Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2024 17:32
"Bilirik ki, Ermənistan hakimiyyəti bərabərlik, qarşılıqlılıq çərçivəsində, suverenlik və yurisdiksiya prinsipi əsasında regional kommunikasiyaların açılmasına hazır olduqlarını bəyan edib".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi həftəlik brifinqdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan da bu yanaşmadan imtina etməyib. Həmin mövzu bir müddət öncə Rusiya, Azərbaycan və Ermənistan Baş nazirləri müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupunda ətraflı müzakirə olunub.
"Təəssüf ki, hazırda bu məsələ erməni həmkarlarımızın mövqeyi ucbatından dalana dirənib", - Zaxarova əlavə edib.
XİN rəsmisi Rusiya Federal Təhlükəsizlik Xidməti sərhədçilərinin Meğri marşrutu üzərində nəzarətinə dair bəyanatı da şərh edib:
"Həm nəqliyyatın optimal təşkili baxımından, həm də iqtisadi baxımdan bu, çox məntiqlidir. Rusiya sərhədçiləri onsuz da Ermənistanın Syünik rayonunun cənubunda mövcuddur, onlar Ermənistanla İran arasındakı sərhədi qoruyurlar. "Sülh kəsişməsi" layihəsinə gəldikdə, bunun Meğri və ya digər bir marşruta alternativ olduğuna inanmırıq. Əksinə, bu, regional və subregional kommunikasiyaların gələcəyinə daha geniş baxışdır.
Ötən il 15 dekabrda İrəvanda keçirilən iqtisadi əməkdaşlıq üzrə Rusiya-Ermənistan hökumətlərarası komissiyasının 22-ci iclası çərçivəsində Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk layihənin həyata keçirilməsinə Rusiyanın dəstəyini və töhfəsini qeyd edib".
Zaxarova qeyd edib ki, qeyri-regional aktorlara gəlincə, Cənubi Qafqazda kommunikasiyaların açılmasına töhfə vermək istəməməsi yalnız siyasi rejimin mülahizələri ilə izah olunur: "Onlar Ermənistan və Azərbaycanın bir-biri ilə və qonşuları ilə qarşılıqlı əlaqəsini artırmaqda maraqlı deyillər. Onlar bölgəni parçalamağa, orada özlərini və öz maraqlarını təqdim etməyə çalışırlar. Başqalarının maraqlarını düşünmürlər. Və beləliklə də, ölkələr arasında ziddiyyətlər daha da gücləndirilir".