Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2019 11:32
Bakı. Trend:
Rövşən Abdullaoğlu tanınmış yazıçı, ˝Bu şəhərdə kimsə yoxdur˝, “Çətin olsa da, həyat davam edir” və digər bestseller kitablarının müəllifidir. Kitabları türk, rus və ingilis dillərinə tərcümə olunub. Universitetlərdə fərdi inkişaf mövzularında təlimlər keçirir, tələbələrlə müxtəlif tədbirlər çərçivəsində tez-tez görüşlər təşkil edir.
– İqtisad Universitetinin məzunu olduqdan sonra sizi ixtisasınızı dəyişərək psixologiya və fəlsəfəni seçməyə, yazıçı olmağa, fərdi inkişaf təlimçisi kimi fəaliyyət göstərməyə nə sövq etdi?
– Bu mövzular ruhumla uyğun idi. Psixologiya, fəlsəfə, ümumiyyətlə, insan, cəmiyyət barədə suallar erkən yaşlarımdan məni dərindən düşündürüb. Mövzu ilə əlaqədar kitablar oxuyardım, düşüncələrimi dəftərə yazardım, gəldiyim nəticələri, səhvlərimi, düzlərimi çox təftiş edərdim. İllər keçdikcə özünüaxtarma, ətrafı müşahidə ilə başlamış yol məni bu sahədə təhsil almağa, sonra da əsərlər yazmağa sövq etdi. Bu əsərlərin insanlara faydasını gördüyüm üçün doğru seçim etdiyimi düşünürəm.
– Həyatınızda müxtəlif ölkələrə səyahətlərə də yer ayırırsınız. Səfərlər sizə nə verir?
- Səyahətlərin psixoloji və fərdi inkişafımıza faydası o qədər böyükdür ki, bu mövzuda ayrıca bir kitab yazmaq lazımdır. Elə məlumatlar var ki, onu mütaliə ilə əldə etmək olmur, bir çox hiss və təəssüratlar da yalnız səyahət zamanı yaşanılır. Tanınmış mütəfəkkirlərdən birinin bu məzmunda bir fikri var: ˝Dünya qalın bir kitabdır. Onun əksər səhifələri səyahətlə oxunulur˝. Mənsə deyərdim ki, dünya ilə bərabər özünü də kəşf edirsən, tanıyırsan.
İnsan hər səfərlə öz sərhədlərini də genişləndirir, həm də zəifliklərini görür. Səyahət zamanı görürsən ki, insanlar daim hərəkətdə, inkişafdadırlar. Bu, sənə güclü motivasiya verir. Su həyatdır, ancaq hərəkətsiz qalanda o da keyfiyyətini itirir. Məhdud bir çərçivənin içində qalmaq əlimizdə nə qədər sonsuz imkanlar olduğunu görməyə mane olur. Bir müddətdən sonra o imkanlar da məhv olub gedir.
Səyahətlər üfüqümüzü genişləndirir, fərqli millətləri, fərqli incəsənət nümunələrini, dünya siyasətini anlamaq üçün gözlərimizi açır. Çox səyahət edən insan iradlara, islahatlara açıq olur, fərqli yanaşmalar, yeniliklər onu qorxutmur. Tolerant olur, empatiya bacarığı yüksəlir.
– Bildiyim qədər, gəzdiyiniz ölkələri əsərlərinizdə də canlandırırsız?
– Səfər etdiyim yerləri planlı şəkildə seçirəm. Gördüklərim sonradan əsərlər üçün materiala çevrilir. Görüb, hiss edib, yaşayıb yazmaq əsərə xüsusi dad qatır – əsər canlı olur, nəfəs alır, yazıçının təəssüratı orada hiss olunur. Srebrenitsa qətliamı barəsində ˝Relslər üzərinə uzanmış adam˝ romanında bəzi hissələr var.
