Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2023 08:06
Bir müddət öncə İsraildə səfirlik açmaqla Təl-Əvivlə münasibətləri gücləndirməyə çalışan Ermənistan istədiyinə nail olmadıqdan sonra hazırda bu prosesi "ictimai səviyyədə" davam etdirməyə çalışır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, İsraildəki "Noyan Tapan" erməni təhsil və mədəniyyət mərkəzinin mətbuat katibi Mendel Korsunski bu əlaqələri genişləndirmək üçün böyük imkanlar olduğunu iddia edib.
O bildirib ki, İsraildə ziyalıların "böyük hissəsi" erməniləri və Ermənistanı dəstəkləyir. Bu cür ziyalıların "bazar adamlarından" (sıravi yəhudiləri nəzərdə tutur) fərqləndiyini iddia edən Korsunski guya ermənilər və yəhudilərin tarixini bildikləri və bu iki xalq arasında "oxşarlıqlar olduğu" üçün onların Ermənistana dəstək verdiyini vurğulayıb.
Onun fikrincə, İsrailin Azərbaycanı dəstəkləməsinin səbəbi İranın mövqeyidir: İranda, məsələn, şah hakimiyyəti qurularsa, İsrailin Azərbaycana marağı itəcək.
O, İsraillə Ermənistanın əlaqələrinin inkişafı üçün rəsmi İrəvanın "proqram hazırlaması", bu istiqamətdə təbliğat aparılması, İsrailə qarşı ermənilərin sərt ifadələr işlətməsini dayandırması, birbaşa təyyarə reyslərinin açılmasının vacibliyindən də danışıb.
Qeyd edək ki, Korsunski yəhudilər arasında ermənilərə patoloji nifrət məsələsinə, nədənsə, toxunmayıb. Təl-Əvivdə və Qüdsdə yəhudi gənclərin xüsusilə erməni yepiskoplara qarşı nifrət ifadə edən hərəkətləri, hətta onların üzünə tüpürmələri, özlərini "qədim xalq" sayan bu zümrəni ələ saldıqlarından ümumiyyətlə bəhs etməyib və bunun səbəblərini də açıqlamayıb.
"Tarixi bilən" yəhudi ziyalılara isə bəllidir ki, 1918-ci il qətliamlarında erməni terrorçular təkcə Quba ərazisində 3 min yəhudini qətlə yetirmişdilər.
"Tarixi bilən" yəhudi ziyalılara o da məlumdur ki, dünyada yəhudilər üçün ən tolerant ölkə Azərbaycan olub və indi də bu ənənə qorunur. Ancaq Ermənistan monoetnik ölkədir.
İsrail ilə Azərbaycanın müttəfiqlik münasibətlərinin səviyyəsi həm də Azərbaycandan İsrailə köçən yəhudilərin Azərbaycanı doğma sayması, ölkəmizlə əlaqələrini qəti şəkildə kəsməməsi, İsraildə və dünyada təbii bir lobbiçiliyimizi etmələri, Azərbaycan həqiqətlərinin daşıyıcıları olmalarıdır. Paralel olaraq ölkələr arasında hərbi və iqtisadi sahədə ciddi əlaqələr var - İsrailin neft idxalında Azərbaycan mühüm yer tutur.