Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurani-kərimin fərqli qiraətləri

Qurani-kərimin fərqli qiraətləri

Tarix: 26 Dekabr 2023 08:32

İslamın ilk dövrlərindən etibarən Quranın oxunuş qaydaları arasında müəyyən fərqlər meydana çıxmağa başladı. Ümumiyyətlə, Müqəddəs Kitab uzun müddət yazılı deyil, yalnız şifahi formada nəsildən-nəslə ötürülmüşdü. Bunun nəticəsində Quranın nüzulundan sonrakı 40 il ərzində bəzi kəlmələrin oxunuşunda fərqlər yarandı.

Ana dili ərəb dili olmayan millətlərin İslama gəlişindən sonra bəzi ayələrin yanlış oxunması faktları da aşkara çıxdı. Xüsusuilə, Azərbaycanın fəthi zamanı müsəlman döyüşçülərin fərqli qiraəti məlum olduqdan sonra xəlifə Osman Quranın yazıya alınmasını əmr etdi. (Quranın bundan əvvəl də yazıya alınması barədə müəyyən məlumatlar vardır və bu mövzu daha geniş izaha ehtiyaclıdır). Hətta yazıya alındıqdan sonra da uzun müddət Qurani-Kərim hərəkələr (hərflərin üzərində və altında saitləri bildirən işarələr) və nöqtələr olmadan köçürülürdü. Bu isə ayırı-ayrı kəlmələrin oxunuşunda fərqlərin yaranmasına gətirib-çıxarırdı.

Burada Həzrət Muhəmməd Peyğəmbərin (s) dilindən rəvayət edilən "yeddi hərf" hədisi barədə qısa məlumat vermək istərdik. "Yeddi hərf" hədisi həm əhli-sünnə, həm də şiə mənbələrində nəql edilmişdir. Hədisin bir-birindən prinsipial şəkildə fərqlənməyən bir neçə variantı vardır. Bu variantları ümumiləşdirərək deyə bilərik ki, həzrət: "Quran yeddi hərf üzərində nazil olmuşdur, bunlardan hansı biri sizə rahatdırsa, onun əsasında Quranı oxuyun", - deyə buyurmuşdur. Hətta Səhihi-Müslimdəki bir rəvayətə görə Allah Peyğəmbərə Quranı bir ləhcə üzərində oxumağı əmr etmiş, Peyğəmbər ümmətin rahatlığı üçün daha çox variant istəmiş, bu zaman Allah əvvəlcə iki, daha sonra yeddi ləhcə (hərf) üzərində oxumağa icazə vermişdi.

Bu hədisdəki yeddi hərfin nədən ibarət olduğu barədə alimlər arasında fikir ayrılığı vardır. Bəzi alimlər bu yeddi hərfi Peyğəmbər (s) zamanındakı yeddi məşhur ərəb ləhcəsi kimi yozmuşlar. Qurani-Kərim fəsahətli Qüreyş ləhcəsində nazil olsa da, Peyğəmbər (s) sair qəbilələrin Müqəddəs Kitabı rahat oxuya bilmələri və qəbilə təəssübünə uymamaları üçün hər qəbiləyə öz ləhcəsinə uyğun şəkildə Quranı oxumaq icazəsi vermişdi (burada Qüreyş, Hüzeyl, Yəmən, Təmim, Əzd və s. ləhcələr nəzərdə tutulur). Bəzi alimlər isə hədisdəki yeddi hərfi məhz az sonra məlumat verəcəyimiz yeddi fərqli qiraət üslubu kimi mənalandırmışlar ki, bu nəzəriyyənin düzgünlüyü ciddi şübhə altındadır.

