Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kasıb başmaqçının oğlu necə el atası oldu? - Sağlığında rəhmət qazanan kişinin doğum gündür - FOTOlar

Kasıb başmaqçının oğlu necə el atası oldu? - Sağlığında rəhmət qazanan kişinin doğum gündür - FOTOlar

Tarix: 25 Yanvar 2024 16:45

Savadlı bir qız savadlı ana, savadlı ana savadlı ailə, savadlı ailə savadlı millət deməkdir...

Bir gün Bakı varlıları Hacıya şikayət edirlər ki, ermənilər şəhərin aşağı məhəllələrində evlər tikdirirlər. Tədbir görüb, bunun qabağını almaq lazımdır. Hacı deyir: "Qoy tiksinlər. Qabağını almaq lazım deyil. Mən özüm də onları şirnikləndirirəm ki, tikdirsinlər. Gedəndə heç kəs binaları dalına şələləyib aparmayacaq. Onlar gedəcək, binalar isə qalacaq".

Özündən sonra iz qoymaq hər kişinin işi deyil. O isə hələ sağlığında ikən izini də qoydu, rəhmətini də qazana bildi. 

Mili.Az publika.az-a istinadən xəbər verir ki, bu gün nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrində həm xeyriyyəçi, həm də milyonçu kimi tanınan Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.

1823-cü il yanvarın 25-də Bakıda kasıb başmaqçı ailəsində Zeynalabdin adında bir oğlan dünyaya gəlib. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. Atası həmin ildə Zeynalabdini bir bənnanın yanına usta köməkçisi qoyur. 12 yaşına çatanda o, artıq daş yona bilir, 15 yaşında isə bənnalıq etməyə başlayır.

O vaxtlar Bakıda neft bumu hökm sürürdü. Zeynalabdin iki şəriki ilə birlikdə Bibiheybətdə torpaq icarəyə götürür. Nə qədər quyu qazsalar da, neft çıxmır ki, çıxmır. Şərikləri öz paylarını satırlar və Zeynalabdin torpağın tək sahibinə çevrilir. O, qibtə ediləcək inadkarlıqla qazma işlərinə davam edir. Nəhayət quyu fontan vurur. Kasıb başmaqçı Tağının palçıq daşıyan oğlu Zeynalabdin bir günün içində milyonçu Tağıyevə çevrilir. Beləcə, başlayır Hacının maraqlı həyat yolu...

Hacı olduqca ağıllı və uzaqgörən şəxs olub. Birdən-birə milyonlar səltənətinə düşməsi onun başını gicəlləndirmir. Deyilənə görə, Hacı puluna güvənib yolundan azmamaq üçün bənnalıq etdiyi baltanı imarətinin ən görməli yerindən asır ki, hər dəfə kasıb günlərini ona xatırlatsın.

O, gəlirinin xeyli hissəsini xeyriyyəçiliyə, doğma şəhərinin inkişafına və abadlaşdırılmasına sərf edir, istedadlı gəncləri xaricdə təhsil almağa göndərir, aktyorlara himayədarlıq edir. Bakıda müsəlman Şərqində ilk dünyəvi qız məktəbini tikdirməsi onu nəinki öz dövrünün, elə bütün zamanların ən yaxşıları sırasına həkk edir. O dövrdə müsəlman qızlar üçün müasir məktəbin açılması böyük cəsarət tələb edirdi. Çar üsul-idarəsi məktəbin açılmasına mane olur, cahil ruhanilər, qoçular qızların oxuması ilə heç cür razılaşmırdılar. Məktəbin açılmasına icazə almaq üçün Hacı çariça Aleksandra Fyodorovnaya qiymətli hədiyyə bağışlayır və məktəbə onun adının verilməsini təklif edir. Nəhayət, məqsədinə çatır. Məktəbə qəbul edilən 58 qızın 35-i yoxsul ailənin övladı olur. Onların təhsil haqqını, yemək və geyim xərclərini Tağıyev öz üzərinə götürür.

Hacı Zeynalabdin Bakıda teatr binası tikdirir. Azərbaycan klassik musiqisinin banisi, böyük bəstəkar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası 1908-ci il yanvarın 25-də bu teatrın səhnəsində oynanılır. Hazırda bu binada Azərbaycan Dövlət Musiqili Komediya Teatrı fəaliyyət göstərir.

Tağıyevin xidmətləri bununla da bitmir. Dəmir yolunun, su xəttinin çəkilməsi, yanğından mühafizə xidmətinin yaradılması, kitab nəşri və neçə-neçə bu kimi əhəmiyyətli işlərə vəsilə olub böyük mesenat.

Xeyirxah ürəyinə və nəcib işlərinə görə Tağıyevi xalq arasında "El atası" adlandırırdılar.

Hacı Zeynalabdin Tağıyev iki dəfə evlənib. 8 övlad sahibi olub. 4 qız, 4 oğul atası olan Hacının 2 oğlu faciəvi şəkildə vəfat edib.

Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülkiyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey Rusiyanın maraqlarına yönəlir. Tağıyev də məhz o vaxt bütün var-dövlətini itirir. Bir sözlə, Sovet hökuməti milyonçunun bütün şəxsi mülkünü müsadirə edir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə yaşayış yeri seçmək hüququ verilir. Hacı Mərdəkandakı evini seçir və ömrünün sonuna qədər orada yaşayır.

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabırın 1-də 101 yaşında vəfat edib və sentyabrın 4-də dəfn olunub. Onun dəfni böyük izdihamla müşayiət olunub.

Bəzi məlumatlara görə, Tağıyevin Molla Abuturabla son görüşü zamanı o, Hacının var-dövlətin itirilməsi ilə bağlı sualına belə cavab verib: "Əgər Allah istəsə, bir göz qırpımında səni dövlətindən məhrum edər. Ona görə də əbədi olanı çox düşün ...".

Axundun vaxtilə dediklərini xatırlayan Hacı Zeynalabdin vəsiyyət edir: "Məni Axund Hacı Turabın ayağı altında basdırarsınız, onun ayağının bildiyini mənim başım bilmir". Bu vəsiyyətinə əməl edib Hacını Axund Hacı Turabın məzarının ayaq tərəfində basdırırlar.

Milli.Az


Etiketlər:  Kasıb başmaqçının oğlu necə el atası oldu Sağlığında rəhmət qazanan kişinin doğum gündür FOTOlar


RƏYLƏR