Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2024 13:50
Vladimir Putinin Andrey Belousovun namizədliyini müdafiə naziri postuna təqdim etməsi çox maraqlı və diqqətçəkən addımdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov qeyd edib.
Siyasi şərhçi Belousovun dövlət dairələrində oynadığı rola diqqəti çəkib:
"Andrey Belousov Vladimir Putinin şəxsi iqtisadçısıdır. İqtisadi blokda bütün müvafiq strukturların fikirləri, həmçinin Belousovun rəyi də var. Məhz o, administrasiyada, sonra isə hökumətdə strateji qərarların qəbul edilməsinə, ümumi razılığın əldə olunmasına və bunların Putinin fikri ilə əlaqələndirilməsinə cavabdeh idi".
Fərhad Məmmədov Belousovun müdafiə naziri təyin olunması təşəbbüsünün əsas məqsədlərini sadalayıb:
"Müharibə edən ölkədə hərbi rütbəsi olmayan şəxsin müdafiə naziri təyin edilməsi hansı mənaya gəlir? Fikrimcə, burada üç əsas məqsəd var: birincisi, müdafiə sahəsinə ayrılan böyük maliyyə vəsaitlərinə tam nəzarət; ikincisi, müharibədə bütün məsuliyyətin Baş Qərargaha verilməsidir. Üçüncüsü isə odur ki, Putin bütün iqtisadiyyatı tamamilə və geriyə dönüşü olmayacaq şəkildə hərbi vəziyyətə keçirmək qərarı verib. Bu generalların xoşuna gələcək. Amma təyinatla bağlı əksinə, bunu demək mümkün deyil".
Qeyd edək ki, ötən gün Rusiya lideri Vladimir Putin müdafiə naziri səlahiyyətlərini icra edən Sergey Şoyqunu Təhlükəsizlik Şurasının katibi təyin edib, müdafiə naziri vəzifəsinə isə əvvəlki kabinetdə Baş nazirin birinci müavini olan iqtisad elmləri doktoru Andrey Belousovun namizədliyini irəli sürüb.