Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2024 10:40
"Dəvətlər gəlir, amma hər seriala çəkilmək istəmirəm. Bundan sonra yalnız mən seçim edəcəm, məni seçməyəcəklər. Demək olar ki, sənətdə addımlayandan özüm seçim edirəm. Səmimi deyim, "Bəyin oğurlanması" filmindən sonra nəyəsə çəkilməyə dəyərdi? Əlbəttə ki, yox! Elə o bəsdir də. Sonra "Qala" filminə çəkildim. Arzum idii Rasim Balayevlə oynayım, şükür Allaha ki, bu arzumu da Allah yerinə yetirdi. 7-ci sinifdə oxuyanda bütün qızlar kimi onu mən də sevirdim. Tələbə olanda da onunla birgə çəkilmişəm. Ona məktub da yazmışdım. Rasim Balayev mənim o məktubumu saxlayıb, cırıb atmayıb"
Sonxeber.net bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Firəngiz Mütəllimova deyib. O daha sonra efirlərə çıxmamağının səbəbindən danışıb.
"Efirlərə çıxmıram, məlum səbəb var. Bilirsiniz ki, qardaşım dünyasını dəyişib, ili hələ çıxmayıb. Sözün düzü bu məsələni heç qabartmaq da istəmirəm. Sadəcə çox sual verirlər, verilişlərə dəvət edirlər, amma getmirəm. Bu mənim dərdimdir. Hamının başına gələ bilər. Həyatdır, bir üzümüz gülür, bir üzümüz ağlayır. Qardaşımın ili çıxandan sonra verilişlərə çıxacam. Heç kimdən küsməmişəm, heç kim də məni küsdürməyib" deyə sənətkar bildirib.
Xalq artisti gənclərə hər zaman dəstək olduğunu bildirib.
"Teatra gələn yeni gənclərə çalışıram qayğı göstərim, dəstək olum. Hər gəncə də demərəm, ehtiyacı olana yol göstərərəm. Yol göstərmişəm, nəticəsini də görmüşəm. Öz gəncliyimi gözümün qabağına gətirirəm. Mən də gənc olanda çoxundan dəstək gözləyirdim. O dəstəkləri görürdüm də. Heç kim bilmir ki, Allah təala onun alnına nə yazıb? Özü də sənət aləmində.. O qədər istedadlı insanlar olub, amma hanı? Yoxdurlar! Şans da hər insana verilmir" deyə sənətkar bildirib.