İlk qarelər

Hələ İslamın ilk əsrində, səhabələr dövründə bir neçə böyük səhabə Quran tilavətinin ustadı kimi tanınmışdı. Onların qiraət qaydaları məşhur idi və digər müsəlmanlar tərəfindən qəbul edilir, öyrənilirdi. Xilafətin iri şəhərlərində bu səhabələr məktəb açıb, Quranı tədris edirdilər. Onların hər birinin şagirdləri yetişirdi. İmam Əli ibn Əbutalib (ə), Abdullah ibn Məsud, Übeyy ibn Kəb, Əbu Dərda, Zeyd ibn Sabit, daha sonralar tabein təbəqəsindən olan Abdullah ibn Abbas, Əbul-Əsvəd Duəli, Əlqəmə ibn Qeys, Abdullah ibn Saib, Əsvəd ibn Yezid, Məsruq ibn Əcdə, Əbu Əbdürrəhman Süləmi kimi şəxsiyyətlər öz qiraət üslublarını yaratmışdılar. Müəyyən kəlmələrin tələffüzündə, ayələrin bölünməsində onlar arasında bəzi fərqlər mövcud idi.

Yeddi məşhur qare

Sonrakı dövrlərdə də Quran qiraəti istiqamətində fəaliyyətlər davam etdirildi. Hicrətin ilk iki əsrində yaşayan, ərəb dilinin leksika və qrammatikasını mükəmməl bilən bir neçə alim qiraət elmində öz görüşlərini sistemləşdirməyə nail oldu. Xilafətin mərkəzi şəhərlərində yaşayan alimlərin bu görüşləri qısa müddət ərzində qiraət məktəbi kimi formalaşdı. Zaman keçdikcə qarelər arasından 7 nəfər seçilərək, ardıcıllarının sayı baxımından üstünlük qazandı. Bu 7 qarenin hər birinin qiraət qaydaları iki şagirdi (bunlara "ravi", yəni rəva-yətçi deyilir) tərəfindən sonrakı nəsillərə ötürüldü.

Bəs bu yeddi qiraət qaydası nə zamandan məşhurlaşdı? Hicrətin ilk üç əsri ərzində onlarla qiraət üslubu təşəkkül tapmışdı. Məsələn, miladi 839-cu ildə vəfat etmiş Quran mütəxəssisi Əbu Übeyd Qasim ibn Səllam "əl-Qiraat" kitabında Qurani-Kərimi fərqli üslublarda oxuyan 25 nəfər qaridən bəhs etmişdir. Mənbələrin verdiyi məlumata görə, miladi X əsrin birinci yarısında Bağdad qarilərinin şeyxi kimi tanınmış Əbu Bəkr ibn Mücahid müxtəlif qiraət məktəbləri arasından yeddi üslubu bəyənərək, onları qanuni elan etmişdir.

Yeddi məşhur Quran qaresi kimlərdən ibarətdir?

Birinci qare

Yeddi qarenin birincisi Abdullah ibn Amir Diməşqi (vəf. 736) bir çox səhabədən Quran qiraətini öyrənmiş, Diməşq şəhərində məskunlaşmışdı. Səhabə Əbu Dərda vəfat etdikdən sonra Şam vilayətinin ən məşhur Quran qa-resi Abdullah oldu. O, Diməşq məscidinin imam-camaatı, bu vilayətin qazısı idi.

Raviləri

Abdullah ibn Amirin birinci ravisi Hişam ibn Əmmar (vəf. 859-860) həm də gözəl natiq kimi tanınırdı. Öz dediyinə görə, 20 il ərzin¬də bir dəfə də olsa, əvvəllər oxuduğu xütbə¬ni təkrar etməyib, həmişə yeni xütbə söyləyibmiş. Bununla belə, Hişamın barəsində alimlərin fikirləri ziddiyyətlidir. Bəziləri onu tərifləmiş, bəziləri isə ədalətsizdir deyə, tənqid etmişlər.

İbn Amir Diməşqinin ikinci ravisi İbn Zəkvan (vəf. 856-857) öz dövrünün ən mahir Quran bilicilərindən sayılır, Diməşq came məscidində cümə günlərindən başqa həftənin bütün günlərində camaat na¬mazlarına imamlıq edirdi.

İkinci qare

İkinci məşhur qare Abdullah ibn Kəsir Məkkinin (vəf. 738) əsli iranlı idi. O, məşhur səhabələrdən Ənəs ibn Malik və Abdullah ibn Zübeyrlə daha çox ünsiyyətdə olmuşdu. Buxari və Müslim öz Səhihlərində Abdullah ibn Kəsirin rəvayət etdiyi hədisləri də yerləşdirmişlər.

