Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2024 09:12
Xəbər verdiyimiz kimi, ötən ildən etibarən Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrinin əhalisi arasında yoluxucu Hepatit "A" virusu xəstəliyi yayılıb. Rəsmi məlumata görə, xəstəliyin yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir.
Sonxeber.net xəbər verir ki, əkim-terapevt, tibbi ekspert Rasif Bağırov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, bəzi hallarda içməli su xətti ilə kanalizasiya xəttinin qarışması bir sıra mədə-bağırsaq xəstəlikləri ilə yanaşı, hepatit "A" virusunun yayılmasına şərait yaranır.
Onun sözlərinə görə, bu virusa daha çox uşaqlarda rast gəlinir. Həkim deyir ki, hepatit "A" virusu adətən fekal-oral yolla yayılır:
"Bu virus düzgün olmayan əl gigiyenası vasitəsilə yayılır. Bu virus mədə-bağırsaq sistemində yaranır və daha sonra bağırsaq vasitəsilə xaric olarkən xəstənin əlinə dəydikdə proses yayılmağa başlayır. Hepatit "A" virusu qapalı məkanlarda, uşaq bağçalarında yayılanda onun qarşısını almaq çətinləşir. Nəticədə gündə bir uşaq bu virusa yoluxa bilir. Çünki hepatit "A" virusunda inqubasiya dövrü təxminən 7-10 gündür. Ona görə də yoluxan uşaqlardan birini müalicə etməmiş digərlərinə də yoluxur. Bu baxımdan sözügedən virusla mübarizə aparmaq çox çətindir".
R.Bağırov vurğulayıb ki, hepatit "A" virusu müalicəyə tabe olan xəstəlikdir: "Bu virus vaxtında aşkar olunduqda müalicə vasitəsilə xəstəlikdən tamamilə sağalmaq mümkündür. Sağalandan sonra xəstədə hər hansısa iz qalmır. Hepatit "A" virusu ilə bağlı əsas problem uşaqlarda olur. Böyüklər hər şeyi başa düşür və müəyyən məsələlərə əməl edərək virusun yayılmasının qarşısını ala bilirlər".
Qeyd edək ki, hepatit "A" virusu insandan insana keçən ciddi qaraciyər xəstəliyidir. Bu virusun əlamətlərinə qızdırma, halsızlıq, ürəkbulanma, qusma, oynaq ağrıları, şiddətli mədə ağrısı və ishal (xüsusilə uşaqlarda), sarı dəri, tünd sidik və gil rəngli nəcis daxildir.