Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2024 21:21
Rusiyadakı terror aktı bəzi qüvvələrin əlində manipulyasiya obyektinə çevrilməyə davam edir. Rusiyadakı erməni lobbisi və erməni oliqarxların maliyyələşdirdiyi şəbəkə bu terraktdan istifadədə xüsusilə maraqlı görünür. Sözügedən şəbəkə üzvləri hər vəchlə bu dəhşətli terror aktını anti-Azərbaycan və ümumilikdə anti-İslam kampaniyasına çevirməyə can atır.
Vladimir Solovyovun bu istiqamətdəki "fəaliyyəti" diqqətdən yayınmır. Belə ki, "Crocus City Hall" konsert zalında törədilmiş qorxunc terror aktını Azərbaycanla əlaqələndirmək yönümlü informasiya təxribatı onun aldığı sifarişlər əsasında növbəti qarayaxma kampaniyasına başçılıq etdiyini düşünməyə tutarlı əsas verir. V. Solovyovun "Crocus City Hall" terrorunda Azərbaycan izlərini axtarmaq cəhdi onun ermənipərəst təəssübkeşliyindən qaynaqlanır.
Bu nəsnənin Azərbaycana münasibəti və hər fürsətdən istifadə etdiyi bəllidir, lakin indiki məqamda belə iddialar irəli sürməsi "iz azdırmaq" istəyi çox absurd yanaşmadır. Əgər onu həqiqətən də terroru kimlərin törətdiyi o qədər narahat edən məqamdırsa, o zaman Solovyov yaxşı olar ki, yayılan videomateriallara təkrar baxsın. Çünki bu terror hücumunda ermənilərin iştirakı haqda fikirlər səsləndirilir, hətta terrorçuların erməni dilində söyüş söydüyü ilə bağlı məlumatlar yayılıb. İstisna edilmir ki, erməni şəbəkəsi bu informasiyaları arxa plana keçirmək və diqqəti ermənilərdən yayındırmaq məqsədilə Solovyovdan "azərbaycanlıların hədəf göstərilməsini" istəyə bilərdi.
Rusiyalı jurnalist cəmiyyəti yanlış yönləndirməklə məşğuldur. Şəbəkənin fəal üzvü V.Solovyovun terror aktının baş verdiyi məkanın "etnik azərbaycanlılara məxsus olması"nı qabartması, erməni lobbisinin Bakı ilə Moskva arasındakı normal münasibətləri pozmaq üçün hesablanmış çıxışlardır. Bu cür faciələr istənilən məkanda baş verə bilər, amma Solovyovun məntiqsiz şəkildə azərbaycanlılarla terror arasında əlaqə axtarması hadisələri tamamilə başqa məcraya çəkməkdən başqa bir şey deyil.
O ki, qaldı əqidəsini, məsləyini ermənilərin puluna əbədi satan Solovyova...
Yaxşı olar ki, bu gün Solovyov pulunu yediyi ermənilərin hansı oyundan çıxdığına baxsın. Çünki müsəlmaları, azərbaycanlıları terrorda suçlamaq üçün dəridən-qabıqdan çıxmağa çalışan Solovyov bilməlidir ki, Rusiyanın müsəlman vətəndaşlarından fərqli olaraq, ermənilər Rusiyanın çətin vaxtlarında daim ona xəyanət ediblər. Bu gün şəbəkənin Rusiya üçün xas olmayan etnik və dini məsələləri qızışdırmaq cəhdi də xəyanətin davamıdır. Çünki hazırda Rusiya əhalisinin böyük bir qismi məhz müsəlmanların payına düşür. İndi də şəbəkənin Rusiyaya xas olmayan etnik və dini məsələləri qızışdırmaq cəhdi Ermənistanın dövlət səviyyəsində etdiyi xəyanətin davamıdır. Bu xəyanətin davamı kimi Ermənistanın artıq Qərbə meyllənməsi və Rusiyanın maraqlarını nəzərə almadan Qərbin sifarişi əsasında addımlar atmaq qərarlı görünməsi əslində rəsmi Moskva üçün xəbərdarlıq siqnalı olmalıdır.
