Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu Dr. Mircəlal Kazıminin müsahibəsi

Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu Dr. Mircəlal Kazıminin müsahibəsi

Tarix: 14 Noyabr 2019 10:56

Bakı. Trend:

İnsan orqanizmində bir cüt böyrək var. Böyrəklər həyat üçün çox vacib orqandır. Böyrəklər olmasa, həyatı davam etmək qeyri-mümkündür. Böyrəklər orqanizmdən toksiki maddələrin xaric olunmasında, bədəndəki suların və təzyiqin balansa tutulmasında, hormon istehsalında, qanın mütəmadi olaraq böyrəklərdən süzülməsində, mineralların sorulmasında və sidiyin istehsalında vacib orqandır.

Bu həyati vacib olan orqan 24 saat fəaliyyətdə olur və müxtəlif toksiki maddələrin birbaşa təması altında olur. Buna görə də, böyrəklər özündə toksiki maddələrin gətirdiyi mənfi təsirlərin altındadır və mütəmadi olaraq onların hər an sıradan çıxma ehtimalı var. Bəzən normal həyat fəaliyyətimizi davam etdirməyimiz üçün böyrəklərin 20% rezervi kifayətdir. Bu o deməkdir ki, böyrək çatışmazlığı uzun müddət ərzində baş verib, zaman ərzində ortaya çıxır. Çünki, böyrəklərin rezervləri tamamilə tükəndikdən sonra əlamətləri ortaya çıxır. Böyrək çatışmazlığından əziyyət çəkən insanlar tək sağlamlıqlarında problem yaşamırlar. Bu insanların həyat keyfiyyəti, həyat komfortu da aşağı düşmüş olur. Çünki bu insanlar ciddi mənada həyatdakı komfortlarını itirib əmək fəaliyyətindən, iş-gücdən, ailələrindən, cəmiyyətdən geridə qalır və uzaqlaşırlar.

Bəs böyrəklərin fəaliyyətini qorumaq üçün nələrə diqqət etməliyik? Böyrək fəaliyyətini qorumaq üçün aşağıdakılara riayət etməliyik:

Birincisi, həyat tərzimizdə dəyişikliklər etməli: düzənli və normal, dinamik həyat tərzinə keçməliyik. Əgər biz dinamik həyat tərzinə keçsək və davam etsək, idmanla məşğul olsaq, təzyiqimiz də aşağı olar, yəni yüksək təzyiqin, hipertoniyanın qarşısı alınar. Təbii ki, burada aşırı idman hərəkətlərindən söhbət getmir. Normal şəkildə idmanla məşğul olan insanlar özlərini təzyiq xəstəliyindən qorumuş olur, nəticə etibarilə böyrəklər qorunmuş olur.

Böyrəklərimizi qorumağın ən əsas komponentlərindən biri də yuxudur. Yuxu pozuntusu olan insanlarda böyrək çatışmazlığına daha tez-tez rast gəlinir. Çünki normal, düzənli yuxuda hormonal balans yerində olur, təzyiq yerinə gəlir və insanlar böyrəyin xroniki xəstəliklərindən qorunmuş olur.

İkincisi, qandakı şəkərin normada olmasıdır. Şəkər mütəmadi olaraq kontrolda olmalıdır. Şəkərin yüksək olması şəkərli diabeti olan xəstələri birbaşa böyrək çatışmazlığına gətirib çıxarır. Araşdırmalar göstərir ki, şəkərli diabetdən əziyyət çəkən xəstələrin təxminən 50%-i xroniki böyrək çatışmazlığından əziyyət çəkir. Biz mərkəz olaraq böyrək çatışmazlığı olan xəstələr üzərində böyrək transplantasiyası əməliyyatlarını həyata keçiririk. Artıq biz 800-ə yaxın xəstəyə böyrək transplantasiyası əməliyyatı etmişik. Böyrək transplantasiyası etdiyimiz xəstələrin təxminən 70%-i şəkərli diabeti olan xəstələrdir. Bu xəstələr mütləq şəkildə həkim nəzarəti altında olmalı, şəkərlərini kontrol altına almalıdırlar.

