Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2019 15:30
Bakı. İlhamə İsabalayeva - Trend:
Aqrobağların salınması ilə bağlı görülən işlərə kölgə salmaq məqsədi ilə sosial şəbəkələrdə düzgün olmayan informasiyalar yayılır.
Trend-in məlumatına görə, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə belə məlumatlar yazanların bir qismi vaxtilə meşə müəssisələrində işləmiş, amma sonradan işdən çıxarılan şəxslərdir: "Bu məlumatlar onların təxəyyülünün məhsuludur. Ömründə bir ağac belə əkməyən bu şəxslər özlərini təbiət cəfakeşi kimi təqdim etmək istəyirlər, amma hər kəs onları yaxşı tanıyır. Nazirlik olaraq, şikayəti olan hər kəsi dinləməyə hazırıq".
Aqrobağların salınması ilə bağlı işlərdən danışan F.Əliyev əlavə edib ki, 2017-ci idə Meşə Məcəlləsinə dəyişiklik edilənə qədər meşələr 10 il müddətinə sahibkarlara icarəyə verilirdi. 2017-ci ildə edilən dəyişikliklər isə meşələrin daha uzun müddətə icarəyə verilməsini nəzərdə tutur: "Elə ağaclar var ki, onlar 5-6 ildən sonra məhsul verməyə başlayır. Belə olan halda sahibkar üçün meşəni icarəyə götürmək maraqlı deyildi. Çünki sahibkar ona milyonlarla manat vəsait sərf edirdi. Ona görə də icarə müddəti uzadıldı. Artıq meşə ilə örtülü olmayan ərazilər də sahibkarlara icarəyə verilir. Orada yerli şəraitə uyğun ağacların əkilməsi ilə aqro bağ salınır. Bu, Azərbaycanda həm məhsul bolluğunun yaranmasına, həm də əlavə iş yerlərinin yaranmasına səbəb olur. Bunun nəyi pisdir ki!"
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin