Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-ın Bakıdakı səfiri nə etdiyinin fərqindədir?

ABŞ-ın Bakıdakı səfiri nə etdiyinin fərqindədir?

Tarix: 6 May 2024 11:03

ABŞ-ın ölkəmizdəki səfiri Mark Libbi bir qrup jurnalisti diplomatik nümayəndəliyin binasına dəvət edib.

Rəsmi səbəb "Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağl müsahibə" olub.

Real səbəb isə Azərbaycanda "müstəqil və müxalifyönlü kütləvi informasiya vasitələri" adı altında fəaliyyət göstərərək ölkəyə qanunsuz yollarla külli miqdarda valyuta keçirən, çalışdıqları və ya rəhbərlik etdikləri saytların "partizan vərəqəsi" tipajında işini təmin edərək gəlirlərinin mənbələrini göstərməyən, maliyyə resurslarını və işlərinin məqsədini açıqlamayan "jurnalist"lərin şikayətlərini dinləməkdi.

Eyni zamanda, bu şəxslərə Birləşmiş Ştatların dolayısı yolla, üstüörtülü dəstəyi də vəd olunub.

"Azərbaycanda, xüsusən noyabr ayından bəri, mənim gəlişimdən bir qədər əvvəl, müstəqil mediaya və vətəndaş cəmiyyətinə qarşı təzyiqlərlə bağlı gördüyümüz hadisələr həqiqətən, də narahatedicidir", - səfir deyib.

Mark Libbi elə bu cümlədə diplomatik nümayəndəliklərin fəaliyyətini nizamlayan Vyana konvensiyasının 41-ci maddəsini pozaraq Azərbaycanın daxili işlərinə müdaxiləyə cəhd edir.

Səfirin sözlərinə görə, bu, "Azərbaycanı illərlə geriyə atır və o cümlədən Azərbaycanda keçiriləcək COP 29 fonunda dünyanın diqqəti Azərbaycandadır".

O deyib ki, ABŞ Azərbaycan hökuməti ilə söhbətlərində bu məsələni qaldırır: "Bu, ictimai şəkildə qaldırdığımız bir məsələdir. Bu, özəl görüşlərimizdə də qaldırdığımız bir məsələdir və biz bunu etməyə davam edəcəyik," - səfir Libbi deyib.

Azərbaycan hakimiyyətinin həbs edilmiş jurnalistlər və ictimai fəallara qarşı irəli sürülən qaçaqmalçılıq ittihamlarının ABŞ, Aİ və başqa beynəlxalq təşkilatlardan qaynaqlandığı iddia edilən maliyyəni də əhate etdiyini nəzərə alaraq, ABŞ-ın bu cinayət işlərində özünü hədəf kimi hiss edib-etmədiyinə dair suala cavab olaraq səfir deyib ki, sən demə, "ABŞ-ın gördüyü işlərdə qeyri-şəffaf və ya üstüörtülü heç nə yoxdur və Azərbaycan hökuməti də bunu bilir".

"Dövlət mediasında təhqir olunursunuzsa, tam şəffaf şəkildə gördüyünüz iş yeganə cinayəti açıq məlumat çatdırmaq və azad ifadə olan insanlara qarşı saxta və qondarma cinayət ittihamları yaradırsa, o zaman tərəfdaşınızla məhsuldar münasibət qurmaq çox çətindir olur,"- səfir bildirib.

Cənab səfirin diqqətinə çatdırmaq istərdim ki, açıqlamalırda, çox yumşaq desək, həqiqətdən uzaqdır. Həddən ziyadə uzaq.

Onun bəhs etdiyi şəxslərin necə, hansı yollarla, kimlər tərəfindən, niyə maliyyəşdirildiyi iddialarla, ittihamlarla yox, faktlarla, dəlillərlə sübut olunub.

Mark Libbi həmin şəxslərlə təşkilatların maliyyələşdirilməsində Azərbaycan qanunlarının pozulduğunu, pulların Gürcüstandakı bank hesablarına köçürüldüyü, sonradan Azərbaycana müxtəlif hesablara köçürüldüyünü də bilməmiş deyil.

Amma heç nə olmamış kimi davranır.

Aydındır, cənab səfiri anlayırıq, belə deməlidir. "ABŞ-ın bir sıra dövlət və dövlətin tam nəzarətindəki özəl təşkilatları, fondları, cəmiyyətləri və s. Azərbaycandakı radikal müxalifəti, qanunu pozmaqla fəaliyyət göstərən "media"nı maliyyələşdirərək dəstəkləyir" deyəsi deyil ki.