Üçüncüsü, arterial təzyiq. Arterial təzyiq mütəmadi olaraq kontrol altında olmalıdır. Hər birimiz müəyyən yaş dövründən sonra, xüsusilə də, 40-45 yaşdan sonra qan təzyiqini yoxlayıb nəzarət altında saxlamalıyıq. Normal təzyiq 120 - 80 mm civə sütunu civarında olmalıdır. Əgər təzyiq 139 – 89 mm civə sütununa çatarsa, artıq həyəcan təbili çalınmalıdır və mütəmadi olaraq kontrollar aparılmalıdır. Təzyiq 140 – 90 mm civə sütunu və ya ondan yuxarı olarsa, bu artıq mütləq həkimə müraciət etməyimiz üçün ciddi səbəbdir. Əgər bir xəstədə həm təzyiq, həm yüksək şəkər varsa, xolesterinlər də yüksəkdirsə, bu o deməkdir ki, bu xəstələr xroniki böyrək çatışmazlığı xəstəsi olmağa namizəddirlər.

Dördüncüsü, sağlam qidalanma. Sağlam qida bizim bütün həyatımızın ən mühüm komponentidir. Qidalanmanın və çəkimizin kontrol altına alınması sağlamlığımızın vacib şərtidir. Normal, sağlıqlı qida qəbul etdiyimiz halda şəkərli diabetin və yüksək təzyiqin qarşısı alınır. Şəkərli diabet və yüksək təzyiqi olan xəstələr böyrək çatışmazlığı xəstəliyinə namizəd olur. Qidalanan zaman mütləq duzun miqdarına diqqət yetirmək lazımdır. Bizim gündəlik duz qəbulumuz 5-6 qram civarında olmalıdır. Bu o deməkdir ki, gündə maksimum bir çay qaşığı duz yeyə bilərik. Bunu kontrol etmək üçün ən yaxşı yol ev şəraitində qidalanmaqdır. Restoranlarda, kafelərdə, digər iaşə obyektlərində yemək yeyərkən duz qəbuluna nəzarət etmək mümkün olmur.

Bununla yanaşı, B6 vitamini böyrəklərin fəaliyyətində çox önəmli rol oynayır. Sutkalıq B6 vitamini qəbulu normada 1,3 mq civarında olmalıdır. B6 vitamini balıqda, ətdə, noxudda, kartofda, ispanaqda və fındıqda daha çoxdur.

Maqnezium qəbulu da orqanizmimiz üçün çox vacib komponentdir. Maqnezium kalsium mübadiləsində əsas rol oynayır. Bu mübadilə pozularsa, böyrəkdə daşların əmələ gəlməsinə səbəb olur. Mg səbzidə, balıqda, noxudda, Bitter şokoladında, mərcidə və bananda daha çoxdur. Bunların hamısının gündəlik qəbulu arzuolunandır.

Beşincisi, bol su qəbulu. Biz susuz qaldığımız zaman orqanizmdə ciddi dəyişikliklər baş verir. Su qəbul etdiyimiz zaman özümüzü müəyyən problemlərdən qorumuş oluruq. Su duzların mübadiləsində, sidik cövhərinin atılmasında, toksiki maddələrin bədəndən çıxarılmasında əsas, vacib komponentdir. Zəruri olan suyun miqdarı dünya alimləri tərəfindən heç də eyni müəyyən edilməyib. Bəzi alimlər sutkalıq norma kimi 1,5-2 litr qəbul etməyi, bəziləri isə 8-10 stəkan qəbul etməyi tövsiyə edirlər. Təbii ki, aşırı su qəbul etmək də müxtəlif xəstəliklərə yol açır. Suyun qəbulu individualdır. Bu, insanların yaşından, cinsindən, yanaşı xəstəliklərinin olub-olmamasından, hamiləlik vəziyyətindən asılıdır və buna görə də dəyişə bilər. Böyrək daşı olan və tez-tez böyrək daşları düşən xəstələrə gündə 3 litr su qəbulu məsləhət görülür.

Altıncısı, siqaret çəkən insanlar. Siqaret çəkmək xroniki böyrək çatışmazlığının ana səbəbləri içərisindədir. Bəzən çəkilmiş 1 ədəd siqaret 30 dəqiqə ərzində damarları daraldır. Siqaret çəkən insanlarda damarlar daim dar olaraq qalır. Damarları sıxılmış insanlarda yüksək arterial təzyiq yaranır, bu da bir az əvvəl qeyd etdiyim kimi, böyrəkləri sıradan çıxaran əsas səbəblərdəndir.

Yeddincisi, həkim nəzarəti olmadan özbaşına dərman qəbulu. Çox təəssüf ki, bu kimi hallara çox rast gəlirik. Bu dərmanlar içərisində müxtəlif qrup dərmanlar, ələlxüsus iltihab əleyhinə qeyri-steroid ağrıkəsicilər. Bu dərmanlardan çox istifadə edirlər, adi baş ağrısında belə bu dərmanları qəbul edirlər. Bu dərman preparatları böyrək çatışmazlığı yaradan səbəblərdəndir. Lazımsız yerə antibiotiklərdən istifadə olunması da böyrək çatışmazlığına yol açır. Odur ki, diqqətli olmalıyıq.

Ən nəhayət, səkkizincisi, risk qrupunda olan insanlar xroniki böyrək çatışmazlığı xəstəliyinə namizəddir. Risk qrupuna daxil olan insanlar kimdir? Şəkərli diabet, yüksək qan təzyiqi, ailəsində bir və ya bir neçə adıçəkilən xəstəsi olan insanlar risk qrupunda olmaq deməkdir. Risk qrupunda olan insanlar müəyyən zaman ərzində böyrək çatışmazlığına gətirib çıxaracaq. Xroniki böyrək çatışmazlığı orqanizmin nəinki sağlamlığını, həm də komfortunu pozan ciddi xəstəlikdir.

Xroniki böyrək çatışmazlığı olan insanların aqibəti xroniki böyrək çatışmazlığının dərəcəsindən asılıdır. Yəni ilkin mərhələdə xəstələrimiz dərman preparatları ilə müalicə olunur, lazım olan zaman onlara dəstək olaraq müalicə keçirilir, ən nəhayət, böyrək çatışmazlığı tamamilə kontrol altına götürülür və xəstənin böyrək funksiyaları tamamilə pozulursa, bu zaman dünyada qəbul edilmiş yeganə müalicə üsulu böyrək transplantasiyası edilir. Böyrək transplantasiyası xroniki böyrək çatışmazlığı xəstələrində 2 halda aparılır: hemodializ proqramına qoşulan xəstələrdə və hemodializ proqramına qoşulmayan xəstələrdə. Bütün dünyada qəbul olunub ki, əgər xəstənin fürsəti varsa, hemodializ proqramına girmədən böyrək transplantasiyası əməliyyatı olunsun. Çünki, hemodializ proqramının gətirəcəyi bir çox fəsadlar var ki, onlar böyrək köçürüldüyü zaman olmur. Biz artıq 800 nəfər üzərində böyrək köçürülməsi əməliyyatı icra etmişik. Əməliyyat etdiyimiz bu xəstələrin 40%-i hemodializə girmədən əməliyyat olunmuş xəstələrdir. Nəticələr qənaətbəxşdir və bütün dünya 5-ci dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə böyrək transplantasiyasını dəstəkləyir. Sağlamlıq bizim üçün ən gözəl nemətdir, ən vacib dəyərdir, sadəcə ailəmizin hər üzvünün sağlamlığına qarşı bir az diqqətli olsaq, məsuliyyətli olsaq, bir çox xəstəliklərin qarşısını almış olarıq. Eyni zamanda böyrəklərimizi qoruyar, onların gətirəcəyi fəsadlardan qorunarıq.

Sizə sağlam həyat, sağlam böyrəklər arzu edirik. Ən əsası isə, su qəbul etməyi unutmayın.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mərkəzi Gömrük Hospitalının cərrah transplantoloqu Mircəlal Kazıminin müsahibəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