Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbol veteranlarından Elxan Məmmədovla bağlı - Rövnəq Abdullayevə şikayət

Futbol veteranlarından Elxan Məmmədovla bağlı - Rövnəq Abdullayevə şikayət

Tarix: 19 Noyabr 2019 12:56

AFFA Həmkarlar İttifaqının rəhbəri Nazim Süleymçanov bir qrup futbol veteranı adından AFFA-nın prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb.

Qol.az xəbər verir ki, məktubda federasiya rəhbərinə baş katib Elxan Məmmədovun veteranları üz-üzə qoyduğu bildirilib. R.Abdullayevdən AFFA Həmkarlar İttifaqının fəaliyyəti üçün lazım olan şəraiti yaratması xahiş olunub:

“Hörmətli Rövnəq müəllim!

Öncə təşkilatımız, onun üzvləri və məramı haqqında sizə qısa məlumat vermək istəyirik. Bu ilin yayında bir qrup futbol ictimayyətinin nümayəndəsi təşəbbüs qrupu yaradaraq Azərbaycan futbol ictimaiyyətində çalışan və çalışmış şəxsləri bir amal ətrafında birləşdirməyi qərara aldı. Məqsədimiz Azərbaycanda futbolda xidmətləri olmuş, bu sahəyə ömürlərini vermiş və futbolu sevən insanları bir araya gətirərək onların dərdlərini dinləmək, problemləri ilə maraqlanmaq və bunu ilk ağızdan AFFA rəhbərliyinə çatdıraraq onların operativ həllinə nail olmaqdır. Bu məqsədlə səfər etdiyimiz hər bölgədə çoxsaylı futbol veteranları və futbol ictimaiyyətinin nümayəndələri ilə görüşlərdən sonra gördük ki, bu insanların problemləri həddindən artıq çoxdur. İşsizlik, məişət, tibbi, diqqətdən kənar qalmaq və bir çox başqa problemlər mövcuddur. Bunların da bir çox obyektiv və subyektiv səbəbləri var. Ona görə də, bütün bu insanları bir təşkilat altında birləşdirməyə qərar verdik.

AFFA Həmkarlar Təşkilatı. Niyə bu adı seçdik? Bildirmək istəyirik ki, bu insanlar futbolumuzla bilavasitə əlaqəli olduqları üçün və Ulu Öndər Heydər Əliyevin 1994 cü ildə imzaladığı “Həmkarlar İttifaqı” haqqında Azərbaycan Respublikası Qanununa əsasən məhz bu ad altında fəaliyyət göstərmək qərarına gəldik. Və məlumat üçün deyək ki, 1994-cü ildə yaranmış federasiyamızda heç bir zaman Həmkarlar təşkilatı olmamış və bunun yaranması üçün heç bir əməli fəaliyyət həyata keçirilməmişdir. Bildiyiniz kimi, Həmkarlar təşkilatı hər bir işlək qurumun tərkibində olur və olmalıdır. Bu, həmin qurumun normal iş prinsipləri ilə işləməsini təmin edir və orada çalışan hər bir işçinin haqq və hüquqlarını qoruyur. Bu təşkilat adi işçilərlə rəhbərlik arasında körpü rolunu oynayaraq, onların bütün problemlərini operativ olaraq rəhbərliyə çatdırır və ilkin mərhələdə həllinə nail olur”.

Müraciətdə qeyd olunub ki, bu ilin sentyabr ayının 11-də Azərbaycanın bir qrup futbol ictimayyətinin nümayəndələri rəsmi olaraq konfrans keçirərək AFFA Həmkarlar Təşkilatını yaradıblar: “Təşkilata sədr olaraq isə tanınmış futbol veteranı Nazim Süleymanovu seçdilər. Məhz bundan sonra təşkilatımıza qarşı düşünülmüş şəkildə təzyiqlər, qaralama kampaniyaları və təhqirlər başlandı. Və acınacaqlısı da odur ki, bunları həyata keçirən də bəzi futbol veteranları, daha doğrusunu desək, Azərbaycan Futbol Veteranları birliyinin sədri Oqtay Abdullayevin başçılığı ilə bir qrup şəxsdir. Oqtay Abdullayev rəhbəri olduğu qurumu doğru idarə etməkdənsə, veteranlarımızın qədrinə qalmaqdansa və illərdir federasiyanın büdcəsindən ayrılan yüz minlərlə vəsaiti onların problemlərinə yönəltməkdənsə, digər veteran futbolçuları bizim üzərimizə qaldırmaqla məşğuldur. Dəhşətlisi də odur ki, bu şəxs və şəxslər hər yerdə AFFA-nın baş katibi Elxan Məmmədova arxalandıqlarını və onun təlimatlarını icra etdiklərini bildirirlər.

