Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2024 11:12
İran həbsxanasında olan Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi "xaos və iğtişaşlar yaratmaq məqsədi ilə dövlət əleyhinə təbliğat apardığına görə" daha bir müddətə azadlıqdan məhrum edilib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, o, 15 ay müddətinə azadlıqdan məhrum olunub.
Bundan əlavə, azadlığa çıxandan sonra o, müvəqqəti olaraq Tehranda yaşaya, ölkəni tərk edə və smartfondan istifadə edə bilməyəcək.
Məhəmmədinin ailəsi hökmü tənqid edərək, onu siyasi motivli adlandırıb.
Qeyd edək ki, bu, 2021-ci ilin martından bəri Nobel mükafatı laureatı barəsində çıxarılan beşinci hökmdür. Ümumilikdə onun cəzası 12 il üç ay həbs, 154 şallaq zərbəsi, iki il sürgün və müxtəlif məhdudiyyətlərdir.
Xatırladaq ki, Məhəmmədi İranda məcburi hicaba və ölüm hökmünə açıq şəkildə qarşı çıxır.
2023-cü ildə Məhəmmədi "İranda qadınların zülmə qarşı mübarizəsinə, hamı üçün insan hüquq və azadlıqları uğrunda apardığı mübarizəyə görə" Nobel Sülh Mükafatı qazanıb. Mükafat Osloda analarının müraciətini oxuyan Nərgizin övladlarına təqdim edilib.