Bosniya və Hersoqovinada olanda Srebrenitsada oldum, bütün qətliam qurbanlarının məzarları olan qəbiristanlığı ziyarət etdim, o hadisənin canlı şahidləri ilə görüşüb danışdım. İnsan sanki hadisələrin iştirakçısına çevrilir. O təəssüratlar səbəb olur ki, əsərinin qəhrəmanları ilə eyniləşəsən, onların ağrısını dərindən hiss edə biləsən. Onda yazıçı əsərə əmtəə kimi baxmır, özünün bir parçası kimi baxır, ərsəyə gəlməsinə canını qoyur. Taleyi onu narahat edir. Əsər də gözəl alınır, aqibəti digər kitablardan fərqlənir.
- Afrikadan bəhs edən kitabınızı oxucular səbirsizliklə gözləyirlər. Nə zaman işıq üzü görəcək?
- Afrika ölkələrinə üç səfərim olub, əlimdə çox maraqlı materiallar var. İlk kitabın süjeti artıq hazırdır, üzərində işləyirəm. Yəqin ki, 2020-ci ildə işıq üzü görər.
– Hər yazıçı həm də səyahətçi olmalıdırmı?
– Xeyr. Yazıçı öz əsərinə və oxucusuna laqeyd olmamalıdır – önəmli olan budur. Günümüzdə bir çox yazıçıların dərdidir, ideya, süjet kasadlığından əziyyət çəkirlər, yaxud da ilk əsərləri uğurlu alınır, növbəti əsərləri isə əvvəlkilərin təkrarı olur, yeni bir iş ortaya qoya bilmirlər. Bunun səbəbi yazıçının öz üzərində işləməməsi, keçmiş resursları ilə qane olub oturmasıdır. Tükənməmək üçün insan daim araşdırmalı, yeni, fərqli kitablar oxumalı, özünü yeniləməlidir. İdmanda görmüsünüz, bir dəfə dünya, yaxud olimpiya çempionu olurlar, sonra o nəticəni göstərə bilmirlər.
Çünki artıq eyni çəkidə olan bütün rəqiblərin səni izləyirlər, sənin nəyə qadir olduğunu, güclü və zəif cəhətlərini tam çözürlər. Artıq sən onlar üçün oxunmuş kitabsan. Yeni qələbələr üçün arsenalında olan fəndləri, kombinasiyaları yeniləməlisən, sürətini və gücünü artırmalısan. Yazıçı da oxucunun nəzərində qalmaq, qəlbində yer tutmaq, faydalı olmaq üçün hər dəfə əvvəlkindən fərqli süjet və fərqli dadla gəlməlidir.
– Hazırda Antarktida səfərinə hazırlaşırsız. Belə çətin və qeyri-adi səfərin məqsədi nədir?
– Yəqin ki, rahat işlər mənə görə deyil, yoxsa yazıcı olmazdım. Planetimizin ən yüksək və ən soyuq materiki olan Antarktidaya gediş-gəliş çox məhduddur, bu da səfərin marağını artırır. Bütün səyahətlərim kimi Antarktida səfərinin də mənə çox şey qazandıracağından əminəm. Xeyli vaxtdır, səfər marşrutunu araşdırıram, gedəcəyim yerlər haqqında məlumat əldə edirəm. Səfər mənim üçün zehnimdə formalaşmış təəssüratların reallıqla qarşılaşması, müqayisəsidir. Hər informasiyanı kitablardan, internetdən əldə etmək mümkün deyil. Bütün bu məqamlara görə səfərlər mənim üçün əvəzedilməzdir. Bu səfərdə də oxucularım mənimlə həmsəfər ola biləcəklər – gördüyüm maraqlı faktları, əldə etdiyim məlumatları fotoməqalə şəklində bloqumda, sosial media hesablarımda onlarla paylaşacağam. Təhsilimin, araşdırmalarımın nəticələri ilə bərabər səfərlərdən əldə etdiyim elmi və psixoloji məlumatlarla da oxucularıma faydalı olmaq, dünyagörüşlərinin genişlənməsinə xidmət etmək istəyirəm.
– Rövşən müəllim, yəqin ki, Antarktida səfəri çətin olmaqla bərabər çox məsrəf tələb edən səfərdir. Bu səfərə kim dəstək verir?
