Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

YARAT Müasir İncəsənət Məkanı YARAT rezidentlərinin “Məna kəsb etmir?!” adlı yeni sərgi layihəsini təqdim edir - FOTO

YARAT Müasir İncəsənət Məkanı YARAT rezidentlərinin “Məna kəsb etmir?!” adlı yeni sərgi layihəsini təqdim edir - FOTO

Tarix: 1 Mart 2024 17:51

Rəssamlar: Fidan Nazim qızı və Ağaməli Əliyev. Kurator: Aynur Abutalıbova

Sosial konstruksiyaların təsiri altında böyüdüyümüz cəmiyyətdə həyat tərzimizi özümüzdən çox, bu günə qədər gücləndirilmiş və əbədiləşdirilmiş deyimlər və "biz" olmayan insanlar müəyyən edir. Biz böyüyərkən olmaq istədiyimiz hər şeydən istefa verib, həqiqi "mənimizi" cəmiyyətin sifarişi üzrə "maskulin və feminen" qəliblərə uyğun yonub, cəmiyyətin statistik nümunəsinə çevrilirik. Bəlkə də, bu sistemin kənarına çıxsaq, ətrafımızdakı absurdluqları nəzərə almayıb, "əsl və ideal mənimizi" tapmaq üçün lazım olan sakitliyə kiçik nəsnələr vasitəsilə çatacağıq. Bunun üçün biz bu absurdluqlardan necə xilas ola bilərik, ola bilirikmi, olmalıyıqmı? Bu sərgi, bizə hər hansı həll yolu demir, əksinə, cəmiyyətdə olan obrazlaşdırılmış xaosu göstərərkən, əslində ətrafımızdakı sakit alışqanlıqları, bizə ötürülən yükləri sorğulayır. Bəlkə də, bunların heç birini fikirləşmədən cəmiyyətə uyğunlaşmağı seçərək kim olduğumuzu unutmuşuq. Biz bu "çiskinli" kimsəsizlikdə boğularaq tənhalaşmalıyıqmı, yoxsa ətrafımızdakı "qanad çalan" azadlığı görüb hiss etməliyikmi?

Hər iki rəssam bu mövzuya şəxsi müşahidələri nəticəsində öz gözü ilə baxaraq, reallığı əsərlərində bir tərəfdən sarkastik, digər tərəfdən isə poetik formada təsvir etməyi seçir. Unutmayın ki, seçim sonda sizə məxsusdur.

YARAT Rezidentura proqramının iştirakçıları haqqında:

Aynur Abutalıbova (d. 1996, Azərbaycan) 2017-ci ildə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib, 2022-ci ildə isə YARAT Müasir İncəsənət Məktəbinin məzunu olub və rezidensiya qrantını qazanıb. Hazırda müasir incəsənət üzrə müstəqil kurator kimi fəaliyyət göstərir, Salaam Cinema Bakı İncəsənət Məkanı komandasının üzvüdür.

Onun kuratorluq təcrübəsinin əsas məqsədi incəsənətin inklüziv və sosial cəhətdən hər kəsə əlçatan olmasına yönəlib və cəmiyyətin sosial mövzularına toxunaraq müxtəlif sərgiləri kurasiya edir. Əsasən müasir incəsənətin inkişafı istiqamətində çalısan kurator, təcrübəsində incəsənət vasitəsi ilə cəmiyyətdə yeni düşüncənin formalaşmaşına üstünlük verir. O, bir sıra qrup sərgilərin kuratoru olub: "Keçmiş̧ nəsillərdən qalan izlər" (ARTIM Layihə Məkanı, Bakı, 2023); "Müqəddəsəm, yoxsa günahkar" ("Gender Hub", XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, Bakı, 2023) və s. O, həmçinin bir sıra beynəlxalq təşkilatlar, yerli və xarici sənətçilər ilə birlikdə incəsənət layihələrində əməkdaşlıq edib: "CEC Artslink Art Prospect Fellows" Kurator Təhsil proqramı (ABŞ, 2023); Goethe Institut - EU4Dialogue's Cultural Management Academy (Buxarest, Rumıniya, 2021); Jessica Segall, Daria Pugacheva, Katya Taylor və s.

