Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış aktrisa kövrəldi: "Bunun üçün görünmək, müsahibə vermək istəmirəm..."

Tanınmış aktrisa kövrəldi:

Tarix: 17 Mart 2024 05:05

"Bütün rollarım üçün darıxmışam. Burnumun ucu göynəyir. Mənə çox çətindir. Xəstəliyimlə bağlı olaraq bütün günü evdəyəm. 4 divar arasında qalmaq da məni sıxır. Müalicə olunuram, dərman qəbul edirəm"
 
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Məsumə Babayeva deyib. O daha sonra əlavə edib.

"Rollarımı, səhnədə necə oynamağımı yadıma salıram. Mən teatrı çox sevirəm. Bu sənətə sevgidən gəlmişəm. Təsəvvür edin ki, mən Rza Təhmasibin, Əliheydər Ələkbərovun, Faiq Zöhrabovun kursunda oxumuşam. 3-cü kursda oxuyanda Cahangir Novruzov 1-ci kursda oxuyurdu. Onunla birlikdə "Çimnaz xanım yuxudadır" tamaşasında oynamışam. Bir müddət Akademik Milli Dram teatrında çalışmışam. O teatrda Hökümə Qurbanova, Leyla Bədirbəyli, Hamlet Qurbanov, Həsənağa Salayev, Həsən Məmmədov və s. sənətkarlarla tərəf müqabili olmuşam. Bu gün onlar üçün necə darıxmaya bilərəm?! Hərdən biri gözümün qabağına gəlir. Darıxıram. Sonuncu dəfə "Leyli və Məcnun" tamaşasında qarı rolunu oynadım. 10 dəqiqə səhnədə qalırdım, amma dəhşətli dərəcədə tamaşaçılar tərəfindən sevilirdi. Heyf ki, xəstələndim, yeriyə bilmirəm. Nə bilim, həyatdır da. Kim məni yada salırsa sağ olsun. Sonuncu dəfə televiziyadan gəlib məni çəkdilər. Baş qatmaq olmur. Dərd üstünə dərd gəlir. Müsahibə vermək, görünmək istəmirəm. Belə çox çətindir mənim üçün. Yəqin ki, mənə də belə qismət imiş. Qızım deyir ki, tamaşaçılar sənin üçün darıxır, salam göndərir. Onlar məni efirdə, teatrda gözləyirlər. Xəbər göndərirlər mənim üçün. Neyləyim? Mənimki də belə gətirdi" deyə aktrisa kövrəlib.

Aktrisa həm də uzun illər Gənc Tamaşaçılar teatrında uşaq və oğlan rollarını oynayıb.

"Boyum balaca idi, özü də arıq idim. 40 kilo. Travesti kimi məni işə götürdülər ki, oğlan və qız uşaq rollarını oynayım. İlk rolum "Aycan" tamaşasındakı dəcəl, vurub-yıxan oğlan rolu idi. Bir dəfə televiziyada rejissorumuz Tariyel Vəliyev məni studiyada parikdə, oğlan geyimində görüb demişdi ki, "belə qız ola bilməz, gözləri qaynayır". Mən 40-45 yaşıma qədər travesti rollarında çıxış etmişəm. Təsəvvür edin ki, Gənc Tamaşaçılar teatrında repertuar travestilərin çiynində idi. Sinə çəkilib bağlanırdı, oğlan kimi geyinib-keçinirdin, nə manikürün olurdu, nə də pedikürün. Səhnədə vuruşub, döyüşürdün. Məndən başqa teatrda oğlan və uşaq rollarında Lətifə Əliyeva, Almaz Mustafayeva, Əminə Yusifqızı da oynayıb" deyə sənətkar bildirib.

Milli.Az


Etiketlər:  Tanınmış aktrisa kövrəldi Bunun üçün görünmək müsahibə vermək istəmirəm


RƏYLƏR