M.Libbinin dediyinə görə, Amerika tərəfi hər şeyi qanun çərçivəsində edib: "Azərbaycan hökumətinin öncədən bilmədiyi heç bir şey yoxdur və onların bununla bir problemləri yox idi. İndi isə birdən qərara gəlirlər ki, bu, çirkli pulların yuyulmasıdır," səfir deyib.

Daha sonra o, Azərbaycanın hakimiyyət dairələrini qərəzdə və saxtakarlıqda suçlayıb: "Əgər Azərbaycan hökuməti çirkli pulların yuyulması ilə bağlı saxta ittihamlar irəli sürmək və bundan ictimai xadimləri, jurnalistləri, vətəndaş cəmiyyətini mühakimə etmək və ya qorxutmaq üçün istifadə etmək qərarına gəlirsə, məncə bu, Azərbaycan hökumətinin siyasətinin dəyişməsi deməkdir".

ABŞ-ın ölkəmizdəkim səfiri rəsmi Bakıya meydan da oxuyub: "Nə qədər ki, həvəsli tərəfdaşlarımız var, biz onlarla iqtisadi inkişafı, qadınların səlahiyyətlərinin artırılmasını, azad medianı dəstəkləyəcəyik, bunlar bizim üçün əsas prioritetlərdir. Nə qədər ki, tərəfdaşlarımız var, biz bunu etmək üçün yollar tapmağa çalışacağıq".

Mark Libbi Şuşaya niyə getməməsi ilə bağlı sualı da cavablandırıb.

Məlum olduğu kimi, ABŞ və Fransa səfirlərinin Azərbaycan hökumətinin Şuşada və işğaldan azad olunmuş başqa yerlərdə təşkil etdiyi tədbirlərə qoşulmaması Azərbaycan ictimaiyyəti tərəfindən tənqid olunmuşdu.

Mark Libbi bu suala cavab verərkən deyib ki, bir səfir kimi onun Azərbaycan ərazisində səfərlərini səfirlik planlaşdırır (Azadlıq Radiosu). O bildirib ki, indiyədək, Azərbaycanın bir neçə regionunda olub:"Aydındır ki, qaytarılmış ərazilər bir azca fərqlidir. Bir az daha çox koordinasiya tələb edir... Amma mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm... Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm".

ABŞ-ın Azərbaycandakı səfiri 2-ci Qarabağ Müharibəsi başa çatandan bəri bir dəfə olsun belə (!) Şuşaya səfər etməyib.

Absurd, paradoksal vəziyyətdir.

Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütünlüyünü, sərhəd toxunulmazlığını və suverenitetini tanıyırsa, nə üçün Bakıdakı səfir Şuşaya ayaq basmaqdan qətiyyətlə boyun qaçırır?

Problem nədir? ABŞ səfirliyinin rəhbərlərinin çoxsaylı açıqlamaları, yumşaq desək, inandırıcı təsir bağışlamır.

Erməni işğalından azad edilmiş torpaqları "qaytarılmış ərazilər" adlandıran M.Libbi "qaytarılmış ərazilər bir azca fərqlidir" deyərkən nəyi nəzərdə tutur, fərqi nədə görür? Və ümumiyyətlə, "bir qədər fərqli ərazilər" nə deməkdir?

Azərbaycan ərazilərinin hər qarışı bizə əzizdir və eynidir.

Bəs "şou"dan bəhs edərkən Mark Libbi nəyi nəzərdə tutur? Olmaya Azərbaycanda fəaliyyət göstərən diplomatların, xaricdən gələn qonaqların Şuşaya səfərləri Libbi üçün şoudur?

Mark Libbi Şuşaya getmək istəmir - istəməsin. Onu və Fransanın səfirini kimsə artıq Şuşaya dəvət etmək niyyətində deyil.

Fəqət, Libbinin bu açıqlamaları torpaqlarımızın 20 faizinin erməni işğalında olduğu 30 il ərzində ATƏT-in Minsk Qrupunda üç həmsədr ölkə arasında yer almış ABŞ-ın fəaliyyətinin əsl mahiyyətini ortaya qoyur.

Mark Libbinin daha sonra jurnalist Xədicə İsmayılovanı qəbul edərək ona dəstək vəd etməsi kimi.

ABŞ-ın Bakıdakı səfirinin nəzərinə çatdırmaq istərdik ki, onun son açıqlamaları Azərbaycanın daxili işlərinə kobud müdaxilə kimi dəyərləndirilə bilər və hadisələr Libbinin Bakıdan uzaqlaşdırılması ilə sonuclanar.

Elçin Alıoğlu


Etiketlər:  ABŞ Bakıdakı səfiri etdiyinin fərqindədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