Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2024 22:48
Bu gün çoxları həkim məsləhəti və resept olmadan apteklərdən müxtəlif dərmanlar alıb istifadə edirlər. Həkim rəyi olmayan dərmanların qəbulu də çox zaman ciddi fəsadlara səbəb olur. Vətəndaşların reseptsiz aldıqları dərmanlar sırasında qan durulducu preparatlar da var. İndi ürək-damar xəstəliyindən əziyyət çəkən insanların çoxu belə dərman qəbul edir.
Məsələnin ciddiliyini nəzərə alıb Səhiyyə Nazirliyinin mütəxəssisi qan duruldan dərmanların qəbulu ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Nazirliyin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova deyib ki, əhali arasında 40 yaşdan sonra infarktın qarşısını almaq üçün qan durulducu dərman vasitələrinin qəbul edilməsi ilə bağlı yanlış fikir var:
"Qan duruldan dərmanların müəyyən xəstəliklərin müalicəsi zamanı istifadəsi tövsiyə edilə bilər. Lakin bu, yalnız həkim tövsiyəsi ilə olur. İstər qan duruldan, istər vitamin, istərsə də digər dərman vasitələrinin həkim məsləhəti olmadan qəbulu yolverilməzdir".
"Apteklərdə qan durulducu dərmanlar normal dozada verilmir"
Məsələ ilə bağlı həkim Abbas Bağırov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu çox ciddi bir məsələdir:
"Qan duruldan dərmanla bağlı cəmiyyətimiz ciddi problem yaşayır. Bu sahədə bir özfəaliyyət var. Apteklərdə qan durulducu dərmanlar normal dozada verilmir. Çəki və yaş düzgün hesablanmır. Xəstənin hansı kateqoriyaya aid olmasına baxılmır. Hamıya 100 milliqramda verilir. Ən pisi də odur ki, bundan hər gün istifadə edilir.
Lakin əksər hallarda orqanizmin real vəziyyəti və patologiyanın gedişatı bunu tələb eləmir. Ümumiyyətlə, qan durulducu dərman məsələsi çox ciddi problemdir. Bəzi insanlar infarktın qarşısını almaq üçün təkcə qan durulduculardan istifadə edirlər. Amma belə hallarda damar tonusunu tənzimləyici preparatlardan da istifadə etmək lazımdır.
Bizim həkimlər nədənsə daha çox qanı durultmağa çalışır. Bunun da ciddi fəsadları olur. Qanın duruldulması ilə yanaşı damar yollarının təmizlənməsi də vacibdir. Bu iki proses birlikdə aparılanda effektiv olur. Lakin çox zaman qanın duruldulmasına fikir verilir, amma damar yada düşmür. Qan durulur, laxtalanma olur və tromp əmələ gəlir. Nəticədə, xəstə infakt olur və hətta həyatını itirir".