Multimedia rəssamı Ağaməli Əliyev (d. 1996, Bakı) 2014-cü ildə Azərbaycan Milli Aviasiya Akademiyasının təyyarənin texniki istismarı mühəndisliyi fakültəsini bitirib, həmçinin YARAT Müasir İncəsənət Məktəbinin 1 illik proqramında iştirak edib. Yaradıcılığında toxunduğu mövzulara əsasən satirik və absurd tərzdə yanaşır. Əsasən animasiya, video-art texnikalarında işləyir. Rəssam bir sıra qrup sərgilərində və festivallarda iştirak edib: "Yerlə göy arasında" (Heydər Əliyev Mərkəzi, Bakı, 2023); "Babil 2" (ARTIM Layihə Məkanı, 2023); Qurama Art Festivalı (Bakı Fotoqrafiya Evi, 2023); V Booktrailer Festivalı ("Pinqvinlər uçur, Mari" əsərinə görə  II yer, 2020).

Fotoqraf Fidan Nazim qızı (d.1991, Azərbaycan) Bakı Dövlət Universitetinin "Kitabxanaçılıq və informasiya" ixtisasını magistratura pilləsi üzrə bitirib, həmçinin Light and Composition University-nin "Fotoqrafiyanın əsasları" ixtisası üzrə və YARAT Müasir İncəsənət Məktəbində təhsil almışdır. İllərlə kitabxanada işlədikdən sonra mühasibatlıq sahəsində çalışsa da, son dövrdə bütün diqqətini fotoqrafiya sənətinə yönəltmişdir. O, tez-tez yeraltı kitabxanalarda fotoqrafiya ilə bağlı suallarına cavab tapır, kitabxananın təsiri ilə əl işi fotokitabları hazırlayır. Onun yaradıcılığın əsas mövzusu sakitlik, köhnəlik və duyğuların hiss edilməsidir, həmçinin müxtəlif sosial mövzuları əhatə edən layihələr üzərində çalışır. Fotoəsərlərini, 1843-cü ildən bəri istifadə olunan "Siyanotip" alternativ üsuldan istifadə edərək ev laboratoriyasında çap edir və onları tonlaşdırır. Hal-hazırda BNW Light and Shadow Fotoqrafiya Birliyində fotoredaktor və fotoqraf kimi fəaliyyət göstərir. Çoxsaylı yerli və xarici ölkələrdə keçirilən sərgilərin iştirakçısıdır: YARAT Müasir İncəsənət Məktəbinin tələbələrinin yekun buraxılış sərgisi (ARTIM Layihə Məkanı, Bakı, 2023); Week of Art (Gürcüstan, 2023); Kolga Tbilisi Foto Festivalı (2022); LMA (Portuqal, 2022); Bursa Fotofest (Türkiyə, 2022); "A Letter" (F37union, Bakı, 2021);  CIP Festival (Yunanıstan, 2020) və s. Əsərləri bir sıra nəşrlərdə dərc edilib: Baku Magazine (2024); "Women Warriors of Azerbaijan" (The Pictorial List, 2023); femLens Documentary Photography (2023); "Pourtant" (Fransa, 2022); Gelatin Magazine (ABŞ, 2021); BNW Awards, Light and Shadow (Yaponiya, 2021); "Saudade" (Almaniya, 2020) və s.

ARTIM Layihə Məkanı (İçərişəhər, Kiçik Qala küç., 5)
Sərginin müddəti - 29 fevral - 7 aprel, 2024

Sərginin iş rejimi: Çərşənbə axşamı - bazar, 12:00 - 20:00

Giriş sərbəstdir

Milli.Az


Etiketlər:  YARAT Müasir İncəsənət Məkanı YARAT rezidentlərinin Məna kəsb etmir adlı yeni sərgi layihəsini təqdim edir FOTO


RƏYLƏR