Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-dan MİT etirafı: Tənha uçuş zolağı, türk agenti - Fidan elə bir şəbəkə yaradıb ki...

ABŞ-dan MİT etirafı: Tənha uçuş zolağı, türk agenti - Fidan elə bir şəbəkə yaradıb ki...

Tarix: 21 Dekabr 2023 12:16

ABŞ-nin "Wall Street Journal" qəzeti Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) fəaliyyətini araşdıran təhlil aparıb. "WSJ"-nin hesabatında düşmən dövlətlərin Soyuq Müharibə illərindən sonra ilk dəfə bazarlıq məqsədi ilə çoxlu sayda Amerika vətəndaşını saxladığı və Türkiyənin Ukrayna-Rusiya müharibəsinin başlaması ilə girov danışıqlarında mühüm rol oynadığı ifadə edilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Tənha uçuş zolağı, türk agenti və sıfır silah: məhbus mübadiləsinin yeni dünyası" başlıqlı məqalədə Vaşinqtonun girovları geri almaq üçün Türkiyəyə müraciət etdiyi vurğulanıb. Xəbərdə 27 aprel 2022-ci ildə Ankara Esenboğa Hava Limanında ABŞ və Rusiya arasında baş verən mübadilənin təfərrüatları verilib və Türkiyənin daha sonra Ukrayna ilə Rusiya arasında girov mübadiləsi etdiyi xatırladılıb.

"Vasitəçilərin mərkəzi"

"WSJ" yazısında "Türkiyənin ABŞ, Ukrayna və Rusiya arasında vasitəçilik səylərinə başlamasından sonra Bayden bütün NATO-ya üzv ölkələrin liderlərinin qatıldığı sammitdə Ərdoğanı tərifləyib" ifadələrini işlədib.

Qəzetə açıqlama verən Türkiyə rəsmisi kəşfiyyat diplomatiyasının bütünlüklə etibara əsaslandığını vurğulayıb.

"Türkiyə məhbus mübadiləsi, sülh danışıqları və arxa qapı danışıqlarına ev sahibliyi etməklə Yaxın Şərqdəki vasitəçilərin mərkəzində yer alır" deyilən xəbərdə MİT-in İsrail və HƏMAS arasında əsir mübadiləsi danışıqlarında da rolu olduğu vurğulanıb.

Kəşfiyyat diplomatiyasını aktivləşdirdi

Amerika və İsrail Türkiyədən kömək istəmişdi. Türkiyə HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının 7 oktyabr hücumundan sonra başlayan hadisələrlə əlaqədar kəşfiyyat diplomatiyasını aktivləşdirərək, gərginliyi azaltmaq və əsirləri azad etmək üçün təşəbbüslər irəli sürmüşdü. Bu çərçivədə MİT sədri İbrahim Kalın prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi əsasında HƏMAS nümayəndələri ilə yanaşı Qətər, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, ABŞ və İngiltərədəki həmkarları ilə də görüşlər keçirdi.

Girov diplomatiyasının gizli əli

Təhlildə Xarici İşlər Naziri Hakan Fidan üçün ayrı bir bölmə açılıb. "WSJ" qeyd edib ki "Türkiyənin girov diplomatiyasının gizli əllərindən biri də xarici işlər naziri Hakan Fidandır. Fidanla işləyən Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) keçmiş əməkdaşları onun geosiyasi qırılma xətlərini aşan bir şəbəkə yaratdığını və Vaşinqton və Moskvada sıx əlaqələr qurduğunu deyiblər".

Təhlildə Rusiya ilə ABŞ arasında məhbus mübadiləsinin təfərrüatları da qeyd olunub. Türkiyənin hazırda qlobal girov diplomatiyasında mühüm aktyor olduğunu vurğulayan "WSJ" bu ifadələrə yer verib:

"Rusiyanın 2022-ci ildə Ukraynanı işğal etməsindən iki ay sonra ABŞ və Rusiya Fidanın ofisinə sorğu göndərib: İstanbulda məhbus mübadiləsinin asanlaşdırılmasına kömək edəcəkmi? Trevor Ridin rus pilotu Konstantin Yareşenkonun müqabilində azadlığa buraxılması təklifi formalaşarkən Moskva mübadilələrə ev sahibliyi etməyi təklif etdi. Birləşmiş Ştatlar rusların son anda dəyişikliklər edə biləcəyindən və ya sövdələşmədən imtina edərək onları əliboş qoyacağından qorxaraq təklifi rədd etdi. Belə olan təqdirdə ABŞ və Rusiya kəşfiyyat rəsmiləri bu iş üçün İstanbulu seçdilər".

 

Milli.Az


Etiketlər:  ABŞ dan MİT etirafı Tənha uçuş zolağı türk agenti Fidan elə bir şəbəkə yaradıb ki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