Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2024 06:42
Çox vaxt verdiyimiz qərarlar aldığımız məlumatların təhlili ilə müəyyənləşir. Şəkər istehlakını azaldıb-azaltmamağımızla bağlı verəcəyimiz qərar da şəkərli qidaların sağlamlığımıza göstərdiyi təsirlər barədə düzgün, etibarlı və elmi məlumatlara əsaslanmalıdır.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, şəkər barədə mif və həqiqətlərin əks olunduğu faktlar təhlil edilib.
Mif 1: Şəkərin bütün növləri zərərlidir
Fakt: Şəkərin qlükoza, fruktoza (meyvə şəkəri), saxaroza (şəkər tozu və ya qənd), laktoza (süd şəkəri) və digər növləri var. Onlardan bəziləri meyvə-tərəvəz, bal, bəkməz və digər qidaların tərkibində təbii olaraq mövcuddur. Bunlar orqanizmə vitamin, mineral və liflərlə birlikdə daxil olduğu üçün normada qəbul edildikdə yalnız fayda verir. Təbii olmayan, qidalara sonradan qatılan şəkərlər isə əlavə kaloridən başqa bir şey deyil.
Mif 2: Şəkər rasiondan tamamilə çıxarılmalıdır
Fakt: Əlavə şəkərləri məhdudlaşdırmaq faydalı olsa da, şəkərdən tamamilə imtina etmək düzgün sayıla bilməz. Çünki meyvə-tərəvəzlərdəki və dənli bitkilərdəki təbii şəkərlər sağlam qidalanmanın bir hissəsidir. Ona görə də rasiondan təbii şəkərlər deyil, əlavə şəkərlər çıxarılmalıdır.
Mif 3: Qəhvəyi şəkər ağ şəkərdən daha az zərərlidir
Fakt: Qəhvəyi şəkər də ağ şəkər kimi şəkər qamışından əldə olunur və ağ şəkərdən sadəcə dadı və teksturasına görə fərqlənir. Yəni hər ikisi saxarozadır və eyni dərəcədə kalorilidir. Qəhvəyi şəkər rafinə edilmədiyi üçün tərkibində qalan bəkməzdəki vitamin və mikroelementlər orqanizm üçün faydalı ola bilər. Lakin bu, o qədər cüzidir ki, həmin faydalı maddələrin orqanizm üçün lazım olan miqdarda qəbul edilməsi üçün çox miqdarda qəhvəyi şəkərdən istifadə olunmalıdır. Bu isə müsbətdən çox mənfi nəticələr verə bilər.
Mif 4: Şəkər yaddaşı gücləndirir
Fakt: Bəzi insanlar səhər yeməyi zamanı şirin çay qəbul etməyin yaddaşı möhkəmləndirməsinə inanırlar. Əslində isə şirin çayın orqanizmə heç bir faydası yoxdur və acqarına səhər vaxtı qəbul edilməsi qısa zamanda qanda şəkərin miqdarını artırır. Bununla da mədəaltı vəziyə və qaraciyərə mənfi təsir göstərir.
Mif 5: Şəkər bizi enerji ilə təmin edir
Fakt: İnsanlar arasında geniş yayılmış digər mif şəkərin orqanizmi tez bir zamanda enerji ilə təmin etməsidir. Bu inanc, xüsusilə yorğun vaxtlarda sürətli enerji artırıcı kimi şəkərli qəlyanaltıların, eləcə də enerji və digər şirinləşdirilmiş içkilərin populyarlaşmasına səbəb olub. Şəkər sürətli enerji artımını təmin etsə də, bu, qısamüddətli olur və tez bir zamanda yenidən yorğunluq hiss olunmağa başlayır. Buna görə də insanlar daim enerjili olmaq düşüncəsi ilə daha çox şəkərli qidalar istehlak edirlər və bu hal da qapalı dairə yaradır.
Şəkərlə bağlı yayılan mif və faktların ayırd olunması daha sağlam qidalanma seçimləri etmək üçün vacibdir. Şəkəri hansı qidalardan və hansı miqdarda qəbul etmək hər kəsin öz əlindədir. Sağlamlıq naminə qəbul edilən hər qram şəkəri məsuliyyətlə seçmək lazımdır ki, həyatımız şirin olmaqla yanaşı, həm də sağlam olsun.