Baş katibdən söz düşmüşkən, nəzərinizə çatdırmaq istəyirik ki, o, bizim 12 nəfərlik təşəbbüs qrupunu AFFA-nın inzibati binasında qəbul edəndə bizimlə çox səmimi danışaraq, fikir və ideyamızı bəyəndiyini və bu yöndə bizə hər bir yardımı göstərməyə hazır olduğunu rəsmi bəyan etmişdi. Biz buna sevinsək də, sevincimiz uzun sürmədi və konfransdan sonra AFFA bəyanat yayaraq bizim qurumu tanımadığını bildirdi. Ən acınacaqlı isə o oldu ki, səbəb olaraq təşkilata üzv olanların federasiya və ümumiyyətlə, futbola heç bir aidiyyatı olmadığını bildirdilər. Nazim Süleymanov, Səmədağa Şıxlarov, Asəf Namazov, Novruz Əzimov, Əfqan Talıbov, Babək Alxasov, Boris Xetaqurov, Naib Abdulla, Əfqan Həmzəyev, Orucəli Durmuşov və futbola həyatlarını vermiş bir çox başqalarının belə bir münasibətə layiq olmadıqlarını və onların məhz Azərbaycan futbolunda böyük xidmətləri olduğunu deməliyik. Bizim fikrimiz, amalımız tutduğumuz yol budur: Azərbaycan futboluna xidmət etmək, AFFA-ya bu yöndə dəstək olmaq, problemləri birlikdə həll etmək, bu sahədə çalışan hər bir şəxsin haqq və hüquqlarını qorumaq.

Və bu amalla bizə qoşulan çoxsaylı üzvlərimizlə yola çıxdıq. Sıralarımız durmadan artır. Artıq bölgələrdə nümayəndəliklərimiz də formalaşır. Hər kəs bu təşkilata bir ümid və bir arzu ilə gəlir: Azərbaycan futbolu naminə birləşib öz dəstəklərini vermək. Və sizi də əmin etmək istəyirik ki, bu yolla da sona qədər addımlayacağıq.

Hörmətli Rövnəq müəllim! Biz ümidvarıq ki, tutduğumuz bu yolda siz bizə dəstək olacaqsınız. Bizi AFFA-nın həqiqi bir üzvü kimi tanıyacaqsınız və bizdən öz dəstəyinizi əsirgəməyəcəksiniz. Xahişimiz odur ki, federasiyanın rəsmi inzibati binasında bizə yer ayrılsın. Bizim tam gücümüzlə işləməyimizə şərait yaradılsın. Bu, ancaq ümumi işin xeyrinə və bütün futbol ictimayyətinin tam ürəyindən olar. Biz sizə inanır və güvənirik. İnanırıq ki, siz bizi dəstəkləyəcək və futbol ictimayyətinin bilik və təcrübəsindən futbolumuzun inkişafı naminə yararlanacaqsınız. Həmkarlar Təşkilatı olaraq bu yöndə sizə hər cür dəstək göstərməyə hazırıq. Bizim məqsədimiz başqaları kimi intriqa aparmaq, şəxsi maraqları güdmək yox, Azərbaycanda futbolun inkişafı naminə çalışmaq, bilik və təcrübəmizi sərf etməkdir. İnanırıq ki, Azərbaycanın adlı-sanlı futbol ictimayyətinin müraciətinə biganə qalmayacaq, futbolumuzun çətin durumunda onların dəstəyindən yararlanacaqsınız. Yararlanacaqsınız ki, futbolumuz inkişaf etsin! Bunu həm siz, həm də biz istəyirik!”

 


Etiketlər:  Futbol veteranlarından Elxan Məmmədovla bağlı Rövnəq Abdullayevə şikayət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