Raviləri

İbn Kəsirin birinci ravisi Əhməd ibn Mühəmməd Bizzi (vəf. 864) əslən İranın Həmədan şəhərindən olub, Məkkədəki Məscidül-həramda müəzzinlik edirdi. İkinci ravi Mühəmməd ibn Əbdürrəhman Qunbul də Məkkədə yaşayırdı. Ömrünün sonlarına yaxın Qunbul Məkkənin darğası vəzifə¬sinə təyinat almışdı (vəf. 904).

Üçüncü qare

Yeddi məşhur qarenin üçüncüsü olan Asim ibn Əbün-Nücud Kufinin (vəf. 744-745) qiraəti hal-hazırda müsəlman aləmində ən geniş yayılmış qiraət hesab olunur və dünyanın əksər ölkələrində nəşr olunan Quran nüsxələri onun qiraət qaydalarına əsaslanır. Asim qiraət üslubunu müəllimi Əbu Əbdürrəhman Süləmi vasitəsilə Imam Əlidən (ə) mənimsəmişdir. Həmçinin, o, Abdullah ibn Məsudun şagirdi Zərr ibn Hübeyşin də şagirdi olmuşdur. Beləliklə, Asim həm İmam Əlinin (ə), həm də İbn Məsudun qiraətindən faydalanmışdır.

Raviləri

Asimin ravilərindən biri olan Həfs ibn Süleyman Əsədi Kufini öz müəllimi Asimin ögey oğlu hesab edirlər (vəf. 796-797). İkinci ravi Əbu Bəkr Şöbə ibn Əyyaş Əsədi Kufi (vəf. 809) isə qiraətdə üstünlüyü ilə yanaşı, hədis sahəsində çox səhv etməsi ilə məşhurdur.

Dördüncü qare

Yeddi qarenin dördüncüsü Əbu Əmr Zəbban ibn Əla Bəsri (vəf. 771) əslən iranlı idi. O, qarelər içində müəllimlərinin sayının çox¬luğu ilə seçilir. Əbu Əmr Məkkə, Mədinə, Kufə və Bəsrə şəhərlərində müxtəlif Quran bilicilərindən dərs almışdı. Hicri V əsrə kimi Şam vilayətində Abdullah ibn Amir Diməşqinin qiraəti hakim idi. Lakin həmin əsrdən etibarən, Əbu Əmrin qiraət məktəbi Şamda sürətlə yayılaraq, digər qiraət üslublarını sıxışdırdı.

Raviləri

İki ravi onun qiraət üslubunu yaşat¬mışdır. Ravilərin birincisi Həfs ibn Əmr Duri Əzdi (vəf. 860-861) qiraət elmi barədə bilikləri toplamağa başlayan ilk şəxsdir. İkinci ravi Əbu Şüeyb Saleh ibn Ziyad Susi isə İranın Şuş şəhərindən idi. Tarix kitablarında onu etibarlı hədis rəvayətçisi kimi də səciyyələndirirlər (vəf. 874).

Beşinci qare

Beşinci məşhur qare Əbu Əmmarə Həmzə ibn Həbib Zəyyat Kufi (vəf. 773) də əslən iranlı idi. Həmzəni İmam Cəfər Sadiqin (ə) şagirdlərindən hesab edirlər.

Raviləri

Həmzənin qiraət məktəbini də iki ravi davam etdirmişdir. Bunların birincisi Əbu Mühəmməd Xələf ibn Hişam Əsədi (vəf. 843-844) on yaşında bütün Quranı əzbər bilirdi, 13 yaşından qiraətlə məşğul olmağa başlamışdı, Bağdadda yaşayırdı.

İkinci ravi Əbu İsa Xəllad ibn Xalid Şeybani (vəf. 835) isə Kufədə ömür sürürdü.

Milli.Az


Etiketlər:  Qurani kərimin fərqli qiraətləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