– Bəlkə də bu, çoxlarını maraqlandıran sualdır. Bu səfərə böyük bir qurum dəstək göstərir. Antarktida səfəri fiziki hazırlıqla bərabər çox böyük maddi vəsait tələb edən səfərdir.
Səfərin maddi yükünü ölkənin böyük xəstəxanalarından olan EGE Hospital öz üzərinə götürdü. Bu, birlikdə həyata keçirdiyimiz bir layihədir. EGE Hospital öz peşəkar həkim heyəti və yüksək tibbi xidməti ilə ölkədə tanınan xəstəxanalardandır. Xəstəxananın əməkdaşları layihəyə olduqca maraq göstərdilər. Onların səyahətlə bağlı sualları da məni motivasiya etdi. Üstəlik mənə səyahət müddətində sağlamlığımı qorumağım üçün bəzi tövsiyələr verdilər. Məlum məsələdir ki, Antarktidanın hava şəraitinə dözmək üçün bir çox tələbləri yerinə yetirmək lazımdır.
EGE Hospitalın mütəxəssisləri fərdi inkişafa, bilgiləndirmə və maarifləndirməyə xüsusi önəm verirlər. Bunun nəticəsidir ki, tez-tez xaricdən müxtəlif sahələr üzrə tanınmış mütəxəssisləri ölkəmizə dəvət edib səhiyyə sahəsində maarifləndirmə, yardım layihələri icra edirlər. Bu layihəyə də biganə qalmayıb öz dəstəklərini təklif etdikləri üçün təşəkkür edirəm.
– Antarktida hansı dövlətin ərazisidir, viza məsələləri necə həll olunur?
– Antarktida konkret hansısa bir dövlətin ərazisi sayılmır. 1959-cu ildə Antarktida barədə qəbul edilmiş konvensiyaya əsasən, bu ərazilər heç kəsin mülkiyyətinə keçə bilməz və burada elmi fəaliyyətdən başqa heç bir fəaliyyətə icazə verilmir. Sadəcə olaraq Antarktidaya getmək üçün mən Argentinadan keçməli olduğum üçün oranın vizasını aldım.
- Oraya buzqıran gəmilərlə gedirlər, yoxsa necə? Ümumiyyətlə, belə səfərləri hansısa şirkət həyata keçirir?
- Dünyada çox az sayda şirkətlər qütb bölgələrinə səfər təşkil edir. Antarktidaya səfərləri isə, bildiyimə görə, dünyada yalnız on təşkilat həyata keçirir. Bunlar, adətən, ekspedisiya gəmiləri olur, heyəti peşəkar insanlardan təşkil olunmuş xüsusi təhcizatlı gəmilərdir. Bizim yola çıxacağımız gəmi yüz on dörd nəfərlikdir.
Sahilə düşəndə, Antarktida barədə qəbul olunmuş sənədə əsasən, materikə yüz adamdan çox olmayan dəstə ilə çıxa bilərsən. Say çox olanda səyyahların bir hissəsi gəmidə gözləməli olurlar. Ona görə də Antarktidaya adətən azsaylı ekipajla gedirlər.
– Bu səfər nə qədər təhlükəlidir?
– Bütün səfərlərin müəyyən təhlükəsi var, əlbəttə. Bizim getdiyimiz aylarda orada yay fəslidir. Qış aylarında getmək daha təhlükəlidir. Bir də, təbii ki, ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Buz uçqunları təhlükəsi olan yerlərə yaxınlaşmamaq və s. Mənin əsas qorxum soyuqdəymədəndir. Səfərə çıxmamışdan qabaq iki yüz əlli min dollar həcmində sığorta paketi almalısan. Çünki orada gəmi qəzaya uğrasa və ya hansısa problemlər yaransa, böyük xərc tələb edən xilasetmə işləri aparılmalıdır.
- Rövşən müəllim, sizə bu səfərdə uğurlar arzu edirik.
- Mən də maraqlı müsahibəyə görə sizə minnətdarlığımı bildirirəm.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin