SƏS Media Qrupunun rəhbəri əlavə edib ki, Prezident İlham Əliyevin bütövlükdə 20 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərmişdir. Təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılmışdır. Başqa sözlə, Prezidenti İlham Əliyev Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu coxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Prezident İlham Əliyevin bütün diplomatik addımları milli maraqlardan çıxış etməklə zərgər dəqiqliyi ilə hesablanıb və bir çox halda siyasi opponentlərinin intellekti imkan vermir ki, onlara vaxtında düzgün adekvat reaksiya versinlər".

Baş redaktor həmçinin onu da bildirib ki, 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri də adlandırmaq olar: "Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Prezident seçkiləri artıq ölkəmizin istisnasız bütün ərazilərində, o cümlədən, işğaldan azad edilmiş Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda keçiriləcək. Bu, Azərbaycan xalqının öz Prezidentinin rəhbərliyi ilə əldə etdiyi ən böyük tarixi nailiyyətidir. Əminəm ki, bu növbəti yeni bir eranın başlanğıcı olacaq, eləcə də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan növbəti bir mərhələyə qədəm qoyacaq".

Milli.Az


Etiketlər:  Bəhruz Quliyev Növbədənkənar prezident seçkiləri yeni bir mərhələnin başlanğıcı olacaq


RƏYLƏR