Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran Süleymaninin də “qisasını” alacaqdı... - Ekspert

İran Süleymaninin də “qisasını” alacaqdı... - Ekspert

Tarix: 27 Dekabr 2023 08:56

Öldürülən zabit SEPAH-ın Qüds briqadasının yüksək rütbəli zabitlərindən olub. Hesab edirəm ki, İran onun qətlini çox şişirdir.

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a güneyli siyasi şərhçi Əlirza Ərdəbilli iranlı general Rza Musəvinin İsrailin raket zərbəsi nəticəsində öldürülməsinə görə Tehranın qisas alacağı haqda yayılan məlumata münasibət bildirərkən deyib.

O bildirib ki, İranın öldürülən bir hərbçiyə görə İsraillə açıq toqquşmaya gedəcəyi real görünmür:

"İran heç nə etməyəcək. Qasım Süleymani öldürüləndə də ağır qisas alacaqlarını dedilər. Lakin Amerikanın əvvəlcədən boşaldılmış hərbi bazasına hücum etməklə kifayətləndilər. Hətta o bazanı vuracaqları ilə bağlı İran İraqa xəbər də göndərmişdi. İraq da ABŞ-a bu barədə məlumat ötürmüşdü. Bu səbəbdən qərargah boşaldıldı və heç kim ölmədi. Yaxud da Taliban birinci dəfə Əfqanıstanda hakimiyyətə gələndə İranın Məzari-Şərifdəki konsulluğunu tutdu. Buranı casus yuvası adlandırıb, işçiləri öldürdü. İran bu münaqişəyə görə ordusunu Əfqanıstanla sərhədə kimi gətirdi. Bir həftə keçməmiş geri çəkməli oldu. Yəni İran yalnız sözdə qisas alır".

Ekspert xatırladıb ki, İsrailin Suriyada SEPAH-ın bölmələrinə zərbələri ilk dəfə deyil:

"Bu zərbələr mütəmadi endirilir və vaxtaşırı olaraq da SEPAH zabiti, yaxud İranın hərbi müşavirlərinin öldüyü xəbərini eşidirik. Tehran nə vaxt bu hücumlardan birinə hərbi cavab verib?"

Siyasi şərhçinin sözlərinə görə, İranın İsrail ilə birbaşa münaqişədən çəkinməsi bir fakt olsa da, proksi qüvvələrini məharətlə istifadə edir:

"İran başqa cür mübarizə aparır. Husilərdən, Hizbullahdan istifadə edir, Qırmızı dənizdə üzən gəmilərə hücum olunur. Gücü bu qədərinə yetir. Odur ki, proksi qrupları xaric, özü birbaşa İsrailə qarşı ciddi addım atmağa cəsarət etməyəcək".

Qeyd edək ki, dekabrın 25-də İsrail ordusunun endirdiyi zərbələr nəticəsində iranlı general Rza Musəvi Dəməşqin cənubunda yerləşən Seyidə Zeynəb bölgəsində öldürülüb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu hücumu pisləyərək, İranın İsrailin hərəkətlərinə lazımi yerdə cavab vermək hüququnu özündə saxladığını bildirib.

Milli.Az


Etiketlər:  İran Süleymaninin qisasını alacaqdı Ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