Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bacısı da Şəhriyarın fikirlərinə reaksiya verdi: ''Qadın bir iş görəndə...'' - FOTO

Bacısı da Şəhriyarın fikirlərinə reaksiya verdi: ''Qadın bir iş görəndə...'' - FOTO

Tarix: 22 May 2024 12:54

Azərbaycan qadın şahmat millisinin üzvü Zeynəb Məmmədyarova qardaşı, kişi şahmat yığmamızın üzvü Şəhriyar Məmmədyarovun "qadınlar hər sahədə kişilərdən geridədir" fikrinə münasibət bildirib.

Sonxeber.net bildirir ki, "Qafqazinfo"ya açıqlama verən Zeynəb Məmmədyarova qardaşı ilə razılaşdığını bildirib. O qeyd edib ki, istənilən sahədə güclü kişilər güclü qadınlardan daha çoxdur:

"Mən Şəhriyarın fikirləri ilə razıyam. Hər insanın düşüncəsi, fikri, məqsədi fərqlidir və ümumi deyilən sözü hər kəs başqa cür yozur. Sadəcə Şəhriyar o fikirləri elə deyə bilərdi ki, xanımlarımız inciməsinlər. Düşünürəm ki, kişilərin uğurlarının arxasında xarakteri güclü olan qadınlar dayanır. Əgər kişinin fikrini tamamlayan qadınlar olmasa, onlar da ideal nəticələr göstərə bilməzlər. Şəhriyarla niyə eyni düşüncədə olduğuma aydınlıq gətirim. Belə ki, uğurlarımızda atamın rolu böyük olub, onun düşüncələri önəmli yerə sahibdir. Onun qurduğu planlar, cızdığı yol bizə təsir edib. Amma atam bunları qətiyyən təkbaşına həyata keçirə bilməzdi. Onun fikirlərini diqqətlə, hörmətlə, qayğıyla dəstəkləyən anam olub. Əgər anamın fikri başqa cür olsaydı, atamın dedikləri ilə razılaşmasaydı, desəydi ki, gəl uşaqları başqa sahəyə yönləndirək, narazılıq olsaydı, hər gün valideynlərimiz arasında fikir ayrılığı olsaydı, ikisi də bizi şahmatda dəstəkləməsəydi, belə nəticələr olmazdı.

Biz həyatda mübarizə aparmışıq, şahmatda yaxşı olmaq üçün saatlarla məşq etmişik. Bizim başımızın üstündə rəhbər olaraq atam dayanıb, anam isə ona dəstək olub. Məsələn, anamız qoymazdı ki, atamdan icazəsiz nəsə edək. Heç vaxt belə bir şey olmayıb. Atamla anam işlərini elə qurublar ki, nəticədə biz də düzgün yolda olmuşuq. Əgər biz məşqlərdən yorulanda anamıza deyib həyətə düşsəydik, filmə baxsaydıq, uğurumuz da olmazdı. Uğur qazanmaq üçün valideynlərim sərt üzlərini göstərə bilib. Düşünürəm ki, atamın uğurları bizlərik, Şəhriyardır və bizik. Şəhriyar böyük hörmətə sahibdir, bir çox ölkələrdə tanınır.

Ölkəmiz günü-gündən inkişaf edir, dünyaya göstərdik ki, necə güclü ölkəyik. Dövlətimizin gücünü hər kəs gördü. Ölkə rəhbərliyinə baxsaq, Prezidentimiz İlham Əliyevin yanında güclü xanım dayanıb. Dəfələrlə yarışlarda olanda mənə deyiblər ki, sizin ölkənin Birinci xanımı Mehriban Əliyeva çox güclü və gözəl xanımdır. Bu gün Mehriban xanımın həyat yoldaşına, cənab Prezidentə dəstəyini bütün dünya görür. Yenə də görürük ki, güclü kişinin yanında güclü qadın var.

Şəhriyarın fikirlərinə gəlincə, o, çox gözəl sual verdi ki, "hansı sahədə qadınlar kişilərdən üstündür?" Yəni, şahmatda güclü bir qadın olub - Yudit Polqar. Başqa kimin adını çəkə bilərik? Çoxluq kişilərdir. Qadınlar var, amma üstünlük kişilərdədir.

Mən bir xanım olaraq 3 övlad böyüdürəm. Kişilərin işi isə tamam başqadır. Onlar bir istiqamətə tam köklənə bilirlər. İdeologiyalarını həyata keçirmək üçün diqqətlərini cəmləyən varlıqdırlar. Kişiləri bu zaman nə uşaqları, nə həyat yoldaşları narahat edə bilər. Amma qadın bir iş görəndə fikrini tam ona cəmləyə bilmir. Versə də, hər şeyi yenə düşünür. Uşağı düşünür, ailəni düşünür. Ana övladını unuda bilməz, məişət problemlərini unuda bilməz. Qadının fikri tam bir şeyə cəmlənə bilmir. Əvvəlcə bunu qəbul etmək lazımdır. Allah qadını başqa, kişini başqa cür yaradıb. Qadının beynində müxtəlif düşüncələr olur. Çünki onlar daha çox şey düşünür və istəyir, daha tez başa gəlməsi üçün çalışır. Kişilər isə işinə köklənir. Bu gün dünyada güclü qadınlar barmaqla sayılacaq qədərdir, kişilər isə daha çox və hətta qat-qat çoxdur. Məsələn, siz hansısa sahədə güclü qadın göstərə bilərsiniz, amma mütləq ondan daha güclü kişi var. Bu cür düşünürəm. Mənim fikrim qardaşımın sözlərini tamamlayar".

Şahmatçımız qadınlarla bağlı həyata keçirdiyi layihələrdən də söz açıb: "Mən Azərbaycan Şahmat Federasiyasında Qadın və sosial komissiyanın sədri olaraq Saatlıda 4 rayonu əhaət edən xanımlar üçün yarış keçirdim. Bütün layihələrimdə xanımlara dəstək olmağa çalışıram. Mənim məqsədim ölkəmə xidmət etməkdir, Azərbaycan üçün əlimdən gələni etməyə çalışacağam. Məqsədim Azərbaycan xanımlarına dəstək olmaqdır. Onlar gələcəkdə yüksəksəviyyəli şahmatçı olmasalar da, bunu övladlarına öyrədə bilsinlər. Həmçinin intellektual səviyyələri yuxarı olsun. Gələcəkdə ana olarkən övladlarının təhsilində bu rol oynayacaq. Bizə intellektual, müdrik qadınlar lazımdır. Onsuz da Azərbaycan xalqı müdrik xalqdır. Uşaqlar son zamanlarda çox lazımsız işlərlə məşğul olurlar. Telefon, planşet və sosial şəbəkələr qızlarımızın həyatına yaxşı təsir göstərmir. İstəyirəm ki, daha yaxşı olsun, şahmatla maraqlansınlar, beyinləri inkişaf etsin. Şahmat beyin gimnastikasıdır və bu, gələcəyə təsir edir. Bir cəmiyyətin güclü olması üçün onların qadınları güclü olmalıdır. Vətənpərvər, təhsilli, savadlı xanımlarımız gələcəyimizdir".


Etiketlər:  Bacısı Şəhriyarın fikirlərinə reaksiya verdi Qadın görəndə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