Bəlkə də indiki məqamda Rusiya dövlətinə qarşı ən böyük pisliyi edənlərdən biri məhz bu ad sadalanan şəxslərdir. Əsassız sözləri ilə Rusiya və ona dost olan ölkələr arasında əsassız gərginlik yaradan aparıcının cəzalandırılmaması Moskvanın problemini daha da artıra bilər. Sanki hər səhvindən, qərəzli açıqlamasından sonra ona daha geniş meydan verilir, növbəti informasiya təxribatları üçün əlverişli zəmin hazırlanır. Solovyovun Rusiyada çalışan, məskunlaşan və ölkə həyatına əhəmiyyətli qatqı verən Qafqaz və Mərkəzi Asiya respublikalarından, o cümlədən Azərbaycandan olan miqrantlar, diaspor nümayəndələri haqda açıqlamaları, ksenofobiya və etnik zəmində nifrət ehtiva edən açıqlamaları getdikcə daha da təhlükəli xarakter alır və ilk növbədə çoxmillətli Rusiya dövlətinin milli təhlükəsizliyi üçün təhlükə mənbəyidir.
Solovyov kimi "Sputnik" agentliyinin rəhbəri Marqarita Simonyanın da Azərbaycana qarşı informasiya təxribatı apardığı və bu qrupun Rusiya mediasında kök salan erməni lobbisinin sifarişlərini yerinə yetirdiyi gün kimi aydındır. Belə bir məqamda Fransa, ABŞ kimi ölkələrdən fərqli olaraq, Rusiyada heç vaxt islamofobiya olmadığı halda indi Solovyov və onun kimi erməni lobbisinin maliyyəsi ilə "qidalananların" prosesləri aparıb islama, müsəlmanlara bağlamaq cəhdi elə Rusiyada vətəndaş qarşıdurması üçün atılan addım, yaradılan zəminlərdən biri hesab edilə bilər. Çünki Solovyov kimiləri on milyonlarla müsəlmanın yaşadığı ölkədə açıq-aşkar informasiya diversiyası ilə məşğul olurlar. Bunun nəticəsi isə Rusyanın daxilində ciddi narazılıqlar, çalxalanma ilə nətcələnə bilər.
Görünür şəbəkə elə zənn edir ki, ən yüksək səviyyədə etimad və tərəfdaşlığın olduğu bu şəraitdə Rusiyadakı bəzi ermənipərəst dairələr, mediadakı agentləri vasitəsilə Azərbaycana qarşı informasiya təxribatı təşkil etməyə, Rusiya cəmiyyətində Azərbaycana və azərbaycanlılara qarşı düşmənçilik hissi aşılamağa nail olacaqlar. Verilişlərində dəfələrlə Azərbaycan-Ermənistan "münaqişəsi" ilə bağlı qərəzli yanaşması, ermənipərəst mövqeyi özünü büruzə verən Solovyovun bu qarayaxma kampaniyasında öndə getməsi təəccübləndirmədi. Əksinə onun adının bu siyahıda ilklərdən olması bir daha əmin etdi ki, Rusiyadakı erməni lobbisi bu gün həmin şəbəkəyə daxil olan simalardan təkcə Azərbaycana qarşı yox, elə Kremlin özünə qarşı da çox məharətlə istifadə etməyə başlayıb.
Rəsmi Moskva Vladimir Solovyovun efirdəki çıxışlarına və jurnalist fəaliyyətinə hüquqi qiymətin verilməsini ləngidəcəyi təqdirdə özünə ölkə daxilində problemləri o qədər tezləşdirmiş olacaq. Terrorçunun ölkəsi, dini, milləti və insanlığı olmur. Ona görə də terrorizmə qarşı dinindən və millətindən asılı olmayaraq, hamı birləşməli, birgə mübarizə aparmalıdır. Bu mübarizədə hər zaman Azərbaycan dövləti, xalqı ön sırada olub. Çünki terrordan ən çox ziyan çəkən, zərər görən dövlətlərdən biri uzun illər məhz Azərbaycan olub.